Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarında islahatlar uğurlu nəticələr verir

14.09.2021

Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram!

Heydər ƏLİYEV

Ümummilli lider

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir... Ona görə hüquq-mühafizə orqanlarında da, digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1918-1920-ci illərdə mövcud olmuş, bütün müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmış ilk milli prokurorluq orqanı 103-cü ildönümünü qeyd etməyə hazırlaşır.

14 aprel 1919-cu il tarixdə isə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən «Azərbaycan Respublikasında Hərbi-məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamə» qəbul edilmiş və həmin Əsasnaməyə uyğun olaraq Azərbaycan Hərbi Məhkəməsinin idarəçiliyi Hərbi nazirlik tərəfindən həyata keçirilmiş, həmçinin Azərbaycan Hərbi Məhkəməsinə prokuror nəzarəti Hərbi nazirin əmri ilə təyin olunmuş Hərbi Məhkəmənin prokuroruna həvalə edilmişdir. Bununla da, milli hərbi prokurorluq təsisatının da əsası qoyulmuşdur.

Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu prinsiplərinə sadiqliyini bəyan etdi. Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i Respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, həmin vaxtdan indiyədək hər il bu tarix prokurorluq əməkdaşları tərəfindən təntənəli şəkildə qeyd edilir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik konsepsiyasını müasir beynəlxalq standartlara uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanları sistemində də irimiqyaslı, ardıcıl islahatlarla müşayiət olunmaqdadır. Məhz Ümummilli Lider Heydər Əliyev və layiqli davamçısı Prezident İlham Əliyevin yüksək qayğı və diqqəti  sayəsində  prokurorluq orqanlarının demokratik dəyərlərə əsaslanan normal fəaliyyətinin  təmin edilməsi üçün istər qanunvericilik, istərsə də effektiv maddi-sosial baza yaradılmışdır.

Aparılmış mütərəqqi islahatların nəticəsində, qabaqcıl beynəlxalq təcrübələrlə səsləşən, ümumbəşəri demokratik ideya və prinsiplərə əsaslanan modern dövlətçilik mexanizmi yaradılmış, məhkəmə-hüquq sistemi də belə sağlam bünövrə əsasında formalaşdırılmaqla inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu baxımdan, prokurorluq orqanlarında aparılan islahatlar həm beynəlxalq standartlara, həm də Azərbaycan xalqının milli dövlətçilik ənənələrinə əsaslanmaqla müstəqil dövlətimizin uzunmuddətli perspektivdə uğurlu tərəqqisinə nail olmağı hədəfləməkdədir.

Azərbaycan Prokurorluğu konstitusion vəzifələrindən irəli gələn, qanunun aliliyinin təmin olunması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə kimi mühüm fəaliyyət istiqamətlərində aparıcı və mərkəzi rola malik mühüm dövlət təsisatı kimi dövlətçiliyin qorunması və inkişafına böyük töhfələr vermişdir.  

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyanın qəbul edildiyi 1995-ci ildən indiyədək aparılmış qanunvericilik islahatları nəticəsində Azərbaycan Prokurorluğu cinayət işi başlamaqla ibtidai istintaqın aparılması, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, məhkəmədə dövlət ittihamının müdafiə edilməsi və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak, habelə məhkəmədə iddia qaldırmaq,  məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək kimi fəaliyyət istiqamətləri ilə yanaşı, qanunvericilik təşəbbüsü hüququnun, həmçinin korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektinə çevrilmişdir.

