Şriftin ölçüsü :

Saytın rəngi :

Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilmişdir

01.11.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını həyata keçirməklə yanaşı çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir.

Regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilmişdir.

3 oktyabr 2009-cu il tarixdə Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən 9-cu zirvə toplantısında türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək məqsədilə təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi qərara alınmışdır.

Bununla əlaqədar noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilmişdir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının Baş Prokurorları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclası açaraq böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirmişdir.

Bundan sonra, Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı cənab İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.

Daha sonra Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunmuşdur.

İclasda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis ediləcək Şuranın mühüm əhəmiyyət malik olacağını vurğulamışdır.

Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti cənab Çol-Kyu Hvan çıxış edərək qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək Şura üzvlərinin əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirmişdir.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutmuşdur.

Sonra xatirə şəkli çəkdirildi.

Fasilədən sonra tədbir işini “Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: real imkanlar və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransla davam etdirib.

Konfransda çıxış edən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşev, Qazaxıstan Respublikası Baş prokurorunun birinci müavini Berik Asılov və Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyin tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək Şuranın regional sülhün və sabitliyin təmin olunmasında öz xidmətlərini göstərəcəyinə əminliklərini bildirmişlər.

İclasda məruzə ilə çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, qazanılan nailiyyətlər barədə iştirakçılara məlumat verərək, Azərbaycanın qardaş türkdilli dövlətlərlə əməkdaşlığa mühüm önəm verdiyini diqqətə çatdırmışdır.

Baş prokuror qeyd etmişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsi ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət edəcək, müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə olacaqdır.

Çıxışlardan sonra məruzələr ətrafında, eləcə də qurumun gələcək perspektivləri barədə geniş müzakirələr aparılmış, həmçinin Şuranın növbəti-2-ci iclasının 2023-cü ildə Türkiyə Cümhuriyyətində keçirilməsi qərara alınmışdır.

Beynəlxalq konfransın yekununda nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

İlk öncə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş prokuror iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulamışdır.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Bekir Şahin dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd etmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunmuşdur.

Azərbaycan və Özbəkistan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışmışdır.

Görüş çərçivəsində prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılması məqsədilə iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlığa dair Razılaşma və 2022-23-cü illər üzrə Əməkdaşlıq Proqramı imzalanmışdır.

Qırğız Respublikasının Baş prokuroru cənab Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin əhəmiyyəti qeyd edilmişdir.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Konfrans çərçivəsində Qazaxıstan Respublikası Baş prokurorunun birinci müavini Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdəqarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanıb bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimovun  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Baş prokuror Şura üzvü olan ölkələrin regional sabitlik və təhlükəsizliyin qorunması səylərini bölüşərək əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq yolu ilə yeni təsis edilmiş qurumun verdiyi üstünlüklərdən bəhrələnmək imkanına malik olacaqlarını diqqətə çatdırmışdır.

Türkdilli dövlətlərin əməkdaşlığı çərçivəsində prokurorluq orqanlarının əlaqələrinin yeni formatda təşkilinin önəminə toxunan Mirvoxid Azimov qurumun işinə hər cür dəstək olacaqlarını bildirməklə Şuranın təsisindən  məmnunluğunu bildirmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çol-Kyu Hvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini, qarşılıqlı münasibətlərin bundan sonra da artan xətlə davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Assosiasiyanın prezidenti Çol-Kyu Hvan Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamış, təşkilatın gələcək fəaliyyətinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.