Şriftin ölçüsü :
Saytın rəngi :
Zəfər Günü ilə bağlı qəbul edilmiş amnistiya aktı haqqa-ədalətə inamı daha da möhkəmləndirir.
Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə növbəti humanist qərarın qəbul olunması - 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi cəmiyyətimizdə təkcə mərhəmət və insanpərvərliyin deyil, həm də haqq-ədalətə inamın möhkəmləndirilməsinin, dövlətin öz vətəndaşına etimad və etibarının təcəssümü kimi yüksək dəyərləndirilir. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin davamlılığının, ardıcıllığının göstəricisidir.
Məlum olduğu kimi, hüquqi termin olan "amnistiya" sözü yunancadan ana dilimizə tərcümədə "unutmaq", "bağışlamaq" deməkdir. Belə ki, hər bir dövlət öz vətəndaşlarına humanist münasibət göstərərək, qanunazidd əməl - cinayət törətmiş şəxsləri cəzadan azad edə bilər. Adətən, amnistiya aktı ölkənin nailiyyətləri, tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələri ilə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul olunur. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə əsasən, ölkəmizdə amnistiya aktlarının qəbulu Milli Məclisin səlahiyyətinə aid edilib.
Əfvetmə və amnistiya insan hüquqlarının təminatı institutu kimi ölkəmizdə müstəqil dövlət quruculuğu dövründə formalaşıb və onun təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə tətbiqinə başlanan bu humanist aksiyalar on minlərlə insana azadlığa qovuşaraq, həyatını yenidən qurmaq imkanı verib. Ulu öndərin misilsiz insanpərvərliyi nəticəsində Azərbaycan 1998-ci ildə Şərqdə ilk dəfə ölüm hökmünün ləğv edildiyi ölkə olub və bu addım dövlətimizin öz vətəndaşlarının həyatına nə qədər böyük dəyər verdiyini təcəssüm etdirib. Eyni zamanda, həmin dövrdə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə, hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ölkəmizdə demokratik inkişafa töhfə olmaqla,həm də Avropa hüquq məkanına inteqrasiyanı sürətləndirib. Müdrik rəhbər kimi ulu öndər Heydər Əliyev cəzanın humanistliyinə və adekvatlığına, tərbiyəvi əhəmiyyətinə böyük önəm verirdi. Məhz buna görə də ümummilli liderimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalayaraq, ümumilikdə, 3104 məhkumu azadlığa qovuşdurub, amnistiya aktlarının qəbulunu mütərəqqi ənənəyə çevirib. Ulu Öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə amnistiya aktları 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Demokratik dəyərlərə sadiqlik, vətəndaş və insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması möhtərəm Prezident cənab İlham Əliyevin də müstəqil dövlətçilik siyasətinin mühüm tərkib hissəsi, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin uğurla davam etdirilməsidir. Cənab Prezident tərəfindən indiyədək imzalanmış 35 əfv Sərəncamı ilə 5672 nəfər azadlığa buraxılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən dörd amnistiya aktı isə 40 min 412 nəfərə şamil olunub.
Ümumiyyətlə, 1996-2021-ci illər ərzində Milli Məclis amnistiya ilə bağlı 11 qərar qəbul edib ki, 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya bunların arasında ən geniş əhatə dairəsinə malik olması ilə fərqlənir. Buna qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 140 min nəfərə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilibsə, təkcə Zəfər amnistiyası 17 min nəfərə şamil olunur və onun icrası dörd ay müddətində başa çatdırılmalıdır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 8 Noyabr - Zəfər Gününün xalqımız üçün müstəsna əhəmiyyətini əsas götürərək, humanizm ənənələrinin davamı kimi amnistiya elan edilməsi təşəbbüsü irəli sürüb və amnistiya layihəsi bu il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılaraq qəbul olunub.