Daim yeniləşən dünyada sürətlə baş verən proseslərə daha çevik reaksiya göstərə və lazımi nəticələrə nail ola biləcək mobil dövlətçilik strukturlarının formalaşdırılması günümüzün reallığı kimi hər bir prokurorluq əməkdaşının qarşısına yeni vəzifələr qoyur, onlardan daha məsuliyyətli olmağı və xidmətə vicdanlı münasibəti tələb edir. Müasir dövrdə dövlət orqanlarının hər biri, xüsusilə hüquq-mühafizə orqanları üçün ən aktual vəzifə, dövlətimizin ali məqsədi olan  insan və vətəndaş hüquq və azadlıqlarının daha effektiv müdafiəsinə nail olmaqdır.  Ulu Öndərin «Prokurorluq   Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir» sözləri bu mənada prokurorluq orqanları əməkdaşlarının öz xidməti vəzifələrinə necə yüksək səviyyədə tələbkarlıqla yanaşmalı olmalarına dair verilmiş çox yüksək qiyməti və məsuliyyəti ehtiva edir.

Özünün inkişaf tarixində, əsasən, sosial həyatın mənfi təzahürlərindən olan cinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanlarının fəaliyyətinin daha da stimullaşdırılması, maddi-texniki bazasının  möhkəmləndirilməsi, prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 may 2020-ci il tarixdə cənab Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilməsi ilə əlaqədar çıxışında prokurorluq orqanlarının dövlət həyatında tutduğu əhəmiyyətli rolu, fəaliyyət istiqamətləri,  struktur və kadr islahatlarına dair mütərəqqi fikirləri və tələbləri Azərbaycan Prokurorluğunun yol xəritəsi hesab olunmaqla, həmin tarixdən başlayan mütərəqqi islahatların təməl prinsiplərinə çevrilmiş, bu orqanların qarşısında yeni, parlaq səhifə açmaqla, hər bir prokurorluq əməkdaşının bu çağırışlara əsaslanan fəaliyyətini şərtləndirmişdir.

Prokurorluğun dövlətçiliyə  sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü, yüksək mənəviyyata malik peşəkar kadrlardan ibarət yeni kadr korpusunun formalaşdırılması aparılan islahatların əsas istiqamətlərindən birini təşkil edir. Dövlət Başçısının 2020-ci ilin mayın 1-də Baş prokuror vəzifəsinə yeni təyinatla əlaqədar səsləndirdiyi «Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar. Eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır»  fikirləri prokurorluğun kadr siyasətinin bütün parametrlərini müfəssəl müəyyən edən tezis rolunu oynayır.

Aparılan köklü islahatların tərkib hissəsi kimi Dövlət Başçısının 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilərək onların bazasında yeni idarələr təsis olunmuş, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun  tərkib hissəsi olan Azərbaycan Respublikasının Hərbi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin yeni strukturu təsdiq edilmişdir.

Həmin sərəncama əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da yeni strukturu təsdiq edilmiş, yeni şöbə və idarələr yaradılmış, bəzi idarə və şöbələrin səlahiyyətləri və strukturu ilə əlaqədar uyğun dəyişikliklər edilmişdir.

İslahatların tərkib hissəsi kimi müasir çağırışlara uyğun olaraq, prokurorluğun bütün istiqamətləri üzrə fəaliyyətini tənzimləyən, daha çevik və operativ, çağdaş tələblərə cavab verən «İşin Təşkili Qaydaları» təsdiq edilməklə 1 avqust 2020-ci il tarixdən qüvvəyə minmişdir. «Qaydalar»ın  qısa müddət ərzində hazırlanaraq icraya yönəldilməsi bu qurumlarda funksional idarəetmənin vahid mexanizminin yaradılmasını, həmin sahədə keçmişdə olan çatışmazlıq və nöqsanların aradan qaldırımasını təmin etmişdir. Xüsusilə vurğulanmalıdır ki, yeni «Qaydalar»ın qüvvəyə minməsi ilə rayon, şəhər və tabe hərbi prokurorlarının bir sıra qanuni səlahiyyətlərinin məhdudlaşdırılmasına dair əvvəllər mövcud olmuş normalar ləğv edilmiş, bununla da müvafiq prokurorların qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş bütün vəzifələrini müstəqil həyata keçirmələrinə tam şərait yaradılmışdır. Həmin «Qaydalar»la digər sahələr üzrə də mütərəqqi, çevik, operativ mexanizmlər yaradılmış, mövcud tələblərə zidd olan normativ aktlar ləğv edilmişdir.

Prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən «Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası»nın qəbulu da bu qurumun fəaliyyətinin yaxın perspektivləri ilə bağlı əsas proqram rolunu oynayır.

Xüsusilə,  dövlətin təməl prinsiplərinə, cəmiyyət həyatının bütün sferalarının və dövlət orqanlarının normal fəaliyyətinə, ictimaiyyətin sosial ədalət ideallarına ciddi təhdid yaradan daha təhlükəli asosial hadisə olan korrupsiya cinayətlərinə qarşı davamlı və effektiv mübarizə prokurorluq orqanlarının fəaliyyətində ən mühüm hədəflərdən biri kimi aktuallığını daim saxlayır. Bu istiqamətdə dövlət başçısı, cənab İlham Əliyev tərəfindən həyata keçirilən kompleks institusional, struktur və kadr islahatları, heç şübhəsiz, prokurorluğun hər bir konkret korrupsiya təzahürlərinə, cinayət əməllərinə qarşı barışmaz mübarizə fəaliyyəti ilə birlikdə gözlənilən nəticələri verə bilər.

Sosial münasibətlərin strukturu və dinamikasında baş verən köklü dəyişikliklər prokurorluq orqanları tərəfindən cinayətkarlıqla mübarizədə ən müasir üsul və vasitələrdən, yeni elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadə olunmasını tələb edir. Prokurorluq işçilərinin, xüsusilə müstəntiqlərin qabaqcıl beynəlxalq təcrübə və vərdişlərə yiyələnmələri cinayətkarlıqla mübarizədə peşəkarlıqlarının artırılması üçün zəruri tələblərə çevrilmişdir.

Cinayət işləri üzrə ibtidai istintaqın qarşısında duran ən mühüm vəzifələr kimi tam, hərtərəfli və obyektiv istintaq hərəkətləri icra etməklə cinayətlərin isti izlərlə açılması, cinayət törətmiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilməsi, dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiəsinin yüksək səviyyədə icra edilməsi hər bir prokurorluq əməkdaşının, o cümlədən müstəntiqlərin zəruri nəzəri biliyə və təcrübi vərdişlərə malik olması ilə sıx əlaqədardır.

Azərbaycan Prokurorluğunun strukturuna daxil olan Hərbi Prokurorluq orqanları tərəfindən də prokurorluğun qarşısına qoyulmuş və bilavasitə hərbi prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş, prokurorluğun fəaliyyət istiqamətləri üzrə bütün vəzifələrin icrası istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, cənab Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluğun kollektivi  tərəfindən Silahlı Qüvvələrdə yüksək hərbi intizamın bərqərar edilməsi və möhkəmləndirilməsi, hər cür hüquqazidd əməllərin, o cümlədən cinayətkarlığın bütün təzahürlərinin profilaktikası və qarşısının alınması, nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılması, hazırlanan və törədilmiş cinayətlərin isti izlərlə açılması, təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, dövlətə və ayrı-ayrı şəxslərə vurulmuş ziyanın ödətdirilməsi və sair sahələrdə davamlı faydalı nəticələr əldə olunmuşdur.

Hərbi qurumlarda korrupsiya hüquqpozmaları ilə mübarizə aparılması, zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

 Təcavüzkar Ermənistanın işğalçı silahlı qüvvələri və hərbi caniləri tərəfindən son onilliklər ərzində Azərbaycan Respublikasına qarşı törədilmiş məlum sülh və insanlıq əleyhinə və sair kateqoriya cinayətlərin ibtidai istintaqının aparılması, cinayətlərin törədilmə mexanizminin bütün elementlərinin, zərərçəkmiş şəxslərin, onlara vurulmuş ziyanın, cinayətkarların təşkilatçı və icraçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi  üçün kompleks əməliyyat-istintaq hərəkətlərinin təşkili və icra edilməsi hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini vicdanlı və layiqincə icra etmələri, fədəkar əməyi nəticəsində mümkün olmuşdur.

