Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində nəzəri biliklərin artırılması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris tədbiri keçirilmişdir

13.08.2021

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş 2021-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsinin yekunu üzrə prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə tədris tədbirlərinin təşkil olunması qərara alınmışdır.
Bununla bağlı Baş prokuror tərəfindən 29 iyul 2021-ci il tarixdə “İstintaq, dövlət ittihamının müdafiəsi və cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi və qanunvericiliuə edilən dəyişikliklərin mənimsənilməsi” üzrə təlimlərin keçirilməsi haqqında Sərəncam imzalanmışdır. 
Həmin Sərəncama əsasən cari ilin avqust-dekabr ayları ərzində prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliyinin artırılması məqsədilə müxtəlif aktual mövzuları əhatə edəcək silsilə tədris tədbirlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur. 
Qeyd olunan tədbirlərdən birincisi 13 avqust 2021-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmişdir. Təlimdə dinləyici qismində Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun aidiyyəti idarə və şöbələrinin, Bakı şəhəri, o cümlədən respublikanın bir sıra rayon (şəhər) prokurorluqlarının məsul əməkdaşları cəlb olunmuşlar. Tədris zamanı müvafiq sahələr üzrə zəngin təcrübəsi olan mühazirəçilər tərəfindən dinləyicilərlə həyat və sağlamlıq əleyhinə cinayətlər üzrə vahid istintaq və məhkəmə təcrübəsinə aid məsələlər, o cümlədən qəsdən adam öldürməyə cəhd və sağlamlığa ağır zərər vurma, eləcə də xuliqanlıq niyyəti və ya xüsusi amansızlıqla adam öldürmə və sadə tərkibli qəsdən adam öldürmə cinayətlərinin tövsifi problemləri barədə geniş məlumat verilmiş, iştirakçıların maraq doğuran sualları cavablandırılmışdır.
Bununla yanaşı iştirakçılara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlərlə yanaşı milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali məhkəmələrin plenum qərarları barədə ətraflı məlumat verilmişdir.
Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.