Şriftin ölçüsü :

Saytın rəngi :

Ədalət prinsipi və peşəkarlıq

17.09.2021

"Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır". Heydər ƏLİYEV.

 Böyük qürur və iftixar hissilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ölkəmizin həyatında əlamətdar bir dövrə, “18 Oktyabr --Müstəqillik Günü”nün 30 illiyi ərəfəsinə təsadüf edir. Müstəqilliyimizin bərpasından ötən otuz il ərzində dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Uğurlarımızın əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində qurulub və indiki yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan Prokurorluğunun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması da ulu öndər Heydər Əliyevin adı ilə  bağlıdır.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında Ümumxalq Referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratmışdır. Prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda Heydər Əliyevin  şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu addım Prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin Prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti  xüsusi qeyd edilməlidir. Həmin müşavirədəki tarixi çıxışında "Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür" deyən ulu öndər Heydər Əliyev Prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yer almış bəzi nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.  Məhz həmin müşavirədən sonra Prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.

Müasir dövrdə hər bir cəmiyyətdə müşahidə edilən korrupsiya xarakterli cinayətlərə qarşı ölkəmizdə elan olunmuş barışmaz mübarizə dövlət başçısının siyasi iradəsidir. "Korrupsiyaya qarşı Mübarizə haqqında" Qanunun tətbiq edilməsi barədə 2004-cü il 3 mart tarixli sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı mübarizəni Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır. Eləcə də "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli fərmanla dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi və s. halların obyektiv yoxlanılmasının təmini ilə əlaqədar prokurorluq orqanlarının da qarşısında mühüm vəzifələr qoyulmuşdur.

19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə Azərbaycan Prokurorluğunun kadr tərkibinin yenidən formalaşdırılmasına təkan vermiş, işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla həyata keçirilməsini təmin etmişdir.

Belə ki, 2002-ci ildən tətbiqinə başlanılan və ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan Prokurorluq orqanlarına dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində, müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütəxəssislər hazırda Prokurorluğun kadr korpusunun üçdə ikisindən çoxunu təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş  gənc hüquqşünasların bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər.

Respublikamızda həyata keçirilən kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun olaraq, Prokurorluq orqanlarının da əsas fəaliyyət istiqamətlərindən birini kütləvi informasiya vasitələri və digər vətəndaş cəmiyyəti institutları ilə əlaqə, vətəndaşların hüquqi maarifləndirilməsi təşkil edir. Bu istiqamətdə respublika Prokurorluğu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlər görülmüş və onların səmərəliliyinin artırılması məqsədilə KİV və digər vətəndaş cəmiyyəti institutları ilə faydalı təmaslar qurulmuşdur.

Yaradılmasının  103  illiyi ərəfəsində onu da vurğulamaq istərdik ki, Prokurorluq orqanları ötən dövrdə çətin və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək bugünkü səviyyəsinə yüksəlmişdir. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Baş Prokurorluq və onun ayrı-ayrı strukturları qanunla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

1 may 2020-ci ildə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına yeni Baş prokuroru vəzifəsinə II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevi təyin etməsi və elə həmin gün videoformatda qəbulu zamanı verdiyi dəyərli tapşırıq və tövsiyələri Prokurorluğun inkişafının yeni, islahatlar və səmərəli dəyişikliklər mərhələsinin başlanmasına təkan vermişdir.

Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı Prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.      

 Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışmış, xidməti fəaliyyətlərini digər dövlət orqanları və ictimaiyyət nümayəndələri ilə qarşılıqlı əlaqəli şəkildə quraraq düşmən ölkənin hərbi və siyasi rəhbərliyi tərəfindən xüsusilə dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin qeydə alınması, cinayət işləri başlamaqla ağır və təhlükəli şəraitlərdə operativ istintaq hərəkətlərinin aparılmasını, suverenliyimizi təhdid edən və terrorçuluq fəaliyyəti ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmişdir.

Prokurorluğun hər bir əməkdaşı bu orqana dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini həmin müasir tələblər səviyyəsində qurmaq, Prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır.

Peşə bayramlarını qeyd edən Prokurorluq orqanları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.

Namiq MURADOV,

Quba rayon prokuroru, baş ədliyyə müşaviri.

Respublika qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.