Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi müsadirə cinayətkarlığa qarşı mübarizədə effektiv vasitədir

24.09.2021

Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Aktivlərin aşkar edilməsi, izlənməsi və müsadirəsi istiqamətində səmərəli mexanizm yaradılması mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və onun qarşısının alınmasında mühüm vasitələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, müasir dövrün çağırışlarına müvafiq olaraq digər idarələrlə yanaşı Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yara­dılmışdır. İdarənin yaradılmasında əsas məqsəd cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin tətbiq edilməsi ilə əlaqədar əmlakların bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

İdarənin əsas fəaliyyət istiqəmətləri cinayət nəticəsində vurulmuş ziya­nın ödənilməsi məqsədilə xüsusi müsadirənin tətbiq edilməsi üçün Baş Prokurorluğun struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, cinayət yolu ilə əldə olunmuş əmlakların izlənməsi, aşkar olunması və qaytarıl­masında istintaq qurumlarına köməklik göstərilməsi, xüsusi müsadirənin pred­meti olan əmlakların hərəkətinə nəzarət edilməsi, əmlakın bərpası ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Dövlət qurumlarının malik oldu­ğu müxtəlif şəbəkələrdən, o cümlədən xarici və beynəlxalq mənbələrdən müxtəlif məlumatların toplanması, zəruri hallarda əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün müraciət edilməsi, xüsusi müsadirənin obyekti olan maddi sübutların qeydiyyatının aparılması, onların saxlanması, mühafizəsi və hərəkətinə nəzarətin həyata keçirilməsi, əmlak üzərinə həbs qoyulması ilə bağlı istintaq qurumlarının məhkəməyə ün­vanlanmış əsaslandırılmış vəsatətlərinin hazırlanmasında kömək göstərilməsi də həmçinin idarənin səlahiyyətləri sırasın­dadır.

Yarandığı vaxtdan qısa müddət ərzində idarə tərəfindən prokurorluq orqanlarında istintaq olunan cinayət işləri üzrə vurulmuş və ödənilən zi­yanın məbləği, üzərinə həbs qoyulan əmlakların, pul vəsaitlərinin, qiymətli əşyaların cinayət işlərinin müxtəlif instansiyaları üzrə hərəkəti, xüsusi müsadirənin tətbiqi, hökmlərin ic­rası qaydasında xüsusi müsadirə edilmiş əmlakların satışı və dövlət büdcəsinə daxil olan vəsaitlərə dair məlumatları özündə əks etdirən elekt­ron məlumat bazası yaradılmışdır. Cinayət işlərinin istintaqı zamanı ibtidai istintaq müddətində vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar vəsaitlərin elektron qaydada prokurorluğun depozit hesabına yerləşdirilməsinin tətbiq edilməsinə başlanmışdır. Daxil olan vəsaitlər kateqoriyalara bölünərək fərdi əlamətlərə malik milli və xarici valyutada olan pulların xüsusi seyflərə, digər vəsaitlərin isə depozit bank hesabına yerləşdirilməsi qaydası müəyyənləşdirilmişdir.

Prokurorluq orqanlarında həyata keçirilən islahatlar çərçivəsində Baş Prokurorluğun rəhbərliyinin təşəbbüsü ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa proku­rorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi texniki bazanı möhkəmləndirmək məqsədilə vəsaitlərin Azərbaycan Respublikası Prokurorluğun xəzinəsinə köçürülməsi məsələlərini tənzimləyən 39-cu maddəsinə dəyişikliklər edilməsi barədə təkliflər hazırlanmışdır. “Prokurorluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında 27 aprel 2021-ci il tarixli Qanuna əsasən prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qay­dada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişlərdən, habelə prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən da­xil olan vəsaitin müəyyən hissəsinin prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və pro­kurorluq orqanlarının maddi texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorlu­ğunun xəzinə hesabına köçürülməsi qaydası müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokuror­luğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmişdir.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Pro­sessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati işlər üzrə məhkəmələr tərəfindən tətbiq edilmiş 379.931 manat miqdarında cərimə, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə dövlət büdcəsinə vurulmuş 30.000.000 manat­dan artıq ziyanın və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün 15.000.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi ilə əlaqədar vəsaitləri depozitə yerləşdirlməsi ilə bağlı müvafiq uçot aparılmışdır.

Fəaliyyət göstərdiyi müddət ərzində Xüsusi müsadirə məsələlərinin əlaqələləndirilməsi idarəsi tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakların izlənməsi və aşkar edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilərək istintaq qurumlarının sorğularına əsasən təqsirləndirilən şəxslərə məxsus 164 daşınmaz əmlak, 9 torpaq sahəsi, 82 nəqliyyat vasitəsi, müxtəlif banklarda 45 kart hesabı və 17 cari hesab, 3 nəfərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan fiziki şəxs qismində uçotda olması müəyyən edilmişdir. Dövlətə vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi məqsədilə cinayət işləri üzrə aşkar edilmiş aktivlər və sair məlumatlar müvafiq istintaq orqanlarına təqdim edilmişdir. İstintaq orqanları tərəfindən xüsusi müsadirənin təmin tədbiri kimi təqsirləndirilən şəxslərə məxsus əmlakların üzərinə müvafiq məhkəmə qərarı ilə həbs qoyulması təmin edilmişdir.

Cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi və izlənməsində mü­hüm vasitələrdən biri dövlət qurumla­rının elektron informasiya sistemləri və məlumat bazalarına çıxışın təmin olmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 may 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Res­publikası Nazirlər Kabinetinə “Elekt­ron Prokurorluq” informasiya sistemi haqqında Əsasnamənin layihəsinin hazırlanması tapşırılmışdır. Gələcəkdə fəaliyyət göstərəcək “Elektron Proku­rorluq informasiya sistemi” çərçivəsində Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin xüsusi müsadirənin obyekti olan əmlakların aşkar edilməsi və izlənməsi məqsədilə müvafiq dövlət orqanlarına informasiya sistemlərinə və məlumat bazalarına çıxışı təmin olunacaqdır.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən aktivlərin aşkar edilməsi, izlənməsi və bərpa edilməsi istiqamətində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ilin 26-29 aprel 2021-ci il tarixlərində Belçika krallığında onlayn formatda keçirilmiş aktivlərin bərpası üzrə Kemden qurumlararası şəbəkəsinin (CARİN) idarə etmə qrupunun ümumi illik yığıncağında Azərbaycan Respub­likası şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunmuşdur. Aktivlərin bərpası üzrə Kemden şəbəkəsinə üzv olduq­dan dərhal sonra bu qurum vasitəsilə səmərəli əməkdaşlığa başlanılmış, prokurorluqda istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi məqsədilə digər ölkələrin səlahiyyətli orqanlarına sorğular ünvanlanmışdır. Eyni za­manda CARİN vasitəsilə bir sıra xarici ölkələrdən çirkli pulların yuyulması ilə əlaqədar aparılan cinayət işinin istintaqı çərçivəsində daxil olan sorğuların icrası­na başlanmışdır.

İdarə yeni yaradıldığından onun fəaliyyətini tənzimləyən normativ aktlar və prosedur qaydalarının tənzimlənməsi bu və ya digər sahədə fəaliyyət göstərən tərəfdaşları ilə əməkdaşlıq potensialı­nın, idarə əməkdaşlarının nəzəri bilik və praktiki vərdişlərinin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi zəruri olduğundan Avropa İttifaqının dəstəyi ilə “Avropa Qonşuluq siyasəti Çərçivəsində” həmin quruma üzv ölkələrin dövlət təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Tvinning” layihəsi çərçivəsində əməkdaşlığa başlanılmışdır. Hazır­da qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, qanunvericilik və institusi­onal bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Avropa İttifaqı ilə əməkdaşlıqda “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək adlı” Tvin­ning layihəsi təsdiq edilmiş və tərəfdaş ölkələr tərəfindən layihələrin təqdim edilməsi üzrə müsahibə prosesinə start verilmişdir.

Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II proqra­mının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi icra olun­muş və “Azərbaycan Respublikasında aktivlərin bərpası üzrə institusional və qanunverici bazanın təhlili və təkmilləşdirilməsi üzrə tövsiyyələr” adlı texniki sənəd hazırlanmışdır.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən xari­ci ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülmüşdür. İlk dəfə ola­raq məhkum edilmiş şəxslərin xaricdə olan əmlakların müsadirə edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılmış məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilmiş, təqsirləndirilən şəxsin adına Türkiyə Respublikasının “Yapı Kredi” bank hesabında 87.740,39 ABŞ dolları, Almaniya Respublikasının “Deutche Bank” Kommersiya bank hesabında 10.142.832,04 ABŞ dolları, İsveçrə Kon­federasiyasının Kommersiya bank hesa­bında 1.257.222 ABŞ dolları məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanmış və aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir.

Fəaliyyət göstərdiyi müddət ərzində İdarə tərəfindən istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın o cümlədən, 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcud­luğu yerində yoxlanılmaqla bazar kon­yunkturasına uyğun qiymətləndirilməsi aparılmışdır. Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanı tərəfindən qiymətləndirilmiş əmlaklar üzərinə həbs qoyulmuşdur.

Əmlakların əsassız olaraq həbsdən azad edilməsi ilə bağlı iddialar üzrə idarə əməkdaşları tərəfindən məhkəmə proseslərində tərəf kimi prokurorlu­ğun mənafelərinin müdafiəsi işinə başlanılmışdır. Dövlət nəfinə alınması hökm edilmiş cinayət işləri ilə əlaqədar sonradan verilmiş iddialar üzrə əsassız həbsdən azad edilmiş əmlaklarla bağlı məhkəmə qətnamələri üzrə buraxılmış prosessual müddətlərin bərpası üzrə müraciətlər hazırlanaraq, prokurorluğun maraqlı tərəf kimi iştirakının təmin olun­ması ilə bağlı apelyasiya protestlərinin verilməsi təmin edilmişdir. Xüsusi müsadirə edilməsi hökm olunmuş, lakin icrası təmin edilməmiş əmlaklarla bağlı səbəbləri araşdırılmaqla icra prosesinin sürətləndirilməsi üçün aidiyyəti qurum­larla əlaqə yaradılmış və bu istiqmətdə müvafiq tədbirlər görülmüşdür.

Hazırda cinayət yolu ilə əldə edilmiş aktivlərin izlənməsi, aşkar edilməsi, bərpası və idarə edilməsi üzrə səmərəli mexanizm yaradılması və idarəinin hüquqi və əməliyyat bazasının Avropa İttifaqının qabaqcıl təcrübəsinə uyğun­laşdırılması istiqamətində işlər davam etdirilir.

Vüqar ƏLİYEV,

 Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi

Xalq qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.