Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunçuluq, dövlətçilik, humanistlik və ədalət mücəssəməsi

01.10.2021

“...Prokurorluq Azərbaycan dövlətinin əsas sütunlarından biridir...”.

Heydər ƏLIYEV

 Azərbaycan xalqının ümummilli lideri

“...Prokurorluq orqanlarında həyata keçirilən hü­quqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunması­na, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir...”.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti,

 Müzəffər Ali Baş Komandan

 

1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

Müdrik liderin və əzmkar xalqın qalib Azərbaycanı indi daha qüdrətlidir

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın daha da qüdrətlənməsi, xalqın rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də, ardıcıl uğurlar ilə səciyyələnmiş və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən isə ulu öndər Heydər Əliyevin mükəmməl siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıra­raq yüksək məharətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin dühası, onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsıl­maz xalq-iqtidar birliyidir.

Dövlət başçısının yürütdüyü siyasətin mükəmməlliyi, obyektiv gerçəkliyə adekvatlığı, milli maraqları əks etdirməsi, qayəsinin insan amili olması və nəticədə qazanılan hərtərəfli uğurlar hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, qürurlandırır, onda daha firavan gələcəyə böyük inam və əminlik yaradır ki, bu da ölkə rəhbərinə olan sonsuz xalq sevgisini dərinləşdirir. Son 18 il ərzində cənab İlham Əliyevin hərtərəfli bilikləri, yüksək analitik düşüncəsi, qətiyyəti, gərgin əməyi və xalqın əzmkarlığı sayəsində iqtisa­diyyat güclənmiş, regionların tarazlı tərəqqisinin davamlılığı təmin olunmuş, bütün istiqamətlər üzrə nailiyyətlər qazanılmışdır ki, nəticədə qüdrətli dövlətimizin əzəməti daha da artmış və Azərbaycan dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevril­mişdir. Eyni zamanda, qeyd olunan müddətdə Azərbaycan nəinki müasir dövrünün, ümumilikdə öz şərəfli tarixinin ən böyük uğurlarından birini qazanmışdır. Belə ki, müdrik lider, qətiyyətli və yenilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz parlaq qələbəmizi təmin etmiş, nəticədə hərbi və siyasi-diploma­tik yolla 30 ilə yaxın müddətdə işğal al­tında olan dədə-baba torpaqlarımız azad edilərək, tarixi ədalət bərpa olunmuşdur. Bu qələbə möhtərəm Prezidentimizin dövranın gərdişini dəyişməyə qadir lider olduğunu, xalqımızın əzmkarlığını və silahlı qüvvələrimizin qüdrətini bütün dünyaya əyani şəkildə sübut etdi. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Bu gün yer kürəsini bürüyərək insanların sağlamlığını və həyatını təhlükə altına almaqla dünyada bir nömrəli problemə çevrilən koronavi­rus (COVID-19) infeksiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni də xüsusi vurğulamaq lazımdır. Belə ki, bu təhlükəli virusun qlobal problemə çevrilməyə başladığı ilk vaxtdan etibarən xalqımızın bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün ölkə başçısının çox tədbirli davranaraq zamanında qətiyyətli addımlar atması, aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər etməklə müdrik tapşırıqlar verməsi pandemiya ilə mübarizədə dövlətimizin uğurlarını şərtləndirdi.

Qeyd etmək lazımdır ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlar­da, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında yüksək erudisiya­ya, dərin düşüncəyə və mükəmməl idarəçilik qabiliyyətinə malik böyük dövlət xadimi, Azərbaycan Respub­likasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun Respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin qüdrətlənməsinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Xüsusi vurğulanmalıdır ki, cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqəti cəlb etmişdir. Birinci xanım ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etməyi uğurla bacardı. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, eləcə də, yaralılarımıza hərtərəfli dəstəyi və duaları ilə yardımçı olan, şəhidlərimizin əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı, bir övlad kimi doğma və qayğılı münasibəti ilə onları ovunduran, hər məqamda dövlət başçısının yanında olan Birinci vitse-prezident xalqımıza və ölkə rəhbərinə böyük dəstək verdi.

İnkişaf edən və müasirləşən prokurorluq

Hər kəsə məlumdur ki, Azərbaycan Prokurorluğunun maddi və sosial baza­sının möhkəmləndirilməsi, fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, onun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil bir qu­rum kimi formalaşması ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsində mümkün olmuşdur.

