Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankara şəhərində səfərdə olublar. Səfər qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda təşkil edilən beynəlxalq simpoziumda iştirak etmək məqsədilə həyata keçirilib.
Nümayəndə heyəti sentyabrın 1-də Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında olublar.
Baş Prokurorluq və Ali Məhkəmə adından Ümummilli Liderimizin Parkda yerləşən abidəsi önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxış ilə açılışı keçirilən Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin təqdimetmə mərasiminə qatılıb.
Sentyabrın 2-də Azərbaycan tərəfinin də iştirakı ilə 14 ölkənin Baş prokuroru və Ali Məhkəmə sədrlərinin təmsilçiliyində “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda beynəlxalq simpozium keçirilib.
Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş nitqi ilə açan Ali Məhkəmənin sədri Mehmet Akarca simpoziumun məqsəd və vəzifələrindən danışaraq, ölkəsində hüquq və ədalət sistemində həyata keçirilən reformalar, onların əhatə dairəsi hüquq və məhkəmə proseslərindəki yeniliklərdən danışıb.
Simpoziumda çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun tərkibində aparılmış struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət mühakimə icraatında və cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən müvafiq instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsində prokurorluğun yeri və rolu barədə tədbirlər iştirakçılara çatdırılıb.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə geniş yer ayıran Baş prokuror Kamran Əliyev ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun həyata keçirdiyi xilaskarlıq missiyası başda olmaqla xalqlarımızın və dövlətlərimizin ən çətin sınaqlardan keçərək hər zaman dar gündə bir-birinin yanında olmasını bütün dünyaya örnək kimi dəyərləndirib.
Həmin gün Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinlə görüşlər keçirilib. Tarixi köklərlə bir-birinə sıx bağlı olan xalqlarımızın əzəli qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyi bildirilərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” kəlamları ilə ifadə edildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət, həmçinin tarixi əhəmiyyətli Şuşa Bəyannaməsinin imzalanması nəticəsində iki qardaş ölkə arasında əlaqələrin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı xüsusi vurğulanmışdır.
Görüşlərdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə siyasi-mənəvi dəstəyini nümayiş etdirməklə birliyimizi və qardaşlığımızın sarsılmaz olduğunu bir daha bütün dünyaya bəyan edib.
Bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində bir sıra ölkələrin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bosniya və Herseqovina, Bolqarıstan, Şimali Makedoniya, Fələstin və Küveytdən olan həmkarları ilə görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı