Şriftin ölçüsü :
Saytın rəngi :
1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyətinin süqutundan, Azərbaycanda kommunist rejiminin qurulmasından sonra prokurorluq orqanlarının prioritetləri dəyişib, qurum Sovetlər Birliyi prokurorluq orqanlarının bir qolu kimi fəaliyyətini davam etdirib. Ancaq millətimizin şanlı cümhuriyyət ideyalarını yaşatması, milli varlığını qoruyub saxlaması 70 ildən sonra Azərbaycanı yenidən müstəqilliyinə qovuşdurdu. Qısa zamanda Azərbaycan suveren haqlarını bərpa etməyə başladı.
Müstəqilliyin bərpasının ilk illəri digər zəruri qurumlar kimi prokurorluq orqanlarının da fəaliyyətinin ən çətin dönəmi kimi xarakterizə oluna bilər. Sovetlər Birliyindən yeni ayrılan bir ölkə olaraq qanunvericilik bazasının yenidən formalaşdırılması, hakimiyyət uğrunda mübarizələrin dayanıqlı hökumət formalaşmasına imkan verməməsi, Azərbaycanda müstəqil dövlətin institusiallaşmasına hər fürsətdə əngəl olması prokurorluq orqanlarının qanunun aliliyi, hər bir şəxsin qanun qarşısında bərabərliyi prinsiplərinin qorunmasını çətinləşdirirdi. Çox zaman prokurorluq orqanları bir-birini əvəz edən naşı hakimiyyətlərin əlində siyasi rəqiblərə qarşı təzyiq vasitəsinə çevrilirdi. Üstəlik, Sovetlər Birliyinin fəaliyyət metodlarından olan rüşvət faktorunun prokurorluq orqanlarında geniş yayılması dövlət həyatının ən vacib institutlarından olan bu inzibati strukturda olduqca neqativ mənzərə yaratmış, vətəndaş etimadsızlığına səbəb olmuşdu.
Ümummilli lider Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək, hər il oktyabr ayının 1-nin respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair sərəncam imzalamaqla həm də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə prokurorluq qurumunun təsis olunması tarixini əbədiləşdirib. Ulu öndər bununla həm prokurorluq orqanlarına dövlət qayğısının diqqətdə saxlanıldığını, həm də qurumun fəaliyyətinə yüksək dəyər verildiyini, həssas münasibət bəslənildiyini önə çəkib. Müdrik dövlət qurucusu, eyni zamanda, prokurorluğun dünya standartlarına uyğun, dövlət idarəetməsində mühüm rol oynayan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan və müasir tələblərə cavab verən bir təsisata çevrilməsində, fəaliyyətinin təkmilləşdirilməsində, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasında önəmli tədbirlər, mütərəqqi islahatlar həyata keçirib.
Azərbaycan dövlətinin müstəqilliyi daha dönməz xarakter aldıqca, eyni zamanda, cəmiyyətdə dövlətçilik gələnəyi möhkəmləndikcə bu mənfur məqamlar həyatımızdan çıxmağa başlayıb. Artıq Azərbaycan prokurorluq orqanlarının fəaliyyəti ən çağdaş tələblərə cavab verən qanunla tənzimlənir, vətəndaşlar bu struktura cəza maşını kimi deyil, ədalət qapısı kimi baxmağa başlayıb.
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərildiyi kimi, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, insanların hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, siyasi bitərəflik Azərbaycanda prokurorluq orqanlarının əsas prinsipləridir. Prokurorluq orqanlarının bugünkü fəaliyyətini izləyərkən qanunun bu müddəasının tələblərinə necə ciddi əməl edildiyini aşkar görmək mümkündür. Özəlliklə son bir neçə ildə prokurorluq orqanlarında aparılan islahatlar, vəzifələrə təyinat zamanı professional tələblərin yüksək tutulması, önə çəkilməsi, təsadüfi şəxslərin strukturdakı yüksək postlara təyin edilməsinin qarşısının alınması, qanunun aliliyi prinsipinin bütün addımlarda əsas tələb kimi irəli sürülməsi sistemin ciddi şəkildə təmizlənməsinə, ölkə üzrə qanunçuluğun qorunması əmsalına çox ciddi təsir göstərib.
