Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir

01.10.2021

Müdrik dövlət siyasəti

Xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

Qələbəyə doğru atılan addımların ilkin təməli Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən və düşünülmüş siyasətin təzahürü kimi dövlətçiliyin möhkəmləndirilməsi, güclü iqtisadiyyatın qurulması, ordu quruculuğunun əsaslarının yaradılaraq silahlı qüvvələrimizin peşəkar kadrlarla təchiz edilməsi ilə qoyulmuşdur.

Dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında qazanılmış qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkəmizin növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaratmış, “Böyük Qayıdış”ın əsasını qoymuşdur.

Dövlət başçısının qeyd etdiyi kimi, “Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü... biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi  bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq”. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara mütəmadi səfərləri, həyata keçirilən nəhəng infrastruktur layihələri, Qarabağın “hava qapısı” Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının, həmçinin Füzuli-Şuşa, Bərdə-Ağdam, Zəngilan-Horadiz avtomobil yollarının inşası doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olmuşdur.

Eyni zamanda Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik bəyannamə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltmişdir.

Xüsusi vurğulanmalıdır ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunmuşlar.

Dövlətimizin qüdrətlənməsinə, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq sosial yönümlü siyasətin reallaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Prokurorluq orqanları dövlətin əsas sütunlarından biridir

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyində çağdaş yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir.

Əminliklə deyə bilərik ki, Azərbaycan prokurorluğunun qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin “Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.

Təsadüfi deyil ki, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə quruma ilk dəfə olaraq konstitusion status verilmişdir.

Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır.

Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının müasirləşməsi baxımından xüsusi önəmə malik bir addım olmuşdur.

Bu gün Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 103-cü  ili tamam olmaqla prokurorluq işçiləri, prokurorluğun veteranları, bütün hüquq ictimaiyyəti üçün əlamətdar bir hadisə kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin üzləşdiyi siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi prokurorluq orqanlarının da fəaliyyətinə təsirsiz ötüşməmiş, bu dövrdə cinayətkarlığın, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması halları vüsət almışdır.

Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevrilişi cəhdləri, separatizm təhlükəsi aradan qalxmış, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə ictimai-siyasi sabitlik əldə edilmiş, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanılmışdır.

Azərbaycan prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına  xidmət edən, konstitusion statuslu, yüksək dünya standartlarına uyğun təsisat kimi formalaşması Ulu Öndər tərəfindən hazırlanaraq həyata keçirilməyə başlanılmış, sonradan onun layiqli davamçısı, müdrik və uzaqgörən dövlət başçısı cənab İlham Əliyev tərəfindən yeni dövrün tələbləri nəzərə alınmaqla müasir müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.

Sevindirici haldır ki, məhz Ümummilli Lider Heydər Əliyevin prokurorluğa və prokurorluq işçilərinə diqqətinin və yüksək dövlət qayğısının təzahürü olan 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanmışdır.

Müasirləşən prokurorluq orqanları

Dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə islahat tədbirləri davam etdirilməklə şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ölkə rəhbəri tərəfindən mayın 1-də baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən səsləndirilən “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” sözləri prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müasir məzmunlu islahatların əsasını qoymuşdur.

Prokurorluğun ölkəmizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə qısa müddət ərzində əsaslı struktur və kadr islahatları həyata keçirilmiş, funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə işin təşkilinə dair vahid mexanizmlər müəyyən edilmişdir.

Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilməklə baş prokurorun yeni müavini ştatı təsis edilmiş, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilmiş, həmçinin mərkəzi aparatın yeni, Xidməti araşdırmalar, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş, bu baxımdan dövlət başçısının fevralın 8-də Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirakı quruma göstərilən etimadla yanaşı, prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirmişdir.

Görülən işlərin davamı olaraq, hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə dövlət başçısının sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılmışdır.

Bu günlərdə Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli fərmanı bir daha ölkə rəhbərinin quruma olan inam və etimadının göstəricisi olmuşdur.

Prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər

Prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlət başçısının  rəhbər göstərişlərindən irəli gələn vəzifələrin icra edilməsinə, müasir məzmunlu islahatların davam etdirilməklə işin daha da təkmilləşdirilməsinə, möhkəm nizam-intizam yaradılmaqla bütün mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir.

Həyata keçirilmiş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər davam etmiş, xüsusən əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 5 qəsdən adam öldürmə cinayətinin peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər məhkəmə məsuliyyətinə verilmişlər.

