Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı cinayət işi başlanmışdır

02.07.2021

İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Araşdırmalarla müəyyən edilmişdir ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi  “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nin “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin  inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə etmiş, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərmişdir.      
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.