Şriftin ölçüsü :
Saytın rəngi :
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul olunmasına baxmayaraq, 1993-cü ilin ikinci yarısınadək olan dövrdə ölkəmizin müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün nəzərə çarpacaq addımlar atılmamışdır. Həmin dövrdə ölkəni ağuşuna almış daxili didişmələr, xaos, özbaşınalıq, hakimiyyətsizlik dövlətin iqtisadi və siyasi əsaslarını laxlatmış, dövlət orqanlarının fəaliyyəti iflic olmuş və hüquq sisteminə böyük zərbə vurmuşdur. Lakin ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdəki özbaşınalığa, siyasi hakimiyyətsizliyə həmişəlik son qoymaqla, müstəqilliyimizin yenidən süquta uğradılmasının qarşısını almaqla bərabər, Azərbaycanda mərkəzi hakimiyyət qurulmuş, ayrı-ayrı ictimai münasibətləri nizama salan qanunlar və digər normativ aktlar qəbul edilmiş, sosial-iqtisadi, ictimai-siyasi, məhkəmə-hüquq islahatları həyata keçirilməyə başlanmışdır.
Ulu öndərin siyasi kursunun prioritet sahələrindən biri də insan hüquq və azadlıqlarının müdafiəsi idi. Heydər Əliyev “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”– fikirini söyləyərkən yanılmamışdır. Ulu öndərin siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir. Qondarma Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
2020-ci il sentyabrın 27-dən erməni təxribatlarının qarşısını almaq məqsədilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı–qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illər ərzində formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa, İrəvanı isə kapitulyasiyaya vadar etdi, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü bərpa olundu və Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını ölkəmizin hərb tarixinə yazdıraraq, bir daha sübut etdi ki, o, dahi siyasətçinin və böyük dövlət xadiminin layiqli varisidir.
Respublikamızda insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuş və onun dövlətçilik fəaliyyətində humanizm siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Cinayət törətmiş şəxslərin reabilitasiyası humanizm siyasətinin əsas məqsədlərindən biridir. Bu məqsədə çatmaq üçün dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir. Humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin həyata keçirilməsi, məhkum olunmuş şəxslərin əfv olunması və ya barələrində amnistiya tətbiq olunması, onlara öz həyatlarını yenidən qurmaları üçün şans verilməsi ənənəyə çevrilmişdir. Bu ənənənin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun prezidentliyi dövründə humanizm siyasəti çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər içərisində başlıca yeri onun səyi nəticəsində 1993-cü ildən ölüm hökmünün icrası üzərində moratorium qoyulması, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunması tutur. Ulu öndərin prezidentliyi dövründə 32 əfv sərəncamının imzalanması, 7 dəfə amnistiya aktının qəbul edilməsi də xüsusilə qeyd edilməlidir. Humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və bu günə qədər onun tərəfindən 35 əfv sərəncamı imzalamışdır. Nəticədə minlərlə məhkum əfv edilmişdir.
Humanizm prinsiplərinə sadiqlik Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzində saxladığı məsələlərdən olmuş və ölkəmizdə aparılan humanizm siyasətinə xeyli töhfə vermişdir. Onun təşəbbüsü ilə 2007–2016-cı illər ərzində respublikada 4 dəfə amnistiya aktı qəbul edilmiş, çox sayda məhkum cəzadan azad edilmişdir.
Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi humanizm siyasətində amnistiya aktlarının qəbul edilməsi xüsusi yer tutur. Amnistiya yunan sözü olub, “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiyanın mahiyyəti Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin 81-ci maddəsində öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Bu məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara tətbiq olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Yaxud, belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü elan edilmişdir.
8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətini nəzərə alıb humanizm ənənələrini davam etdirərək Vətən müharibəsində düşmən üzərində qazanılmış şanlı qələbənin birinci ildönümü ilə əlaqədar bu qələbənin memarı olan Prezident İlham Əliyev amnistiya elan olunması təşəbbüsü ilə çıxış etmiş və Milli Məclisi tərəfindən bu təşəbbüs qəbul edilərək 5 noyabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edilmişdir.
8 Noyabr – Zəfər Günü münasibəti ilə elan edilmiş amnistiya əvvəlki illərdə verilmiş amnistiyalardan bir çox cəhətləri ilə fərqlənir. Belə ki, əvvəlki illərdə verilmiş amnistiyalar məhkəmələr, cəzaçəkmə müəssisələri və icra məmurları tərəfindən yalnız məhkum olunmuş şəxslər barəsində tətbiq olunmuşdur. Hazırkı amnistiya isə qərarın 23.4-cü maddəsinə əsasən bu qərarın 8-ci hissəsində nəzərdə tutulmuş şəxslər barəsində təhqiqat və ya ibtidai istintaq orqanları tərəfindən tətbiq edilir. Qərarın 8-ci hissəsinə əsasən, bu qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir.
