Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılmışdır

11.08.2021

Əvvəllər də məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır. 
Belə ki, 09 may 2021-ci il tarixdə saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1,  mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin arvadı İsmayılova İnnesa Vladimirovnanın birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundova əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsi, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib sonuncunu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.  
10.08.2021-ci il tarixdə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.