Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyası Prokurorluğu Akademiyasının Sankt-Peterburq hüquq institutunun (filialı) direktoru Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuşdur

10.08.2021

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır.
Bu tədbirlərin davamı olaraq, iyulun 10-da Rusiya Federasiyası Prokurorluğu Akademiyasının filialı olan Sankt-Peterburq hüquq institutunun direktoru Spiridonov Anastas Pavloviç Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuşdur.
Görüş çərçivəsində qonaq Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati bina kompleksi, o cümlədən Elm-Tədris Mərkəzi, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, bundan əlavə kompleksin digər binasında yerləşən ən müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş kriminalistika, dindirmə otaqları, cinayət prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq   vizual müşahidəni  istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı ilə tanış olmuşdur.
44 günlük Vətən müharibəsinə həsr olunmuş  tarixi-memorial qalereya və orada olan Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətləri təsdiq edən maddi sübut və eksponatlar qonaqda xüsusi maraq oyatmışdır.
Daha sonra tədbir çərçivəsində A.Spiridonov ilə Baş prokurorun müavini Elmar Camalov arasında görüş keçirilmiş, görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi müavini Günay İsmayılova və prokurorluğun veteranı Zahid Vəliyev iştirak etmişlər. 
Elmar Camalov görüşdə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, dahi Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanlar, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, tədris və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin hər iki ölkənin qurumları arasında əməkdaşlıq əlaqələrinin verəcəyi töhfələr barədə məlumat vermişdir. 
Səmimi görüşə görə təşəkkürünü bildirən Anastas Spiridonov təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmişdir. Görüş çərçivəsində ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi, o cümlədən tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmağa və inkişaf etdirməyə, habelə iki qurumun arasında qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığının genişləndirilməsi istiqamətində səylərin birləşdirilməsi sahəsində müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.