Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyulda “Mediasiya haqqında” Qanuna və mediasiya institunun tətbiqi ilə əlaqədar daha 5 qanuna və 8 məcəlləyə dəyişiklik rəsmi dərc edilmişdir

24.07.2021

Bu gün “Mediasiya haqqında” Qanuna və mediasiya institutunun tətbiqi ilə əlaqədar daha 5 qanuna və 8 məcəlləyə dəyişiklik rəsmi dərc edilmişdir.
“Mediasiya haqqında” Qanunun kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakının tələb olunmasına dair müddəaları 1 iyul 2021-ci ildən qüvvəyə minmişdir.
Bununla əlaqədar, Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli qanunları ilə Mülki, Mülki Prosessual, Ailə, Əmək, Vergi, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində və müvafiq qanunlarda dəyişikliklər edilərək mediasiya ilə əlaqədar normalar əlavə edilmişdir:
Mülki-Prosessual Məcəlləyə yeni xüsusi icraat növü - “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” əlavə edilmiş və müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
Bundan başqa, Mülki Məcəllədə iddia müddətinin axımının dayandırılmasının əsasları sırasına tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməsi əlavə edilmiş, Ailə Məcəlləsində ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli, “İnzibati icraat haqqında” Qanunda inzibati mübahisələrin mediasiya vasitəsilə həll edilməsi qaydaları, İnzibati Xətalar Məcəlləsində mediasiya haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur.

 

https://president.az/articles/52538

https://president.az/articles/52542

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.