Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahid Dindirmə Müsabiqəsinin” final mərhələsi keçirilmişdir

12.11.2021

Gənc hüquqşünasların hüquqi biliklərinin artmasına, habelə praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. 
Bu tədbirlərin davamı olaraq, 05 noyabr 2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan “Şahid Dindirmə Müsabiqəsinin” final mərhələsi keçirilmişdir. 
Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “ADA” Universitetinin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə 34 komanda arasında keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş iki komanda müsabiqənin final mərhələsində iştirak etmişdir. 
Müsabiqənin final mərhələsinə həmçinin, Baş Prokurorluğun təcrübəli əməkdaşları hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilmişdir.
Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən qalib komanda müəyyənləşdirilmişdir.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılmış və onlara sertifikatlar verilmiş, eyni zamanda müsabiqəyə hakim qismində cəlb edilmiş Baş Prokurorluğun əməkdaşlarına təşəkkürnamə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.