Şriftin ölçüsü :
Saytın rəngi :
2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik, “Qarabağın tacı” olan Şuşa şəhəri qəhrəman hərbçilərimizin qeyri-adi peşəkarlığı sayəsində azad edildi. Bu gün dünyanın əksər ölkələri hərbçilərimizin misli görünməmiş fədakarlığını, hərbi taktikasını öyrənirlər. Mərd oğul və qızlarımızın hədsiz Vətən sevgisi və qəhrəmanlığı sayəsində Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin gedişində həlledici rol oynadı.
Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya aktının qəbul olunması dövlətimizin humanizm siyasətinə sadiqliyinin bariz nümunəsidir. Milli Məclis möhtərəm Prezidentimizin bu təşəbbüsünü dəstəkləyərək, humanizm ənənələrini davam etdirmiş, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə qərar qəbul edib.
Amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir. Birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin siyahısı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq, aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar öz əksini tapıb.
Onu da qeyd edək ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təmin olunmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Şərqdə ilk müsəlman ölkəsidir ki, ölüm hökmünün ləğv edilməsi barədə qərar qəbul edib. Ulu öndərin təşəbbüsü ilə 1995- ci ildə əfvetmə institutunun əsası qoyulub. Heydər Əliyevin siyasətində humanizm prinsiplərinə sadiqlik prioritet təşkil edib. Bu siyasətin nəticəsi olaraq ulu öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad ediliblər. Həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Ümummilli liderin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasəti varisliyini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edib. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək on minlərlə ailəyə sevinc bəxş edib. Möhtərəm Prezidentimizin son 18 ildə insan hüquq və azadlıqlarının müdafiəsinə verdiyi xüsusi önəm beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ölkə başçısının əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyinin göstəricisidir. Son illər Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə çağdaş dünyanın yeni çağırışlarına uyğun geniş islahatlara start verilib. Xüsusən də dövlət quruculuğu sahəsində daha mütəşəkkil idarəetmə formasının yaradılmasını hədəfləyən sistemli dəyişikliklər və struktur islahatları cəmiyyət və dövlət həyatında mühüm yeniliklər vəd edir.
Ölkəmizdə aparılan genişmiqyaslı islahatların nəticəsi olaraq, hazırda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nəzərdə tutulan təkmilləşmə prosesi son dövrlər bütövlükdə, ölkə üzrə həyata keçirilən geniş islahatlar kursunun tərkib hissəsidir. Bu sahədə daha yüksək nəticələrə nail olmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman mühüm siyasi əhəmiyyət kəsb edir. Bu sənəd respublikamızda normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursun keyfiyyətcə yeni mərhələsinin başlanğıc nöqtəsi də hesab olunur.
Son 18 ildə Prezident İlham Əliyev 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyə istiqamətlənmiş bu humanist addımlar ümumilikdə, indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illərdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycanda 11 aministiya aktı, 67 əfv sərəncamı imzalanıb.
Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü alqışla qarşılanmışdır. Hazırkı amnistiya aktı genişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 məhkuma, Probasiya Xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiya aktının icrası onun şamil edildiyi 17 min nəfərdən 15 minə yaxını üzrə ədliyyə orqanları tərəfindən təmin olunacaq. Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı da tədbirlər görülüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır.
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının birinci bəndi “Amnistiya tətbiq edilən şəxslərin dairəsi” adlandırılır. Bu bəndə nəzər yetirdikdə amnistiya tətbuiq olunacaq məhbusların əhatə dirəsinin nə qədər geniş olduğunu görərik. Bununla bağlı bəzi faktları diqqətə çatdırmaq istərdim. Qərarda qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilsinlər. Kimdir onlar, deyərdim ki, o xoşbəxt şəxslər?
İlk növbədə, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları. Həmçinin Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər. Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948–1953-cü və 1988–1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər.
Qərarda amnistiyanın doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımıza da tətbiqi öz əksini tapıb. Belə ki, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslərə amnistiya tətbiq olunacaq. Bunlarla yanaşı, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər, o cümlədən keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa) bu humanist siyasətdən yararlanacaqlar.
Amnistiya aktı qadınlara, cinayət törədərkən 18 yaşına çatmamış şəxslərə, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə, həmçinin birinci və ya ikinci dərəcə əlilliyi olan, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə şamil olunacaq.
Amnistiyanın tətbiqi yalnız bununla bitmir. Qeyd etdiyimiz kimi, Zəfər Gününə həsr olunmuş amnistiya öz əhatə dairəsinin genişliyinə görə əvvəlkilərdən xeyli fərqlənir. Ümumiyyətlə, indiyədək həyata keçirilən 11 amnistiya aktı 117 min 770 şəxsə şamil edilib.
Azərbaycanın sürətli inkişafı, Ermənistanın 30 illik işğalçı siyasətinə 44 gün ərzində rəşadətli ordumuzun gücü ilə son qoyulması və Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının, eləcə də, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hazırda Azərbaycanda vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar. Bu da ölkə başçısının humanist siyasətinə xüsusi önəm verməsinin göstəricisidir.
Rasim MUSAYEV,
Zaqatala rayon prokuroru,
ədliyyə müşaviri
Xalq qəzeti