2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində, ardınca isə həmin ilin sentyabrın 27-də bütün cəbhə boyu «yeni ərazilər uğrunda yeni müharibə» irticaçı siyasətini yürüdən Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə işğalçılıq cinayətlərinə başlayan erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin komandanlığı altında müzəffər Azərbaycan Ordusunun əks-hücumları nəticəsində cəmi 44 gün ərzində darmadağın edildi, özləri barəsində uydurduqları «məğlubedilməzlik»  mifi məhv edildi, Prezidentimizin yüksək siyasi məharəti sayəsində Ermənistan beynəlxalq arenada tam siyasi iflasa və təcridə uğradı, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etdi və 30 illik mürtəce işğala son qoyuldu.

44 günlük Zəfər  müharibəsindən bir neçə gün əvvəl cəbhənin ayrı-ayrı istiqamətlərində Ermənistanın vəziyyəti qəsdən gərginləşdirməyə yönəlmiş işğalçılıq hərəkətlərinə rəvac verməsi səbəbindən cəbhəyanı bölgədə yaranmış mürəkkəb vəziyyət zamanı Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, əhval-ruhiyyəsi ilə yerində tanış olmaq və prokurorluğun səlahiyyətlərindən irəli gələn zəruri tədbirlər görmək məqsədilə  Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin və Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi Prokuroru cənab Xanlar Vəliyevin təmas xəttində yerləşən bölmələrimizə birgə səfərləri bütün prokurorluq işçilərinin fəaliyyətində nümunəyə çevrilmiş, onları müharibə günlərində daha məsuliyyətli və fədakar olmağa, gecəli-gündüzlü yorulmadan çalışmağa ruhlandırmışdı.

 Bilavasitə döyüş əməliyyatları başlayan ilk gündən Respublika Hərbi Prokurorluğunda Operativ Qərargah yaradılmış, hərbi prokurorluğun bütün əməkdaşları bu müqəddəs iş üçün səfərbər olunmuş, əksər əməkdaşlar cəbhə bölgələrinə ezam olunmuş,  aidiyyəti dövlət qurumları ilə birgə xidməti vəzifələrini yüksək fədəkarlıqla yerinə yetirmişlər. Hərbi prokurorluq əməkdaşları təkcə sırf xidməti vəzifələrinin icrası, o cümlədən hər bir cinayət faktı ilə əlaqədar təxirə salınmadan cinayət işlərinin başlanılaraq ibtidai istintaq aparılması ilə deyil, həm də döyüşən bölmələrdə xidmət aparan hərbi qulluqçuların əhval-ruhiyyələrinin, vətənpərvərlik hisslərinin, döyüş ruhunun yüksəldilməsi, onlara zəruri hüquqi biliklərin aşılanması, şəxsi heyətin hüquqi məsuliyyət və sair məsələlərlə bağlı maarifləndirilməsi, bölmələrin hərbi hazırlığı və döyüş qabiliyyətinə pis təsir edə biləcək hər cür mənfi təzahürlərin aşkara çıxarılaraq aradan qaldırılması, hərbi intizama ciddi riayət edilməsi ilə əlaqədar üzərlərinə düşən bütün vəzifələrin layiqincə icra edilməsinə çalışmış və buna nail olmuşlar.

Döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və bununla bağlı müvafiq istintaq və təşkilati tədbirlərin planlaşdırılmaqla həyata keçirilməsi, xəsarət almış bütün hərbi qulluqçuların qeydə alınmaqla müvafiq tibb müəssisələrinə yerləşdirilərək keyfiyyətli müalicə almaları zamanı da Hərbi Prokurorluğun rəhbərliyi və əməkdaşları digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri ilə birgə xidməti, insani və vətəndaşlıq borclarını yüksək məsuliyyətlə yerinə yetirmiş, tarixi Zəfərin əldə edilməsinə qismən də olsa öz töhfələrini verə bilmişlər.