Ümumilikdə ölkə üzrə hazırkı dövrədək cəmi 10622 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 883-ü prokurorluq orqanlarında istintaq edilmişdir. Prokurorluq orqanları tərəfindən 571, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8378 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmişdir.

İbtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 21 milyon 184 min manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.

Görülmüş işlərlə yanaşı, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üçün ötən illərdən bağlı qalan cinayət işləri üzrə təqsirli şəxslərin müəyyənləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi, istintaq taktikası və metodikasının, kriminalistikanın müasir elmi-texniki nailiyyətlərindən daha səmərəli istifadə olunmasının təmin edilməsi, eləcə də artım tendensiyası qeydə alınmış cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran vəzifələrdəndir.

Dünya ölkələrini təşviş və həyəcanda saxlayan koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmiş, həyata keçirilən uğurlu vaksinasiya strategiyası nəticəsində əhalimizin artıq böyük bir hissəsi peyvənd olunmuşdur.

Ötən dövr ərzində həyata keçirilən tədbirlərə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən maddi maraq müqabilində saxta vaksin sertifikatlarının verilməsi, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən arayışların verilməsi faktları üzrə prokuror nəzarəti tədbirləri ilə cinayət işləri başlanmaqla zəruri tədbirlər görülmüşdür.

Vətən müharibəsində prokurorluğun fəaliyyəti

Qürurla qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatları zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Xüsusi vurğulamaq istərdim ki, ölkə rəhbəri cənab İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə 38 əməkdaşın yüksək dövlət təltiflərinə layiq görülməsi prokurorluğun kollektivinin böyük sevincinə səbəb olmaqla göstərilən bu yüksək etimad fəaliyyətimizi daha da yüksək tələblər səviyyəsində qurmağa, gündəlik işimizdə səmərəliliyin artırılmasına rəvac vermişdir.

Müharibənin gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.

Xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarca dinc sakinin qətlə yetirilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 75 cinayət işi başlanmaqla işğaldan azad edilmiş 7 şəhər, 11 qəsəbə və 519 kəndə baxış keçirilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Bundan başqa, dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması diqqət mərkəzində saxlanmaqdadır.

Bu məqsədlə erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.

Eyni zamanda işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Vətən müharibəsi zamanı Respublika Hərbi Prokurorluğu tərəfindən də Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlər görülmüşdür.

 

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

 

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin və strateji inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizə aparılır.

Bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm islahatlar davam etdirilərək bu sahədə həyata keçirilmiş kompleks tədbirlər dinamik iqtisadi inkişafı təmin etməyə imkan vermişdir.

Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən önəmli istiqaməti olaraq bu sahədə səmərəliliyin artırılması və daha intensiv tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəlməsinə nail olunmuşdur.

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 9109, o cümlədən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 4367 müraciətinə baxılmaqla, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən cinayət işlərinin başlanması təmin edilmişdir.

Bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 34 əməliyyat tədbiri nəticəsində 71 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 115 cinayət işi başlanmışdır.

Qeyd edilən dövrdə baş idarə tərəfindən 404 şəxs barəsində 221 cinayət işi  baxılması üçün məhkəmələrə göndərilmiş, 11 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilmişdir.

Məhkəmələrə göndərilmiş işlər üzrə vurulmuş maddi ziyan 153 milyon 887 min  manat təşkil etməklə ibtidai istintaq dövründə 11 milyon 301 min manatın ödənilməsi, həmçinin 77 milyon 715 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 89 milyon 16 min manat (57,8%) məbləğində ziyanın bərpası təmin olunmuşdur.

Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 587 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 1 milyon 62 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

Korrupsiya ilə mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, digər ölkələrin uğurlu təcrübələrinin və əldə olunmuş nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.

Belə ki, 17-31 may 2021-ci il tarixlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizin 5-ci raund pilot qiymətləndirilməsi prosedurunun növbəti mərhələsi kimi virtual müsahibələr keçirilməklə korrupsiyaya qarşı mübarizə strategiyası fonunda iqtisadiyyat, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti də daxil olmaqla 13 fərqli mövzu üzrə müsahibələr aparılmış, ekspert heyətinin sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılmışdır.

Göstərilənlərlə yanaşı, yenidən formalaşdırılmış Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 17 iyun tarixli üçüncü iclası çərçivəsində şuranın Antikorrupsiya Təlim Mərkəzinin yaradılması bu sahədə mütəxəssislərin peşəkarlığının artmasına xidmət edəcəkdir.

Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi “Heç kimdə immunitet yoxdur və ola bilməz. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz”  fikirlərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı qətiyyətli mübarizə davam etdiriləcəkdir.

Ədalət mühakiməsində dövlət ittihamının rolu

Ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə əsaslanan məhkəmə-hüquq islahatları ölkəmizdə insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur.

Sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyan cəza-hüquq siyasətinə uyğun olaraq məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.

Bu baxımdan birinci, appelyasiya və kassasiya instansiyası məhkəmələrində ədalət mühakiməsi zamanı yalnız prokurorluq orqanları tərəfindən həyata keçirilən dövlət ittihamı funksiyası qurumun əsas fəaliyyət istiqamətlərindən olmaqla insan hüquq və azadlıqlarının təminatının mühüm vasitəsidir.

Dövlət ittihamçıları toplanmış sübutlar əsasında cinayət törətməkdə təqsirli bilinən şəxsləri ifşa etməklə dövlət tərəfindən həyata keçirilən qanunçuluq, ədalət və əmələ görə məsuliyyət prinsiplərinə əsaslanan cinayətkarlığa qarşı mübarizəyə dair siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər.

Cari il ərzində dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə 15950 şəxs barəsində 13762 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmiş, ümumilikdə 960 qərardan protest verilmişdir.

Qeyd etmək istərdim ki, istər Vətən müharibəsi zamanı, istərsə də sonrakı dövrdə ölkəmizə qarşı terrorçuluq və digər təxribat xarakterli hərəkətlərə yol vermiş diversant qrupun üzvlərinin təqsirləndirilmələrinə dair cinayət işləri üzrə dövlət ittihamının peşəkarcasına müdafiəsi aparılmaqla məhkəmə qarşısında ifşa olunmaları təmin olunmuşdur.

Cinayət təqibindən kənar icraatlarda iştirak təmin edilir

Prokurorluq orqanlarının müasir dövrün tələblərinə uyğun olaraq qarşısında duran əsas vəzifələrdən biri də cinayət-prosessual fəaliyyətlə yanaşı, cinayət təqibindən kənar icraatlarda, xüsusilə inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətinin həyata keçirilməsindən ibarətdir.

Bu baxımdan inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti diqqət mərkəzində saxlanılmaqla hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Bu sahədə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla ötən bir il ərzində 97 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 10 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılmış, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 8 uşaq sığınacaq və körpələr evinə yerləşdirilmişdir.

Eyni zamanda sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi  tədbirlərə kölgə salan təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıqlar edilmişdir.

Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi xüsusi müsadirənin təmini kimi

Prokurorluğun cəmiyyətin və dövlətin mənafeyinin qorunması məqsədilə mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirənin obyekti olan üzərinə həbs qoyulan bütün növ aktivlərin, o cümlədən, kriptovalyuta vəsaitlərinin izlənilməsi, aşkar edilməsi və bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaqla bu sahədə səmərəli nəticələrin əldə olunması əsas vəzifələrdəndir.

Bu sahədə aparılmış islahatların nəticəsi olaraq prokurorluq orqanlarında istintaq olunan cinayət işləri üzrə vurulmuş maddi ziyan, üzərinə həbs qoyulan əmlakların, pul vəsaitlərinin, qiymətli əşyaların cinayət işlərinin müxtəlif instansiyaları üzrə hərəkəti, xüsusi müsadirənin tətbiqi üçün hökmlərin icrası qaydasında xüsusi müsadirə edilmiş əmlakların satışı və dövlət büdcəsinə daxil olan vəsaitlərə dair məlumatları özündə əks etdirən elektron məlumat bazası yaradılmışdır. Cinayət işlərinin istintaqı zamanı ibtidai istintaq müddətində vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar vəsaitlərin elektron qaydada prokurorluğun depozit hesabına yerləşdirilməsinin tətbiq edilməsinə başlanılmışdır.

Ötən müddətdə xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən zəruri tədbirlər görülməklə Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) İdarəetmə qrupunun ümumi illik yığıncağında ölkəmiz şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunmuş və artıq bir neçə cinayət işi üzrə CARIN vasitəsilə cinayət yolu ilə əldə edilmiş vəsait hesabına xarici ölkələrdə daşınmaz əmlakların müəyyən edilərək gələcəkdə müsadirə olunması istiqamətində işlərə start verilmişdir.

