Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Avropa Konvensiyasının 3-cü maddəsi kontekstində cəza

06.10.2021

Avropa Məhkəməsi dəfələrlə bildirib ki, əzab vermənin və alçaltmanın 3-cü maddənin pozuntusu hesab edilən rəftar və ya cəza təşkil etməsi üçün o, hər bir halda qanuni rəftarın və ya cəzanın müəyyən forması ilə əlaqədar olan qaçılmaz əzabın və alçalmanın hüdudlarından kənara çıxan elementə malik olmalıdır. Yəni cəzanın və ya onunla bağlı rəftarın «qeyri- insani» və ya «ləyaqəti alçaldan» hesab olunması üçün iztirab və ya alçalma konkret qanuni rəftar və ya cəza formasından irəli gələn qaçılmaz iztirab və ya alçalma elementinin hüdudlarını aşmalıdır. Rəftarın qurbanı təhqir etmək və ya alçatlmaq məqsədi daşıyıb-daşımaması nəzərə alınmalı olan əlavə amildir (V. Birləşmiş Krallığa qarşı iş. § 95; Raninen Finlandiyaya qarşı iş, § 55), lakin belə məqsədin olmaması nəticə etibarı ilə Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusunun müəyyən edilməsini istisna etmir. İnsanı azadlıqdan məhrum edən tədbirlər adətən bu cür əzab və ya alçalma ilə müşayiət olunur. Avropa Konvensiyasının 3-cü maddəsinin tələbinə əsasən, dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, eləcə də təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun (Kudla Polşayaya qarşı iş, § 92-94). 
Təhlükəsizlik, intizam və ya qoruma səbəblərinə görə digər məhkumlarla təmasın qadağan olunması özlüyündə qeyri-insani rəftara və ya cəzaya bərabər deyil. Digər tərəfdən, insan hisslərinin tam təcrid olunması tam sosial təcridlə birlikdə şəxsiyyəti məhv edə bilər və təhlükəsizlik səbəbi ilə və ya hər hansı başqa səbəblərlə haqq qazandırıla bilməyən qeyri-insani rəftar formasını təşkil edir (Messina İtaliyaya qarşı iş).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.