Şriftin ölçüsü :

Saytın rəngi :

Öz qohumunun etibarından sui-istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

26.10.2021

  Xəbər verildiyi kimi, Füzuli rayon sakini Maral Xəlilovanın öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
           İstintaqla müəyyən edilmişdir ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyi adı ilə ondan ümumilikdə 13 min manat məbləğində pul almışdır.
           Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.