Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş keçirilib

28.07.2021

İyulun 28-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvləri - “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçi Pol Qavan, Komitə Katibliyinin rəhbəri Mark Nevil və Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Kirilo Boiçeniuk ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev arasında görüş keçirilmişdir.
Avropa Şurasının ekspertlərinə Vətən müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində kütləvi şəkildə insan hüquqlarının pozulması ilə müşayiət olunan cinayət xarakterli əməllərə verilmiş hüquqi qiymət, dəymiş ziyanın müəyyən olunması üçün aparılmış istintaq tədbirləri barədə məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda işğaldan azad edimiş ərazilərdə qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət, ətraf mühitə vurulmuş ziyan ilə bağlı hazırda istintaqı aparılan  cinayət işləri barədə də məlumat verilmişdir.
AŞPA-dan olan nümayəndə heyətinin üzvləri münaqişənin səbəb olduğu insan hüquqlarının pozulması halları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.