Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin əməkdaşlarına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulmuşdur

10.12.2021

Dekabrın 9-u saat 17 radələrində “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulması müəyyən edilmiş, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərikən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirmişdir.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.