Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün tədris tədbirləri davam etdirilir

19.11.2021

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə cari ilin avqust ayından etibarən silsilə tədris tədbirlərinin təşkil olunması barədə Sərəncam imzalanmışdır.
Eyni zamanda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” Baş prokuror tərəfindən imzalanmış müvafiq Əmrdə prokurorluq işçiləri tərəfindən qəbul edilmiş Qərarın öyrənilməsi məqsədilə seminar-məşğələlərin təşkili nəzərdə tutulmuşdur.
Baş prokurorun müvafiq əmr və sərəncamının icrası ilə bağlı Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 19.11.2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə onlayn şəkildə növbəti tədris tədbiri keçirilmişdir. Tədris tədbirində Baş Prokurorluğun, Respublika Hərbi Prokurorluğunun və Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarə və şöbələrinin işçiləri ilə yanaşı, 92 tabe şəhər, rayon və hərbi prokurorluqlarının işçiləri də iştirak etmişlər. Tədbirə təlimçi qismində isə Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb edilmişlər.
Tədbir çərçivəsində “Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, kargüzarlıq işinin təşkili, xidməti sənəd dövriyyəsi ilə bağlı aktual məsələlər” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr deyilmiş, son dövrlərdə qanunvericilikdə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə, habelə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı” barədə ətraflı məlumatlar verilmişdir.
Tədbir zamanı təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılmışdır.
Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədris tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.