Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində nəzəri biliklərin artırılması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə növbəti tədris tədbiri keçirilmişdir

27.08.2021

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş 2021-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsinin yekunu üzrə prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə tədris tədbirlərinin təşkil olunması qərara alınmışdır.
Silsilə xarakteri daşıyan tədris tədbirlərindən birincisi 13 avqust 2021-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmişdir.
Bu qəbildən olan 27 avqust 2021-ci il tarixdə keçirilmiş növbəti tədris tədbirində dinləyici qismində Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun aidiyyəti idarə və şöbələrinin, Bakı şəhəri, o cümlədən respublikanın bir sıra rayon (şəhər) prokurorluqlarının məsul əməkdaşları onlayn şəkildə qoşularaq iştirak etmişlər. 
Tədris zamanı mühazirəçilər tərəfindən dinləyicilərə “Cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsi, mülki iddianı və xüsusi müsadirəni təmin etmək məqsədilə həyata keçirilməli tədbirlər: xarakterik pozuntular və onların aradan qaldırılması yolları” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” mövzusunda mühazirələr deyilmiş, mövzular ətrafında geniş müzakirələr aparılmış, dinləyicilərin maraq doğuran sualları cavablandırılmışdır.
Tədbir zamanı həmçinin, milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali məhkəmənin plenum qərarları barədə ətraflı məlumatlar verilmişdir. 
Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.