Azərbaycan prokurorluq orqanlarından danışarkən cəmiyyətin şəffaflığında, eyni zamanda hakimiyyət-vətəndaş münasibətlərinin daha sağlam müstəviyə daşınmasında xüsusi yeri olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin fəaliyyətindən danışmamaq mümkün deyil. Dövlət və cəmiyyət həyatını sarsıdan, bir çox neqativlərin kökündə dayanan korrupsiya ilə mübarizənin daha ciddi və sistemli xarakter almasında bu qurumun müstəsna xidmətləri var. Bu gün Azərbaycan vətəndaşlarının çoxu məhz bu strukturun timsalında ölkədə dərin islahatlar aparıldığının, büdcə talançılarına, dövlətimizin dayaqlarının zəiflədilməsinə birbaşa xidmət edən korrupsiyanın kökünün kəsilməsinə necə ciddi savaş açılmasının şahidi olurlar.
Nəticələr özünü çox gözlətməyib. Korrupsiya ilə mübarizə üçün prokurorluq orqanlarının xüsusi qolu yaradılandan sonra məmur məsuliyyəti ciddi şəkildə artmağa başlayıb. Eyni zamanda, müsbət məqamlarından biri kimi vətəndaşların dövlət həyatından iştirakçılıq faizinin yüksəlməsini də qeyd etmək olar. Bu qurum yaradılandan sonra vətəndaşlar hökumət strukturları ilə bərabər, dövlət büdcəsinin talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə, o sıradan rüşvətlə mübarizədə birgə səylərin qısa zamanda çox ciddi nəticələr verdiyinin şahidi olublar.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmış və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan Respublikası üçün olduqca böyük hədəflər açıb. Artıq Azərbaycan savaşaqədərki ölkə deyil. Dövlətimizin möhkəmlənməsi ilə yanaşı, bizim hədəflərimiz daha da genişlənib. Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi, bununla yanaşı Türkiyə və Pakistanla bərabər imzaladığımız Bakı Bəyannaməsi Azərbaycan dövlətinin nüfuz coğrafiyasını dəfələrlə genişləndirib.
Bir zamanlar beynəlxalq önəmi daha çox Avropanın enerji təhlükəsizliyi ilə ölçülən Azərbaycan bu gün Uzaq Şərq ilə Qərb arasında əsas kommunikasiyalarla bağlı ciddi yatırımlar həyata keçirən, çoxsaylı alternativlər yaradan güclü bir dövlətə çevrilib. Bu böyük hədəflərin həyata keçirilməsi, dövlətimizin beynəlxaq nüfuzunun artırılması, ölkənin inkişafı, özəlliklə Qarabağın yenidən qurulması üçün vacib olan sağlam investisiya mühitinin yaradılmasının tək yolu Azərbaycanda qanunun aliliyini təmin etmək, hüquqi dövlət quruculuğunu sürətləndirməkdir.
Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir. Ölkənin prokurorluq orqanlarının əməkdaşları ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də daim qayğı və diqqətlə əhatə olunmuşlar. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyəti var idi.
Həmçinin, qeyd edilməsi zəruridir ki, prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən 2020- ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020–2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qarşıda duran vəzifələrin yerinə yetirilməsinə, uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaratmaqdadır.
Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyevin siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.
Heç şübhə etmirik ki, Azərbaycan Respublikasının prokurorluq orqanları ölkədəki hüquq islahatlarının həyata keçirilməsinin önündə gedəcək, hüquqi əsasların daha da möhkəmləndirilməsi ilə ölkəmizin hərtərəfli qüdrətlənməsində töhfəsini artıracaqdır. Yaradılmasının 103-cü ildönümündə prokurorluq orqanlarının bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, Azərbaycan dövlətinin güclənməsinə xidmətlərində həmkarlarımıza böyük uğurlar arzulayırıq.
Azad QARAYEV,
Gəncə şəhər prokuroru,
Baş ədliyyə müşaviri
Xalq qəzeti