Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilmişdir

19.10.2021

Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilmişdir ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmişdir.
İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə  icraata cinayət-prosessual qanunvericiliyin  tələblərinə əsasən xitam verilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.