Parlamentdə müzakirələr zamanı qeyd edildiyi kimi, 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək öz birliyini və həmrəyliyini, torpaqlarımızın işğal altında qalmasına bundan sonra dözə bilməyəcəyini bütün dünyaya göstərdi. Dövlətimizin başçısı təkcə hərb meydanında deyil, diplomatiya sahəsində və informasiya müharibəsində də yüksək intellekt, qətiyyət və cəsarət, əsl sərkərdəlik məharəti, təmkin, vətənsevərlik kimi ali keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək, torpaqlarımızın işğalına son qoydu. Qəhrəman əsgər və zabitlərimizin hünəri hər birimizdə qürur və fərəh hissi doğurur, Vətən uğrunda canlarından keçənlərin xatirəsinə ehtiramımız sonsuzdur və hər birinin ruhu qarşısında təzim edərək, valideynlərinə səbir, bu yolda sağlamlığını itirənlərə şəfa diləyirik.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, doğma Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi uğrunda şəhid və qazi olanlara, onların ailələrinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı cəmiyyətimizin hər bir üzvü, xüsusilə də, bütün dövlət orqanlarında çalışanları üçün örnəkdir.
Ötən ilin 8 noyabr günü rəşadətli ordumuzun Şuşa şəhərini düşmən əsarətindən azad etməsi Vətən müharibəsinin gedişində həlledici rol oynadı və işğalçı Ermənistanın təslim olması ilə nəticələndi. Bu tarix uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gündür. Həmin gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanında böyük fəxarət və qürur hissi, ulu öndərimizin vəsiyyətinin yerinə yetirilməsinə görə yaşadığı xoşbəxtlik duyğusu ilə Şuşa şəhərinin işğaldan azad olunmasını bəyan edərkən söylədiyi sözlər hər bir həmvətənimizin qəlbində hədsiz sevinc və minnətdarlıq hissi doğurdu. Vətən müharibəsi dövründə xalqımız yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə həm də ədalət və hüququn aliliyi idealları bərqərar olundu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olaraq, 30 illik münaqişəyə son qoydu və beləliklə də, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Belə bir vaxtda dövlətimizin başçısının humanizminə cavab olaraq, amnistiya nəticəsində, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, cəzadan azad edilməsinə başlanılmış şəxslərin ölkəmizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə böyük ümid bəslənilir.
8 Noyabr - Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı dörd bölmədən, 45 hissədən ibarətdir: birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin dairəsi, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə, müvafiq olaraq, aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar yer alıb. Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq, amnistiyanı tətbiq edən cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları amnistiyanın tətbiqini 4 ay müddətində başa çatdırmalıdırlar.
Amnistiya aktına əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumları, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunurlar. Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslər də cəzadan azad edilir, hətta əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.
Dövlətimizin başçısının təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu da prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələri müəyyənləşdirib. Prokurorluq orqanları amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə Azərbaycan Respublikasının "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" 31 may 2007-ci il tarixli 353-IIIQ saylı Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına, öz səlahiyyətləri daxilində köməklik göstərirlər. Bununla yanaşı, amnistiyanın şamil olunduğu şəxslərə bu humanist aktın mahiyyəti izah olunur, gələcəkdə qanunazidd hərəkətlərdən çəkinmələri üçün onlarla fərdi söhbətlər aparılır. Amnistiya aktında göstərilən maddələr üzrə prokurorluq orqanlarında haqqında istintaq aparılan və ya məhkəmə icraatı olan şəxslər cinayət təqibindən azad edilirlər. Bundan başqa, müvafiq prokurorlar amnistiyanın tətbiqi ilə bağlı penitensiar müəssisələrdə şəxsi işlərlə tanış olur, həmin müəssisələrin rəhbərləri tərəfindən qəbul edilən qərarlara rəy bildirirlər.
Memarı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olan möhtəşəm Zəfərimizlə ölkəmizin həyatında yeni bir mərhələ başlandı. Biz qalib dövlətin vətəndaşlarıyıq, qələbənin qürurunu yaşayan, ondan mənəvi güc alan insanlarıq. Dövlətimizin başçısının təşəbbüsü ilə qəbul edilən amnistiya aktı nəticəsində azadlığa çıxanlar da yeni bir həyata başlayırlar. Ümid edirik ki, onlar da ölkəmizdə gedən inkişaf proseslərinə, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə qoşulacaqlar.
Əli BABAYEV,
Gədəbəy rayon prokuroru,
kiçik ədliyyə müşaviri.
Respublika qəzeti