Şriftin ölçüsü :
Saytın rəngi :
Milli dövlətçilik tariximizin ən qürurverici hadisələrindən olan, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin bitməsinin bir ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan ötən müddətdə mübariz hərbçilərimizin qəhrəmanlığını və şücaətini yüksək qiymətləndirmiş, şəhidlərimizin ruhuna dərin ehtiram göstərmiş, xatirəsini uca tutmuşdur. Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da vətənin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Bu tədbirlər sırasında Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi haqqında” qərarın təsdiqi də var. Bu qərarda amnistiya tətbiq edilmiş şəxslərin əhatə dairəsi açıqlanıb. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının ilk bəndlərindən də göründüyü kimi, burada həssas qrupa daxil olanlar insanlara, xüsusilə də Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və onların yaxın qohumlarına yer verilib.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktı ümumilikdə 15 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Amnistiya aktının əhatə dairəsinə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər; böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər də daxildir, aidiyyəti orqanlar tərəfindən 4 ay müddətində amnistiyanın tətbiqi təmin ediləcəkdir.
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının ilk bəndlərində Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsinin bir hissəsinə nəzər salaq: Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər; o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları; Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları… və bəndlər davam edir.
Göründüyü kimi, Amnistiya Aktı Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında, Xocalı qətliamında həlak olmuş və itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil edilir. Vətən müharibəsinin ildönümü ərəfəsində belə bir layihənin hazırlanacağı onsuz da gözlənilən idi. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev əvvəlki illərdə də mütəmadi olaraq humanizm prinsiplərindən çıxış edib və məhbusların əfvi ilə bağlı qərarlar verib. Lakin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük Zəfər aktıdır. Bu amnistiya aktını digərlərindən fərqləndirən cəhətlərdən biri də odur ki, əvvəlki amnistiya aktları yalnız istintaq olunan cinayət işləri üzrə cinayət törətmiş şəxslərə şamil edilirdisə, bu dəfəki amnistiya aktı isə istintaq olunan cinayət işləri ilə yanaşı, təhqiqat və istintaq orqanlarında aparılan araşdırmalar zamanı barəsində cinayət təqibi aparılan şəxslərə də şamil edilir. Yəni böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir. Həmçinin bu amnistiya aktı özünün miqyasına, şamil ediləcək insanlara və əhatə dairəsinə görə də əvvəlkilərdən ciddi şəkildə fərqlənir.
Bundan başqa bu akt, öncəliklə çox önəmli bir tarixçəyə malikdir. Düzdür, hər bir amnistiya aktı çox mühüm əhəmiyyətə malik olub və bu qərarlar nəticəsində çoxlu sayda insanlar məhbusluqdan xilas olaraq öz azadlığına qovuşub. Bir sözlə, on minlərlə insan bu aktlardan faydalanıb. Eyni zamanda dövlətlə vətəndaş arasındakı münasibətlərə bu çox müsbət təsir edib, humanizm duyğularını gücləndirib. Hazırkı dövrdə isə ən mühüm məsələ bunun qalib bir dövlət, qalib lider tərəfindən həyata keçirilməsi və bu Amnistiya Aktının digər şəxslərlə yanaşı, Vətən müharibəsində iştirak etmiş şəxslərə, şəhid və qazi əsgərlərimizin yaxınlarına da şamil olunmasıdır ki, bu da hər bir kəsi sevindirir. Bu səbəbdən zəfərimizin nəticəsi olaraq, azadlıqdan məhrum edilmiş müəyyən kateqoriyanın insanları barədə belə bir akt cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb.
Vətən müharibəsində xidmətləri olan insanlar bu gün cəmiyyətimizdə hər cür hörmətə və diqqətə layiqdirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hər kəsə nümunə olaraq həm sərəncamlarında, həm də qərarlarında cəmiyyətə daima mesaj verir ki, bu Qələbəni bizə bəxş etmiş insanlara münasibətdə necə davranmaq, onlara necə diqqət yetirmək lazımdır. Müharibə veteranları, qazilər ilə bağlı son dövrlər müxtəlif sosialyönümlü qərarlar və qanunlar qəbul olunub, fərmanlar imzalanıb. Hesab edirəm ki, sözügedən Amnistiya Aktı da bu istiqamətdə atılan ən böyük addımlardan biridir.
Bərdə, Gəncə və Tərtərə atılan raket nəticəsində ya şəhid olmuş, ya da sağlamlığından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmayıb. Burada da bəllidir ki, hansı kateqoriyadan olanlar nəzərdə tutulur. Biz də bunu çox yüksək qiymətləndiririk. Bu, həm də cəmiyyətimizdə insanların həmrəyliyinə təsir edəcək bir addımdır. Bir il tamam olması ilə bağlı belə bir addımın atılması ayrıca vurğulanmalı cəhətdir. Bu müharibə həm də göstərdi ki, hər bir Azərbaycan vətəndaşı heç nəyə məhəl qoymadan, bir nəfər kimi silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa hazırdır. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və Milli Məclis tərəfindən təsdiq edilmiş Amnistiya Aktı cəmiyyəti, insanlarımızı daha da sıx birləşdirməyə xidmət edir. Bu addım həm də insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Buna görə də Amnistiya Aktının qəbul edilməsi həmin insanların problemlərinin həlli baxımından çox ciddi və əhəmiyyətli bir hadisədir.
Vüsal ƏHMƏDOV
Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Hərbi təsisatlarda
təhqiqata nəzarət və cinayət təqibindən
kənar icraatlar idarəsinin
böyük prokuror-metodisti,
ədliyyə mayoru
Hərbi and qəzeti