Şriftin ölçüsü :

Saytın rəngi :

Tərəqqinin əsas dayaqlarından biri hüquq sisteminin təkmilləşdirilməsidir

02.05.2021

Prokurorlar demokratik cəmiyyətdə proku­rorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsi­piallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar.

Ulu öndər Heydər Əliyev xatırladırdı ki, dövlət iki şeydən sarsıla bilər: “Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. 1993-cü ilin yayından sonrakı proseslər ümummilli liderimizin uzaqgörənliklə söylədiyi həmin fikrin real həyatdakı təsdiqinə çevrildi. Çünki gənc müstəqil Azərbaycan dövləti çoxsaylı təzyiqlərə, təhdidlərə, bədxahlarımızın fitnə-fəsadlarına baxmayaraq, nəinki sarsılmadı, hətta ildən-ilə, aydan-aya inkişaf edərək, müasir dünyanın əsas aktorlarından birinə çevrildi. Biz, hüquq-mühafizə orqanlarının əməkdaşları fəxr edirik ki, dövlətimizin qazandığı böyük nailiyyətlərdə bizim də payımız vardır. Məmnunluqla xatırladırıq ki, Azərbaycanın hüquq-mühafizə orqanları daim ulu öndərin siyasətini dəstəkləmiş, Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmişlər.

Tam qətiyyətlə deyə bilərik ki, nəinki 1993-2003-cü illərdəki irəliləyişlərimizin, hətta bu günədək qazandığımız bütün uğurların təməlində, məhz Heydər Əliyev siyasi kursu, onun start verdiyi hərtərəfli islahatlar və xüsusən, gənc müstəqil dövlətimiz üçün hava və su kimi vacib olan hüquq islahatlarının prinsipiallıqla davam etdirilməsi dayanır. Ulu öndər çıxışlarından birində de­mişdir: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demok­ratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”. Heydər Əliyev belə bir perspektivi istəyirdi. Onun siyasi varisi və müasir nailiyyətlərimizin müəllifi olan Prezident İlham Əliyev Azərbaycanı, məhz həmin düstur üzrə inkişaf etdirdi.

Xalqımızın ümummilli lideri başqa bir çıxında isə demişdir ki, biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik: “İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. An­caq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik”.

Böyük dövlət xadiminin qeyd etdiyi özbaşınalıq və hərc-mərcliyin nəticələrini Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı nitqində çox aydın ifadə etmişdir: “Hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər… Ondan son­ra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı”.

Mən bu sətirləri qələmə alarkən fəxr edirəm ki, Azərbaycan prokurorluğu, ümumiyyətlə, hüquq-mühafizə orqanlarımız çox böyük mübarizələrdən keçmiş, milli dövlətçiliyin qorunmasın­da fəal iştirak etmişdir. Atəşkəs dövründə, əmin-amanlıq illərində işləməyə nə var ki?! Çətini məhz cənab Prezidentin xatır­latdığı illərdə xalqın və dövlətin mənafeyini qorumaq idi. Bizim təcrübəli həmkarlarımız həmin vəzifənin öhdəsindən də layiqincə gəlmişlər.

Prokurorluq orqanlarının vəzifələrindən söz düşmüşkən, bir faktı da yada salaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi bu vəzifəyə təyin ediməsi münasibətilə videoformatda qəbul edərkən müasir dövrdə prokuror­luq orqanlarının üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişdir.

Dövlət başçımız xatırlatmış­dır ki, bu gün ölkəmizin bütün sahələrində olduğu kimi, prokuror­luq orqanlarında da daha geniş­miqyaslı islahatlara ehtiyac var. Cənab Prezident məmnunluğunu dilə gətirmişdir ki, biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanla­rında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Ancaq dövlət başçımız təkcə islahatların aparılması ilə kifayətlənmir. Prokurorluq orqan­larının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilir. Son 17 ildə bu istiqmətdə həyata keçirilən layihələrin pik nöqtəsi ilə bu il fevralın 8-də tanış ol­duq. Həmin gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışın­da iştirak etmişdir.