Sirr deyil ki, dövlət başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqram­ları hazırlanaraq müvəffəqiyyətlə icra edilmiş, bütün sahələrdə köklü islahat­lar, o cümlədən dövlət qurumlarında mütərəqqi struktur və kadr islahatları aparılmış, dövlət idarəçilik struktur­ları təkmilləşdirilmiş, uğurlu kadr təyinatları həyata keçirilmiş, bir sözlə hərtərəfli tərəqqi prosesi vüsət almışdır.

Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...Bütün sahələrdə ol­duğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcəkdə dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Proku­rorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq...”. Ölkə rəhbərinin ötən il Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və cənab Kamran Əliyevin videoformatda qəbulu zamanı verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun yeni, çoxşaxəli islahatlar və mütərəqqi dəyişikliklər dövrü başlamışdır. Dövlət başçısının müdrik tövsiyələri rəhbər tu­tulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin re­allaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırıl­ması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırıl­ması məqsədilə Azərbaycan Respubli­kası Hərbi Prokurorluğunun yeni struk­turu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnolo­giyaları şöbəsi birləşdirilərək Krimina­listika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır.

Sadalananlarla bərabər, prokurorlu­ğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülmüş, o cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferala­rın tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun “İşin Təşkili Qaydaları” hazırlanmış­dır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur.

Qeyd etmək lazımdır ki, prokuror­luğun digər dövlətlərin prokurorluqları ilə qarşılıqlı səmərəli əməkdaşlığı da daim diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Baş proku­roru cənab Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru cənab Bekir Şahinin Bakıya rəsmi səfərləri Azərbaycan və Türkiyə prokurorluqları arasında hər zaman mövcud olan sıx işgüzar əlaqələrin və doğma münasibətlərin yeni müstəvidə uğurla davam etməsinə, daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə rəvac vermişdir. Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Moskva şəhərinə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun isə Bakıya rəsmi səfərləri, bir müddət əvvəl isə Respublika Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Fede­rasiyasına, Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun rəhbərlik etdiyi nümayəndə heyətinin isə Azərbaycan Respublikasına rəsmi səfərləri işgüzar əlaqələrin daha da genişlənməsinə zəmin yaratmışdır.

Prokurorluğun digər dövlətlərin prokurorluqları ilə səmərəli əməkdaşlığından, işgüzar əlaqələrindən bəhs edərkən, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyası­nın İcraçı Direktoru xanım Yanne Holst Hübnerin və Assosiasiyanın üzvü-Dani­marka Krallığının Hərbi Prokurorluğu­nun prokuroru cənab Klaus Risbcergin ölkəmizə işgüzar rəsmi səfərlərini, Baş Prokurorluqda, Hərbi Prokuror­luqda və Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində baş tutan görüşlərin əhəmiyyətini də vurğulamaq lazımdır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Assosiasiyanın 29-cu illik Konfransı və Ümumi yığıncağına 2024-cü ildə ölkəmizin ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması Azərbaycan Prokurorluğunun sözügedən quruma verdiyi töhfələrin və qurumun bunu dəyərləndirməsinin nəticəsidir.

Vurğulanmalıdır ki, ölkə başçısı­nın rəhbər göstərişlərindən və dəyərli tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, mütərəqqi islahat tədbirlərinin davamlılığının təmin olunması, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, prokurorluğun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünya­görüşlü işçilərlə komplektləşdirilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaş­dırılması, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin hərtərəfli artırılması, həmçinin pro­kurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdiri­lir ki, bu da prokurorluğun parlaq gələcəyindən xəbər verir.

Hərbi Prokurorluğun çoxşaxəli fəaliyyəti və digər qurumlarla səmərəli əməkdaşlığı qanunçuluğun möhkəmləndirilməsini şərtləndirir

Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Proku­rorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalış­mışdır. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də, işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılmışdır.

Xüsusi vurğulanmalıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə apa­rılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordu­su və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnmişdir. Bu uğurlu tendensiya davam edir.

Misal üçün, 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müva­fiq dövründə qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7 %, qulluğa səhlənkar yanaşma cinayətləri 11,1 %, tabelik münasibətlərində olmayan hərbi qulluq­çular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2 % və hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3 % azalmışdır.