Bundan başqa, qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bu müddəa da əvvəlki amnistiyalarda nəzərdə tutulmamışdı. Bütün bunların nəticəsidir ki, qeyd olunan amnistiya aktının 16000-dən artıq şəxsə tətbiq olunması nəzərdə tutulmuşdur.
Qərar preambula, 4 hissə və 45 bənddən ibarətdir. Qərarın preambulasında amnistiyanın elan edilməsini şərtləndirən amillər öz əksini tapmışdır. Qərarın I hissəsi “Amnistiya tətbiq ediləcək şəxslərin dairəsi” adlanır. Belə ki, qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, eləcə də, digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər, bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948–1953-cü və 1988–1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də, həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər, keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa), qadınlar, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər, bu qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər (bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla) müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilirlər.
Qərarın II hissəsi “Amnistiyanın tətbiqinə məhdudiyyətlər, III hissə “Amnistiyanın hüquqi qüvvəsi”, IV hissə “Amnistiya tətbiqi qaydaları” adlanır. Həmin hissələrdə barəsində amnistiya tətbiq edilməyən şəxslərin dairəsi konkret olaraq sadalanmışdır. Həmçinin amnistiyanın hüquqi qüvvəsi və digər amillər öz əksini tapıb.
Amnistiya qərarının 24-cü maddəsinə əsasən, bu qərarın 23.1–23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar (cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin komandanlığı, icra məmurları, təhqiqat və ibtidai istintaq orqanları) amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər. Hesab edirəm ki, amnistiya qərarında bu müddəanın yer alması Baş Prokurorluğun Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Prokurorluq haqqında” Qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquq və vəzifələrindən, eləcə də hazırkı vaxtda cəmiyyətdə bərqərar olmuş nüfuzundan irəli gəlmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarının dürüst icrasını təmin etmək, icra zamanı ortaya çıxan məsələləri operativ həll etmək, prokurorluq orqanlarının fəaliyyətinin amnistiyanı tətbiq edən digər dövlət orqanları ilə əlaqələndirilməsi məqsədi ilə 5 noyabr 2021-ci il tarixdə müvafiq əmr imzalanmışdır. Hazırkı amnistiya aktının müxtəlif cəzalara məhkum edilmiş və cəza çəkən şəxslərlə yanaşı, istintaq və məhkəmə baxışı prosesində olan şübhəli və təqsirləndirilən şəxslərə, həmçinin cinayət işi başlanmamış və barəsində cinayət təqibi aparılan şəxslərə şamil edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilənləri nəzərə alınmaqla, amnistiya aktının şamil edildiyi işlərin böyük əksəriyyətini təşkil edən, məhkumların cəzadan azad edilməsi ilə əlaqədar işlərin koordinasiyası və qərarların qanuniliyinin yoxlanılması, həmçinin prokurorluq da daxil olmaqla, amnistiyanın tətbiqi həvalə edilmiş qurumlar tərəfindən statistik məlumatların toplanması və təhlili, yekun məruzələrin hazırlanması Baş Prokurorluğun yeni təsis edilmiş Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə həvalə edilmişdir. İdarə tərəfindən aktın tətbiqi ilə əlaqədar məlumatlar mütəmadi olaraq qurumlardan tələb edilməklə ümumiləşdirilir, statistik məlumatlar təhlil edilir və müvafiq hallarda qəbul edilmiş qərarların qanunauyğunluğu yoxlanır.
Məlum amnistiya aktı mənim çalışdığım Beyləqan rayon prokurorluğunda da aidiyyəti şəxslərin iştirakı ilə diqqətlə öyrənilmiş, amnistiya aktı qüvvəyə minənədək cinayət törətmiş, barəsində cinayət təqibi aparılan və əməli amnistiyanın təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilərək amnistiyanın tətbiq olunmasına başlanılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü olan bu amnistiya aktının qəbul edilməsi ilə 8 noyabr – Zəfər Günü xalqımızın yaddaşına bir daha qızıl hərflərlə həkk olundu. İnanırıq ki, bu amnistiya aktının ayrı-ayrı bəndlərinin təsiri altına düşərək cinayət məsuliyyətindən, cəzadan azad olunmuş, barələrində məhkəmə hökmləri ilə təyin olunmuş cəzaları azaldılmış, üzərlərindən məhkumluqları götürülmüş şəxslər düzgün nəticə çıxardaraq, dövlətin və cəmiyyətin maraqlarına xidmət edəcək, hər cür pis vərdişlərdən əl çəkəcək, ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq, cinayət törətməyəcək və azadlığını əfv sərəncamlarında və amnistiya aktlarında axtarmayacaqlar. Unutmamalıyıq ki, rus yazıçısı Fyodr Dostoyevskinin “Cinayət və cəza” əsərində deyildiyi kimi: “Hər kəsin azadlığı onun ağlından keçir.”
Ramazan HADIYEV,
Beyləqan rayon prokuroru,
baş ədliyyə müşaviri,
Xalq qəzeti