Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşlarının nəzəri və peşə hazırlığının artırılması məqsədi ilə tədris tədbirləri davam etdirilir

13.09.2021

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə tədris tədbirləri davam etdirilir.
Silsilə xarakteri daşıyan və artıq sayca üçüncü tədris tədbirləri 13 avqust 2021-ci il tarixdən başlayaraq keçirilir.
10 sentyabr 2021-ci il tarixdə “Zoom” proqramı vasitəsi ilə onlayn şəkildə keçirilmiş növbəti tədris tədbiri zamanı müvafiq sahələr üzrə zəngin təcrübəsi olan mühazirəçilər tərəfindən dinləyicilərə “Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan səciyyəvi kobud pozuntular” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” mövzusunda mühazirələr deyilmiş, mövzular ətrafında geniş müzakirələr aparılmış, dinləyicilərin maraq doğuran sualları cavablandırılmışdır.
Tədbir zamanı həmçinin, milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali məhkəmənin plenum qərarları barədə dinləyicilərə ətraflı məlumatlar verilmişdir. 
Tədbirin sonunda maraq doğuran digər suallar mühazirəçilər tərəfindən cavablandırılmış, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.