Həyata keçirilmiş tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus çoxsaylı daşınar və daşınmaz əmlaklar, bank hesabları müəyyən edilməklə həmin əmlakların üzərinə müvafiq məhkəmə qərarı ilə həbs qoyulması təmin edilmiş, həmçinin ilk dəfə olaraq məhkum edilmiş şəxslərin xaricdə olan əmlaklarının müsadirə edilməsi üçün həmin ölkələrin səlahiyyətli orqanlarına vəsatətlər göndərilmişdir.

Kadr siyasəti

Gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə irəli çəkilməsi, potensiallarından daha geniş istifadə edilməsi ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin tərkib hissəsidir.

Yüksək ixtisaslı, peşəkar milli kadrların yetişdirilməsi, onların irəli çəkilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilərək prokurorluq orqanlarına işə qəbulun ən sivil və demokratik üsulu olan müsabiqə yolu ilə, şəffaf prosedurlar əsasında aparılması qaydaları müəyyən edilmişdir.

Bu qaydalar prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır.

2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına qəbulla bağlı keçirilmiş 22 müsabiqədə 2021-ci ildə 100 nəfər olmaqla, ümumilikdə uğur qazanmış 1011 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, onlar da hazırda prokurorluq işçilərinin 78,5 faizini təşkil edir. Diqqətəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 92 nəfəri Baş Prokurorluqda idarə rəisi, rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilmişdir.

Gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlərin davamı olaraq cari ilin 31 may tarixində işə qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən növbəti - 23-cü müsabiqə elan edilməklə hazırda sənəd qəbulu davam etdirilir.

Dövlət başçısı cənab İlham Əliyevin mayın 1-də baş prokuror vəzifəsinə yeni təyinatı ilə əlaqədar qəbul edərkən səsləndirdiyi “Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar” tövsiyəsi əsas götürülməklə prokurorluğun kadr korpusunun keyfiyyətinin artırılması, perspektivli gənc mütəxəssislər hesabına yenilənmə, kadr siyasətinin günün tələbləri əsasında həyata keçirilməsi prioritet hədəflərdir.

Beynəlxalq əməkdaşlığın inkişafı diqqət mərkəzindədir

Ötən dövrdə prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, beynəlxalq tərəfdaşlarla qarşılıqlı münasibətlərin inkişafına da xüsusi diqqət yetirilmişdir.

Bu müddətdə rəhbərlik etdiyim nümayəndə heyətləri Rusiya Federasiyası və Türkiyə Respublikasında işgüzar səfərlərdə olmuş, həmçinin Rusiya Federasiyası baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı onların dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsi ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratmışdır.

Beynəlxalq səviyyəli görüşlərin, həyata keçirilən səfərlərin hər biri Azərbaycanın prokurorluq orqanlarının nüfuz dairəsini genişləndirmişdir. Prokurorluğun rəhbərliyi tərəfindən beynəlxalq təşkilatların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin, insan hüquqlarının müdafiəsi sahəsində çalışan və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qəbulu, qarşılıqlı münasibətlərin qurulması və inkişafı prokurorluğun insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin əsasını təşkil etmişdir.

Qeyd etməliyəm ki, prokurorluğun təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddialarının əsl mahiyyəti, milli-etnik zəmində törədilmiş qırğınlar, terror aktları, torpaqlarımızın işğalını davam etdirməklə ötən ilin sentyabrında həyata keçirilmiş təxribatlar və buna cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlamış əks-hücum əməliyyatları, işğaldan azad edilmiş ərazilərdə baş vermiş vandallıqlar barədə geniş məlumat verilmişdir.

Koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, ötən illərdə olduğu kimi, müxtəlif beynəlxalq təşkilatlarla - Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digərləri, eləcə də bir çox ölkələrin prokurorluq orqanları ilə əməkdaşlıq uğurla davam etdirilmiş, prokurorluq işçiləri videoformat rejimində çoxsaylı tədbirlərdə iştirak etməklə ölkəmizi təmsil etmişlər.

Prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, cari ilin 4-5 may tarixlərində Niderlandın Haaqa şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında 51-ci iclası zamanı 2024-cü ilin sentyabr ayında təşkilatın 29-cu illik konfransı və ümumi yığıncağının Bakı şəhərində keçirilməsinə dair təklif qəbul edilmişdir.

