Şriftin ölçüsü :
Saytın rəngi :
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin erməni faşizmi üzərində qazandığı hərbi zəfər xalqımızın müstəqillik tarixində əbədi iz qoyan mühüm hadisədir. Qəhrəman ordumuz 44 gün ərzində apardığı əks-hücum əməliyyatında düşmənə sarsıdıcı zərbə vurdu, onu təslim olmağa məcbur etdi. Dövlətimizin başçısının qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində Ermənistanın işğalına son qoyuldu, dünya erməniliyinin uydurduğu "yenilməz ordu", "döyüşkən millət" kimi çürük mifləri də darmadağın oldu. Xalqımızın tarixində bənzəri olmayan böyük Qələbənin qazanılmasında həlledici rol oynayan amillərdən biri də milli birliyimiz, həmrəyliyimizdir. 44 günlük Vətən müharibəsində xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun ətrafında yumruq kimi birləşdi, qəhrəmanlıq, fədakarlıq göstərərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdi, əbədi olaraq qalib xalq kimi yaşamaq hüququ qazandı.
Vətən müharibəsinin ən şanlı və misilsiz qürur doğuran səhifəsi mədəniyyətimizin beşiyi, əziz və əsrarəngiz Şuşanın azad edilməsi, bu qədim şəhərdə Azərbaycanın üçrəngli dövlət bayrağının ucaldılması oldu. Beləliklə, uzun illər işğal altındakı torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçirildi. Düşmənin tam məğlubiyyətin qaçılmaz olduğunu qəti dərk etdiyi həmin tarix - 8 noyabr milli təqvimimizdə Zəfər Günü kimi rəsmiləşdirildi. Bu əlamətdar günün təkcə ölkəmiz və xalqımız üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyəti vardır: Azərbaycanın erməni faşizmi üzərində qələbəsi bölgəmizdə dayanıqlı sülhün bərqərar olmasına, dinc inkişafa zəmin yaradıb.
Xalqımızın qürur mənbəyi, qalibiyyət ruhunun təcəssümü olan Zəfərimizin birinci ildönümü ölkəmizdə sevinclə, fərəhlə qeyd edildi. Bu münasibətlə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə növbəti amnistiya aktının parlamentə təqdim olunması və geniş müzakirələrdən sonra yekdilliklə qəbul edilməsi ölkəmizdə minlərlə ailəyə daha bir sevinc gətirən hadisə oldu. Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 5 noyabr 2021-ci il tarixli qərarı dövlətimizin humanizm prinsiplərinə daim sadiq olduğunu göstərdi.
Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmətin, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına dövlətin dəstəyinin ifadəsidir. İnsan hüquqlarının təminatı ilə bağlı ümumbəşəri prinsiplər konseptual əsasda ilk dəfə ulu öndərimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında - Əsas Qanununda öz əksini tapıb. İnsan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi təsbit olunduğu Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq normalara əsaslanan müddəalar təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına dair normalara əməl etmək, onları qorumaq bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilib. Onu da qeyd edək ki, 2002 və 2009-cu illərdə Azərbaycan Respublikasının Konstitusiyasına insan haqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan verib.
Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəinki ölkədaxili səviyyədə, eyni zamanda, regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb etməklə özünün fundamental xarakteri ilə seçilir. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz ölkəmizdə ləğv edilməsi gənc dövlətimizin humanist mahiyyətinin bariz təcəssümü kimi dəyərləndirilir. Hələ 1993-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü 1998-ci ildə tamamilə ləğv edilib və bu addım həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində əvvəl unudulmuş əfv və amnistiya təsisatları 1995-ci ildən bərpa olunub.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründə həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri də cinayət törətmiş, cinayətini etiraf etmiş və peşiman olmuş şəxslərə insanpərvərlik prinsipləri əsasında yanaşılması, onların əfv edilməsi, bağışlanması olub.
Bu mühüm dövlətçilik xəttinin davam etdirilməsi, demokratik inkişafın əsas təməllərindən olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar olunması möhtərəm Prezident cənab İlham Əliyevin də müəyyənləşdirdiyi ən mühüm istiqamətlərdəndir.
1995-2021-ci illər ərzində məhkumların əfv edilməsi ilə bağlı 67 fərman və sərəncam imzalanıb, nəticədə 9 minə yaxın insan azadlığa çıxıb. Bu dövrdə yaranmış amnistiya elan edilməsi ənənəsi də çoxlu sayda məhkumun cəzasının yüngülləşdirilməsi və ya ləğv edilməsi ilə nəticələnib. İndiyədək Milli Məclis amnistiya haqqında 12 qərarı qəbul edib ki, həmin qərarlardan bir neçəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deputat fəaliyyəti dövründə parlamentə təqdim edib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi mümkünlüyü də nəzərdə tutulur.
8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsinin zəruriliyi bu barədə qəbul olunmuş qərarda tam və məntiqli şəkildə əsaslandırılıb. Belə ki, möhtəşəm Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etməsinin böyük qürur hissi doğurması, xalqımız üçün müstəsna mənəvi dəyəri olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynaması və Ermənistan Respublikasının təslim olması ilə nəticələnməsi, 8 noyabr tarixinin, həmçinin uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün olması, Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram göstərmək kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəgüvən hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəlməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyət daşıması, humanizm ənənələrinin davamı olaraq, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla cəzadan azad ediləcək şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid bəslənilməsi əsas götürülərək sözügedən amnistiya haqqında qərar qəbul edilib. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.
Prokurorluq orqanları da "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın icrası ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən, mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilmiş həmin vəzifələr qərarın icrası zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsini, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsini, icra vəziyyətinin hər ay təhlil olunmasını əhatə edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq, amnistiya cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr tərəfindən tətbiq edilir və bu orqanların amnistiyanın tətbiqi barədə qərarlar müvafiq prokurorların razılığı ilə qəbul olunmalıdır. Prokurorluq orqanları öz icraatlarında olan cinayət işləri ilə bağlı amnistiyanın tələblərini də yerinə yetirir, bundan başqa, amnistiyanın icrasının vaxtında aparılmasına, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də öz səlahiyyətləri daxilində köməklik göstərir, həmçinin dövlətimizin humanist siyasəti, amnistiya aktının mahiyyəti, cəmiyyətə inteqrasiyanın xüsusiyyətləri, mənəvi-əxlaqi dəyərlərin əhəmiyyəti, sağlam həyat tərzinin zəruriliyi barədə cəzadan azad edilmiş şəxslərlə fərdi söhbətlərin aparılmasını təmin edirlər.
Xalqımız torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən böyük Zəfərin qürurunu daim yaşayacaq, qüdrətli dövlətimiz həmin torpaqlara həyatın yenidən qayıtmasına nail olacaqdır. Uzun illər bizə əziyyət verən yurd itkisindən, məğlubiyyət acısından xilas olub, bizi daim qələbələrə ruhlandıran vətənpərvərlik duyğusu ilə Qarabağı, Şərqi Zəngəzuru dirçəltməyə başlamışıq. Ümidvarıq ki, hər bir vətəndaşımızın ürəklə, canıyananlıqla iştirakının vacib olduğu bu prosesdə, ölkəmizin daha da güclənməsində amnistiya aktından - qələbəmizin memarının humanist addımından bəhrələnən və yenidən azadlığa qovuşan insanlar da fəal iştirak etməyə çalışacaqlar.
Fəxrəddin PƏNAHOV,
Sabirabad rayon prokuroru,
Baş ədliyyə müşaviri.
Respublika qəzeti