Həmin döyüş əməliyyatları gedişində Ermənistanın işğalçılıq cinayətləri ilə əlaqədar Hərbi Prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə və sair cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələri ilə cinayət işləri başlanılmaqla real müharibə, ağır döyüş əməliyyatları gedişində zəruri olan bütün mümkün istintaq hərəkətləri keyfiyyətlə icra olunmuş, Ermənistanın təcavüzkar cinayətləri istintaq sübutları ilə rəsmiləşdirilməklə zəruri addımların atılması hazırda da davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq əməkdaşlarına həmişə lazımi diqqət və qayğı göstərildiyi kimi, prokurorluq işçilərinin 44 günlük müharibədə göstərdikləri əməyi də Dövlət Başçısı tərəfindən yüksək qiymənləndirilərək xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 prokurorluq işçisi, o cümlədən Hərbi Prokurorluğun 9 işçisi 30 dekabr 2020-ci il tarixli sərəncamla müvafiq orden və medallarla təltif edilmişlər.

Hazırda da Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən qanunla qarşısına qoyulmuş bütün vəzifələrin yüksək səviyyədə, nümunəvi yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir. İnsan həyatının  qanunla qorunan bütün dəyərlər içərisində ən yüksək yerdə dayandığı əsas götürülərək Respublika Hərbi Prokurorluğu tərəfindən insan həyatına qəsd edən cinayətkar əməllərlə mübarizə daim xüsusi diqqət mərkəzində saxlanılır. Silahlı Qüvvələrdə qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşısının alınması məqsədilə Respublika Hərbi Prokurorluğunda il ərzində iki dəfə bu kateqoriyadan olan cinayətlərin baş verməsinin səbəb və şəraiti, məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə ayrı-ayrı qoşun növləri və hərbi idarələrin vəzifəli şəxslərinin iştirakı ilə kollegiya iclaslarında müzakirə edilir, müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. Hərbi prokurorluq əməkdaşları tərəfindən digər dövlət orqanları və ya ictimai təşkilatların nümayəndələrinin iştirakları ilə bayram və digər əlamətdar günlərdə hərbi hissələrdə şəxsi heyətlə mütəmadi görüşlər təşkil edilir, hüquqi təbliğat, mədəni-kütləvi tədbirlər icra olunur. Hərbi hissə və idarələrdə hərbi prokurorluq işçilərinin xidməti vəzifələrinin icrası ilə eyni zamanda hərbi qulluqçuların fərdi qəbullarının keçirilməsi yolu ilə onların qayğı və problemlərinin yerində öyrənilməsi və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilir.

Məhz Hərbi Prokurorluq orqanları tərəfindən xidməti vəzifələrin layiqincə icra edilməsi, Silahlı Qüvvələrin komandanlıqları, digər dövlət orqanları və aidiyyatı təşkilatlarla birgə profilaktiki, hüquqi təbliğat və sair sahələrdə görülmüş işlərin, ibtidai istintaqın keyfiyyətlə aparılmasının, cinayət işlərinin istintaqına prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində cinayətkarlığın dinamikasında və xarakterində ciddi müsbət keyfiyyət dəyişiklikləri baş vermiş, cəmiyyət üçün narahatlıq doğuran bir sıra ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, habelə ənənəvi olaraq yüksək göstəricilərlə müşayiət olunan hərbi cinayətlərin sayı ilbəil, bəzi kateqoriya cinayətlərlə bağlı isə kəskin azalmışdır.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməmişdir.  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli  «İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında» sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər Ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə  yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılmışdır. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikası