Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Pis rəftar aktının ağırlığı

15.11.2021

Avropa Məhkəməsi bildirir ki, pis rəftarın xüsusi formasının işgəncə kimi müəyyən edilib-edilməməsi zamanı Avropa Konvensiyasında 3-cü maddədə əks etdirilən, bu məfhumla qeyri-insani və ya alçaldıcı rəftar arasındakı fərqə diqqət yetirilməlidir. Rəftarın ağırlığına əlavə olaraq, hətta 26 iyun 1987-ci il tarixdə qüvvəyə minmiş “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı” BMT-nin Konvensiyasında tanınmış məqsəd elementi mövcuddur. Onun 1-ci maddəsində işgəncə ciddi ağrının və ya əzabların, “inter alia”, məlumatı əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədilə qəsdən verilməsi kimi müəyyən edilir.
Avropa Məhkəməsi həmçinin qeyd edir ki, şəxs polis tərəfindən 3-cü maddəyə zidd olaraq ağır şəkildə pis rəftara məruz qaldığı barədə sübut oluna biləcək iddia irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin «yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsinə» dair ümumi öhdəliyi ilə birlikdə götürüldükdə öz mənasında səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Həmin araşdırma məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olmalıdır. Əks təqdirdə, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, öz fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olar və bəzi hallarda Dövlətin nümayəndələri üçün onların nəzarəti altında olanların hüquqlarını faktiki olaraq cəzalandırılmadan pozmaq imkanını yaradar. (Assenov və digərləri Bolqarıstana qarşı iş, § 102). 
Avropa Məhkəməsinin presedent hüququnda müəyyən edilmiş səmərəliliyin minimal standartlarına, həmçinin belə tələb daxildir ki, araşdırma müstəqil, qərəzsiz və ictimaiyyətin nəzarəti altında olmalı, habelə səlahiyyətli orqanlar nümunəvi səylə və çevik hərəkət etməlidirlər (İsayeva və digərləri Rusiyaya qarşı iş, § 208-213; Meneşeva Rusiyaya qarşı iş, § 64).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.