Şriftin ölçüsü :
Saytın rəngi :
Hörmətli həmkarlar!
Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103 illiyi münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşlarımızı, təqaüddə olan veteranlarımızı, onların ailə üzvlərini Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından təbrik edir, Sizə sağlam və xoşbəxt həyat arzulayıram.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və daha da inkişaf etdirilməsi nəticəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olunaraq ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Tarix yazan Sərkərdə cənab İlham Əliyevin yenilməz iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində düşmən üzərində qazanılmış misilsiz Zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkəmizin növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaratmış, Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng tikinti-quruculuq, abadlıq işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın əsasını qoymuşdur.
Hörmətli həmkarlar,
Bir əsrdən artıq zəngin və şərəfli tarixə malik Azərbaycan Prokurorluğu, bu gün öz fəaliyyətini cəmiyyətdə formalaşan yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Əminəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da öz fəaliyyətini ölkə başçısı cənab İlham Əliyevin müasir tələbləri səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə sərf edəcəkdir.
Azərbaycan Respublikasının Baş prokuroru
II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı