Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Avropa Konvensiyasının 3-cü maddəsinin prosessual aspekti

02.09.2021

Fərd polis və ya digər dövlət nümayəndələri tərəfindən qanunsuz şəkildə və Avropa Konvensiyasının 3-cü maddə pozulmaqla ciddi dərəcədə pis rəftara məruz qalması barədə əsaslı iddia irəli sürdükdə, bu maddə Konvensiyanın 1-ci maddəsi üzrə dövlətin ümumi öhdəliyi ilə, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli rəsmi araşdırma aparılsın. Bu araşdırma məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək iqtidarında olmalıdır Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağanın olduqca mühüm olmasına baxmayaraq, həmin qadağa praktikada səmərəsiz ola bilər və dövlət nümayəndələri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxsləri bir sıra hallarda pis rəftara məruz qoya bilərlər (Assenov və başqaları Bolqarıstana qarşı iş, § 102; Labita İtaliyaya qarşı iş, § 131). 
Qəddar rəftar barədə ciddi iddialarla bağlı araşdırma hərtərəfli olmalıdır. Bu o deməkdir ki, dövlət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqı bitirmək və ya qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər (Assenov və başqaları Bolqarıstana qarşı iş, § 103-cü və sonrakı bəndlər). Onlar hadisəyə dair sübutları, o cümlədən hal şahidlərinin ifadələrini və məhkəmə ekspertizasının sübutlarını təmin etmək üçün mümkün olan bütün zəruri addımları atmalıdırlar. İstintaq zamanı xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyən etmək imkanına xələl gətirən hər hansı qüsur araşdırmanın bu standartına xələl gətirmək riskini daşıyır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.