Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətçiliyə sədaqət, qanunun aliliyinin təmini

26.09.2021

1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür.

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti.

Dövlətin idarəetmə mexanizminin zəruri tərkib hissəsi kimi Azərbaycan Prokurorluğu orqanlarının tarixi 1918-ci il oktyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən Bakı dairə məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması ilə başlanmış, Cümhuriyyətin ədliyyə nazirləri, eyni zamanda baş prokurorlar olmuşlar. Həmin dövrdə olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində müəyyən işlər görmüşlər. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilmişdir.

Mövcudluğu qısa sürən Xalq  Cümhuriyyətinin dövründə müstəqil dövlət orqanı kimi formalaşması mümkün olmayan Azərbaycan Prokurorluğu, Sovetlər İttifaqı zamanında hakim  partiyanın mənafelərinə xidmət göstərən qurum kimi fəaliyyət göstərmiş və demək olar ki, həmin partiyanın siyasi iradəsinin əsiri olmuşdur. XX əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya dövründə mütəşəkkil cinayətkar dəstələrin qarşısını almaqda aciz olmaqla, işini qanun çərçivəsində qura bilməmişdir. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan Prokurorluğu cəmiyyətdə öz layiqli yerini tutmaqla dövlətçiliyimizin sütunlarından birinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə «1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü» kimi təsis edilməklə, prokurorluğa dövlət səviyyəsində münasibət bildirilmiş, prokurorluğa hərtərəfli dövlət qayğısı göstərilməklə görüləcək işlərin dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

 Ümummilli liderin 26 aprel 2000-ci il  tarixdə prokurorluq orqanlarının işçiləri ilə görüşündən sonra Azərbaycan Prokurorluğunda islahatlar aparılmış, zəruri normativ-hüquqi baza yaradılmış və kadr korpusu  yenidən formalaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə Azərbaycan Prokurorluğu öz inkişafının  yeni mərhələsinə qədəm qoymuş,  yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsində mütərəqqi normativ-hüquqi  bazası olan, yeni iş prinsipləri əsasında fəaliyyət göstərən dövlət təsisatı kimi inkişaf etmiş, kadr tərkibi yeniləşdirilmiş, mövcud çatışmazlıqları aradan qaldırmağa təminat verən yeni icra və nəzarət mexanizmi yaradılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 mart 2004-cü il tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması- korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmiş, dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa qəbul olmağa həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədi daşımışdır.

Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" Konvensiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının "Korrupsiya əleyhinə konvensiyası"nın da Azərbaycanda qüvvəyə minməsi ilə Beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilmiş,  hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmış və nəticədə ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılmışdır.

Dövlət başçısının 28 iyul 2007-ci il tarixli sərəncamıyla təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı qabaqlayıcı tədbirlər həyata keçirilməklə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əlverişli hüquqi zəmin yaratmışdır.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi prokurorluq orqanlarının işinin məzmunca yeniləşməsi və müasir tələblərə uyğun müstəvidə qurulmasında müstəsna əhəmiyyətə malikdir. Qeyd olunan Dövlət Proqramı digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi fonunda ölkəmizin hüquq sistemində prokurorluğun rolunun,  artırılması müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirməklə, yeni prioritet vəzifələri müəyyənləşdirmişdir.

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2021-ci il tarixli Sərəncamı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli Qanununun tətbiqi və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı, “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2021-ci il tarixli Sərəncamı dövlət başçısının  siyasi iradəsi, Azərbaycan Prokurorluğuna göstərdiyi münasibətin yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna və fəaliyyətinə göstərdiyi böyük inam və etimadın nümunəsidir.

Qeyd olunan fərmanlar və sərəncamlarla prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilmiş, prokurorluq orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, yeni hərbi prokurorluqlar yaradılmış, işçilərin ştat sayı artırılmışdır.

Xalqımızın son illər ərzində qazandığı bütün  uğurlar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir  məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.

Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik prokurorluq orqanlarının  təkmilləşməsinə zəmin yaratmışdır. Azərbaycan Prokurorluğu 103 illik çətin və şərəfli bir inkşaf yolu keçərək, dünya standartlarına uyğun şəkildə təkmilləşməklə, sivil, dünyəvi, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən, fəal vətəndaşlıq mövqeyində dayanan kollektiv formalaşdırmış və müstəqil dövlətimizin dəstəyinə arxalanmaqla, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı  kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini layiqincə göstərməkdədir.

Prokurorluq orqanları ölkəmizdə aparılan mütərəqqi islahatların reallaşdırılmasında öz xidmətlərini göstərir, digər hüquq-mühafizə  orqanları ilə  əlaqəli şəkildə  ictimai-siyasi  sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edir və bundan sonra da edəcəkdir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivini və təqaüddə olan veteranlarımızı və milli prokurorluq orqanlarının  yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik edir və işlərində uğurlar arzulayıram.

İlqar ABBASOV,

Bakı şəhər prokuroru,

III dərəcəli dövlət ədliyyə müşaviri.

Respublika qəzeti 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.