Ötən müddətdə cinayət işləri üzrə istintaqın obyektivliyinin və tamlığının təmin edilməsi məqsədilə 50-dən artıq dövlətə hüquqi yardım göstərilməsinə dair 273 vəsatət göndərilmiş, həmçinin pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq prokurorluq orqanları tərəfindən digər aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülərək cinayət törətməklə istintaqdan gizlənmiş 45 şəxs ölkəmizə ekstradisiya olunmuşdur.

Elmi-Məsləhət Şurasının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir

Prokurorluq orqanlarında aparılan islahatların tərkib hissəsi kimi prokurorluğun fəaliyyət istiqamətləri, o cümlədən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquq tətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən etmək məqsədilə yenidən formalaşdırılmış Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, dövlət qurumlarının əməkdaşları və digər mühafizə hüquq orqanlarının təcrübəli işçilərindən ibarət şura prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərməklə yanaşı, ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına öz töhfəsini verməkdədir.

Ötən dövrdə şuraya daxil olan qurumlar, eləcə də tərəfdaş ölkələrin tədris qurumları, akademiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülməklə Baş Prokurorluqla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında memorandumlar imzalanmışdır.

Belə ki, cari il iyulun 5-də Türkiyə Respublikasının Ədliyyə Akademiyası, sentyabrın 23-də isə Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası ilə tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanmış, hazırda Belarus, Özbəkistan, eləcə də digər dövlətlərin hüquq mühafizə orqanlarının tədris qurumları ilə müvafiq sənədlərin imzalanması istiqamətində işlər davam etdirilir.

Prokurorluğun fəaliyyətində qanunçuluğun və şəffaflığın qorunması

Prokurorluq orqanlarında aşkarlığın və hesabatlılığın təmini qurumun müasir çağışırlara uyğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsas hədəflərindən biridir.

Ölkəmizdə mövcud dayanıqlı ictimai-siyasi sabitlik, dövlətimizin qüdrətinin artması hər bir vətəndaşımızı, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının gündəlik fəaliyyətlərini daha səmərəli təşkil etməklə böyük əzm və vicdanla işləyərək yüksək nəticələr və uğurlar qazanmağa sövq edir.

Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, cənab Prezident İlham Əliyevin yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.

Ümummilli Lider Heydər Əliyevin “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır” sözləri, həmçinin dövlət başçısı cənab İlham Əliyevin məmur-vətəndaş münasibətlərinə, nümunəvi dövlət məmuruna dair tələb və tövsiyələri prokurorluğun fəaliyyətinin əsas meyarına çevrilmişdir.

Əminliklə deyə bilərəm ki, cənab Prezident tərəfindən səsləndirilən fikirlər prokurorluq işçiləri tərəfindən prioritet prinsip kimi qəbul edilərək xidməti fəaliyyət və xidmətdənkənar münasibətlərdə tətbiq edilir.

Prokurorluq işçilərinin fəaliyyətində yuxarıda qeyd olunan meyar və prinsiplərin bərqərar olmasında həyata keçirilən islahatlar çərçivəsində 30 iyul 2020-ci il tarixdə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın qüvvəyə minməsi ilə normativ hüquqi baza sistemli hala salınmışdır.

İlk dəfə Baş Prokurorluğun strukturuna daxil olmayan, konkret vəzifələrin icrası üçün Ad hoc qurumlar olan Müsabiqə, Attestasiya, İntizam, Etik Davranış və Əmək Məsələləri komissiyaları təsis olunaraq funksiyaları təsbit edilmişdir.

Bununla yanaşı, Baş Prokurorluğun Kollegiya iclaslarının formatı dəyişdirilərək, onun prokurorluğun fəaliyyətinə dair ən mühüm məsələlərin real müzakirə olunub müvafiq qərarların qəbul edildiyi kollegial orqana çevrilməsi  təmin edilmişdir.

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın, etik davranış kodeksi və prinsiplərinin tələblərinin pozulmasına görə müvafiq intizam tənbehinin tətbiq oluna bilməsi hər bir əməkdaş tərəfindən normativ xarakterli hüquqi sənədlərin tələblərinə ciddi riayət edilməsinə real şərait yaratmaqla bir növ onun sanksiya mexanizmini müəyyən edir.