Həmin faktı yada salmaqda məqsədim odur ki, Baş Prokuror­luğun fəaliyyətinə stimul olacaq yeni binanın imkanlarını xatırla­dım. O tədbirdə dövlət başçımıza məlumat verildi ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokuror­luğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunika­siya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara uyğunlaşdırılıb. Elə cənab Prezidentin bizim qarşımıza qoyduğu ilk vəzifələrdən biri də məhz vətəndaş məmnunluğunun təmin olunmasıdır.

Dövlət başçısının fikrincə, insan hüquq və azadlıqları­nın, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir. Hüquq mütəxəssislərinin fikrincə isə insan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayış­lardır. Mütərəqqi hüquqi islahat­ların həyata keçirildiyi dövlətlərdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olun­ması artıq əksər dövlətlərin təcrübəsində öz təsdiqini tap­mışdır. Yəni ölkəmizdə rifahın və inkişafın təmin edilməsini ali dövlət rəhbərliyi tələb edir, mütəxəssislər isə həmin tələbləri reallığa çevirirlər. Şəksizdir ki, bütün bunlar ölkədə qətiyyətlə davam etdirilən islahatlar fonunda baş verir.

Prokurorluq orqanlarında aparılan islahatları isə hörmətli baş prokurorumuz Kamran Əliyev hələ ötən ilin yayında bu şəkildə xarakterizə etmişdir: “Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardi­nal islahatların tərkib hissəsidir. Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazır­kı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyəti dərk edilərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdı­rılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da isla­hatların həyata keçirilməsi zərurəti ortaya çıxıb”.

Baş prokuror xatırladıb ki, hüquq-mühafizə orqanlarında, o cümlədən, prokurorluqda ge­nişmiqyaslı islahatların aparıl­ması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunub. Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların irəli çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda, dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli məqamlar kimi vurğulanıb.

Fikrimcə, məsələyə bu prizmadan yanaşılması təkcə peşəkarlıqdan yox, həm də vətəndaş təəssübkeşliyindən irəli gəlir. Diqqət yetirin. Qeyd edilir ki, prokurorluq orqanlarında kadr is­lahatları zamanı “gənc, bilikli, mü­asir yanaşmalara malik kadrların irəli çəkilməsi ilə yanaşı, təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi” bir məsuliyyət, vəzifə olaraq, qarşıya qoyulur. Bu isə növbəti uğurlara zəmin yaradıl­ması deməkdir.

Qeyd edək ki, ötən il mayın 1-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qəbulunda olan baş prokurorumuz, hörmətli Kamran Əliyev bildirmişdir ki, prokurorluq orqanlarının fəaliyyət dairəsi doğrudan da genişdir. Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri də təbii ki, ağır cinayətlərə, dövlətə, dövlətçiliyə qarşı yönələn bütün daxili və xarici təhdidlərə qarşı amansız mübarizə aparmaqdır. Bu sahədə təbii ki, prokurorluq or­qanları digər dövlət qurumları ilə – həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birba­şa sıx əlaqədə işləməlidirlər.

Mən qətiyyətlə deyə bilərəm ki, hörmətli baş prokurorun dilə gətirdiyi həmin tezislər bu gün mü­asir Azərbaycanın həqiqətləri sıra­sındadır. Biz fəxr edirik ki, 44 gün­lük Vətən müharibəsi dövründə və xüsusən, ərazilərimizin düşmən əsarətindən azad edilməsindən sonrakı aylarda prokurorluq orqanları böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmişlər. Əminəm ki, bu tendensiya qar­şıdakı bütün aylarda və illərdə, məhz dövlət başçısının qarşı­mıza qoyduğu şəkildə davam etdiriləcəkdir.

Biz şanlı Azərbaycan dövlətinə, müzəffər Ali Baş Komandana və qalib xalqımıza xidmət etməyin məmnunluğunu yaşayırıq.

Hidayət NURƏLİBƏYOV,

 Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri

 Xalq qəzeti

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.