Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Slavyan Universitetinin şöbə müdirinin barəsində olan cinayət işi Universitetin rektorunun müraciətinə görə yox, vətəndaşların çoxsaylı şikayətlərinə görə başlanıb

30.04.2021

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılmışdır. 
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, Universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılmışdır.
Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə  daxil olmuş müraciətlər əsasında başlanmış və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olmuşdur. 
Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır. 
Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.