Baş Prokurorluğun yenilənmiş strukturunda birbaşa baş prokurora tabe olmaqla prokurorluq işçiləri barəsində icra və əmək intizamının, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq və korrupsiyaya qarşı mübarizə qaydalarının pozulması ilə əlaqədar yoxlama aparan Xidməti araşdırmalar idarəsinin fəaliyyəti xüsusi önəm daşıyır.

Təəssüflə qeyd olunmalıdır ki, ötən peşə bayramından keçən müddət ərzində həmin idarə tərəfindən 55 prokurorluq işçisi barəsində aparılmış xidməti yoxlamalarla öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 39 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər vəzifədən azad olunmaqla 24 nəfərə töhmət və ya şiddətli töhmət, 10 nəfərə sair intizam tənbehi tədbiri tətbiq edilmiş, həmçinin intizam məsuliyyətinə əsas verməyən pozuntular törətmiş digər əməkdaşların fəaliyyəti müvafiq qurumlarda müzakirə edilməklə nöqsanların təkrarlanmaması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər

Prokurorluq orqanlarının fəaliyyətində mühüm yer tutan sahələrdən biri də vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması olmaqla qurum tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi xüsusilə diqqət mərkəzində saxlanılır.

Bu sahədə fəaliyyətin səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə yaradılmış “Çağrı Mərkəzi” fasiləsiz fəaliyyət göstərməklə vətəndaşlara ödənişsiz zəng etmək imkanı yaratmaqla daxil olmuş hər bir müraciət üzrə yoxlama aparılması təmin edilmişdir.

Tədbirlərin davamı olaraq, vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq və müraciətlərin baxılmasının gedişatını izləmək məqsədilə “Mobil vətəndaş” proqramı yaradılmışdır.

Eyni zamanda prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı vətəndaşların maarifləndirilməsinin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq izahedici video və fotolar hazırlanaraq ictimailəşdirilir, qurumun sosial şəbəkə hesablarında keçirilən “sual-cavab” sessiyalarında  vətəndaşların sualları cavablandırılmaqla yanaşı, qeydə alınan müraciətlər  üzrə  yoxlamalar aparılır.

Ümumilikdə son bir il ərzində Baş Prokurorluqda 404 vətəndaşın qəbulu həyata keçirilmiş, o cümlədən 94 nəfər Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilmişdir ki, həmin qəbullar zamanı vətəndaşlardan daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Bu sahədə xüsusən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət göstərilməsi əsas vəzifələrdən hesab edilmişdir.

Son zamanlar ölkə ictimaiyyətini narahat edən intihar hadisələrinin minimuma endirilməsi və qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə 23 iyun 2021-ci il tarixdə Baş Prokurorluğun təşkilatçılığı ilə müvafiq dövlət qurumları nümayəndələrinin iştirak etdiyi yüksək səviyyəli konfransın yekunu üzrə qurumlararası İşçi qrupun yaradılması qərara alınmışdır.

Həmin İşçi Qrupun ilk iclasında gələcək fəaliyyət istiqamətləri üzrə tədbirlər planı təsdiq edilərək icraya yönəldilmişdir. Hesab edirəm ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi bu sahədə istədiyimiz nəticələri əldə etməyə imkan verəcəkdir.

Eyni zamanda insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması vacib istiqamət kimi müəyyənləşdirilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, hazırlanması ilə bağlı cinayətlər üzrə ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biri hesab edilmişdir.

Bu sahədə cəza tədbirləri ilə yanaşı, xüsusilə gənclər arasında istehlakın təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin və digər zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqət mərkəzində saxlanmaqdadır.

Prokurorluq orqanlarında işləmək arzusunda olan, hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin təcrübə qazanmaları, institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili məqsədilə ictimai köməkçi qismində prokurorluq orqanlarında könüllü fəaliyyət göstərmələri də diqqətdə saxlanılmışdır.

Ötən dövrdə Baş Prokurorluğa müraciət etmiş 231 tələbənin müraciəti qeydiyyata alınmaqla 185 nəfər prokurorluğun müvafiq struktur qurumlarında fəaliyyətə qəbul olunmuşdur. Müraciət etmiş gənclərin əksəriyyəti Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin, bir qismi isə xarici dövlətlərin ali təhsil müəssisələrinin tələbələridir.

Sonda dövlət başçısını və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, prokurorluq orqanları bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

 

Kamran ƏLİYEV,

Azərbaycan Respublikasının baş prokuroru,

II dərəcəli dövlət ədliyyə müşaviri,

Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti

Azərbaycan qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.