Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl RMX-da bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi faktı ilə bağlı cinayət işi başlanıb

07.09.2021

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü  üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək  bir neçə şəxsin “COVİD-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı  rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. 
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.