Silahlı Qüvvələrdə cinayətkarlığın qarşısının alınması məqsədilə müxtəlif qəbildən olan, o cümlədən, ölümlə nəticələnən cinayətlərin istintaq və məhkəmə təcrübəsi dövri olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyatı qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilir.

Vurğulanmalıdır ki, baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araş­dırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunur.

Qeyd etmək lazımdır ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşıla­raq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürən və dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə xüsusi həssaslıqla yanaşır, işçilər, o cümlədən, rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata ke­çirilir, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilir, hü­quqları izah edilir və həyata keçirilməsi üçün hər cür şərait yaradılır.

Hərbi Prokurorluğun kol­lektivinin səmərəli fəaliyyətinin qiymətləndirilməsi məqsədilə vəzifələrini nümunəvi icra edən əməkdaşlar mütəmadi olaraq Baş pro­kurorun və Hərbi prokurorun əmrləri ilə müvafiq qaydada həvəsləndirilirlər. Si­lahlı qüvvələrin yaradılmasının 103-cü ildönümü münasibəti ilə Baş prokuror cənab Kamran Əliyevin bir qrup hərbi prokurorluq əməkdaşının mükafatlan­dırılması barədə əmr inzalaması və Respublika Hərbi Prokurorluğunun mərkəzi aparatına gələrək kollektivi şəxsən təbrik etməsi, eləcə də, təltif olunanlara mükafatların onun tərəfindən təqdim olunması Hərbi prokurorluğun fəaliyyətinə və onun işçilərinə verilən dəyərin növbəti bariz nümunəsi olmaqla əməkdaşlarda böyük ruh yüksəkliyi yaratmışdır.

Prokurorluq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur

Azərbaycan Prokurorluğuna daim xüsusi diqqət göstərmiş ümummil­li lider Heydər Əliyev növbəti dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, prokurorluqda da dövlətin qayğısı və dəstəyi hiss edilmişdir. Qeyd etmək zəruridir ki, prokurorluğa hərtərəfli diqqət və yüksək qayğı göstərilməsi ənənəsi cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respub­likası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı» dövlət qayğısının növbəti əyani sübutu idi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mükəmməl siyasət sayəsində dövlətimizin sürətlə hərtərəfli qüdrətlənməsi, iqtisadiyyatımızın dur­madan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yarat­mışdır. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Tarixi torpaqla­rımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluq­ları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar qısa zamanda formalaş­dırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.

“Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və pro­kurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokuror­luğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı bunun növbəti bariz nümunəsi olmaqla, işçilərin fəaliyyətinin stimullaşdırılmasını, bu­nunla da işin səmərəliliyinin artırılması­nı şərtləndirmişdir.

Dərin minnətdarlıq hisləri ilə xüsusi vurğulanmalıdır ki, prokurorluq orqan­larının fəaliyyəti və əməkdaşlarının əməyi dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilmiş və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənənlər mütəmadi olaraq müxtəlif təltiflərlə mükafatlandırılmışdır. Möhtərəm Prezidentin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 38 əməkdaşın, o cümlədən Hərbi Prokuror­luğun 9 işçisinin müvafiq olaraq orden və medallarla təltif edilməsi bunun növbəti əyani sübutu olmuşdur.

Dövlət tərəfindən prokurorlu­ğa göstərilən diqqət və qayğı, onun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin daim yüksək qiymətləndirilməsi hər bir prokuror­luq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qo­yur. Hərbi Prokurorluğun əməkdaşları da bütün bunları dəyərləndirməklə xidməti vəzifələrinin icrasına vicdanla və məsuliyyətlə yanaşaraq, üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirirlər. Təsadüfi deyildir ki, Hərbi Prokuror­luğun və işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı durmadan artır və təkcə ötən 9 ay ərzində bu məzmunlu 100-ə yaxın müraciət daxil olmuşdur.

Vətən müharibəsində Hərbi Prokurorluğun rolu

Millətinə xidməti həyat amalına çevirmiş, xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğruldan müdrik rəhbər, peşəkar siyasətçi, mahir diplomat və yenilməz sərkərdə cənab İlham Əliyev Azərbaycanın son bir neçə əsrlik tarixinə ən uğurlu il kimi düşən ötən il hərbi və diplomatik-siyasi yolla işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etməklə bu vədini də yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ölkə başçı­sının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

Böyük tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımız­da sevinc və qürur dolu davranışları, səmimi paylaşımları xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanmaq­la hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hisləri yaradır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbçilərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçi­rilmiş yürüş hər kəsi duyğulandırmaqla bərabər qəlblərdə unudulmaz izlər buraxdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr 2021-ci il tarixdə Anım Günü ilə əlaqədar xalqa müraciətindəki qürur dolu və qətiyyətli nitqi, ondan əvvəl isə BMT Baş Assambleyasının 76-cı sessi­yasının illik ümumi müzakirələrindəki çıxışında, eləcə də Türkiyənin Anadolu Agentliyinə və Fransanın “France 24” televiziya kanalına verdiyi müsahibələrində toxunduğu məsələlər, o cümlədən İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsini və bunun Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğunu qeyd etməklə, buna son qoyulmasının zəruriliyini vurğulaması, Ermənistana və onun havadarlarına ünvanladığı tutarlı ismarıclar hər bir azərbaycanlını sevindirməklə və qürur­landırmaqla millətin özünəgüvənliyini daha da artırdı.

Qeyd etmək lazımdır ki, proku­rorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları hər zaman olduğu kimi, qürur dolu 44 gün ərzində də istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər. İşin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respub­lika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda Respublika Hərbi prokuroru və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan döyüş bölgələrinə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda Hərbi Proku­rorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həll olunması məqsədilə aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurumların və şəxslərin qarşısında məsələ qaldırıl­masını təmin etmişlər. Eyni zamanda, hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuş­dur. Sadalananlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçuların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqla­nılmış, diqqət və qayğı göstərilmişdir. Azərbaycan Respublikasının Baş Proku­roluğunda və Hərbi Prokurorluğunda müvafiq olaraq 22 və 24 iyun 2021-ci il tarixlərdə Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilər ilə görüş keçirilmiş, onların qayğı və problemləri ilə maraq­lanılmışdır. Qazilərə və şəhid ailələrinə ehtiram, diqqət və qayğı göstərməyi hər bir prokurorluq işçisi özünə borc bilir.

Vətən müharibəsi ərəfəsində ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevlə birlikdə cəbhə bölgəsinə uğurlu səfərimiz baş tutmuşdur. Yerigəlmişkən qeyd edim ki, mütəmadi olaraq Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə birlikdə Sərhəd Qoşun­larının ermənilərlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi cənab Kərim Vəliyevlə birlikdə isə Müdafiə Nazirliyinin tabeliyində olan təmas xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə, o cümlədən, döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçiririk. Onu da qeyd edim ki, müntəzəm olaraq Hərbi Prokurorluğun rəhbər işçiləri, o cümlədən Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə müvafiq hərbi hissələrə səfərlər edirlər. Bütün görüşlər zamanı hərbi qulluqçu­ların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hislərinin dərindən aşılanması, hüquqi biliklərinin artırılması istiqamətində söhbətlər aparılır, verilən suallar ətraflı cavablandırılır, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilir, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılır. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılır.

Sadalananlarla yanaşı, mü­vafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak ol­muş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilmişdir. Belə ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qul­luqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunmuşdur. İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də, axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xüsusi vurğulanmalıdır ki, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq işğalçı erməni hərbi birləşmələrinin Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin sıx yaşa­dığı əraziləri müxtəlif silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi cinayət əməlləri, o cümlədən, silahlı qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanla­rında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini poz­ma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qa­baqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan oluna­raq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bundan başqa, Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa veril­mişdir. Onu da qeyd etmək lazımdır ki, erməni hərbi birləşmələrinin törətdikləri təxribat faktlarına, hərbçilərimizi və dinc sakinlərimizi öldürmələrinə və ya onların sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə və digər cinayət əməllərinə görə başlan­mış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və insti­tusional tədbirlər həyata keçirilir.

Hərbi Prokurorluq orqanları bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Əminəm ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraq­larına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahat­larda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, silahlı qüvvələrdə nizam-intizamın, qanun­çuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi, qanun pozuntu­larının qarşısının alınması və aradan qaldırılması istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa, eləcə də, dövlətimizin qüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütün hallara qarşı əzmlə mübarizə apararaq, bu şərəfli yoldan heç bir zaman dönməyəcəkdir.

Xanlar VƏLIYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru,

 ədliyyə general-leytenantı

Xalq qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.