Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənin hər qarış torpağı əziz və müqəddəsdir

16.03.2021

Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətdə olduğu on ildə Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları ilə həll etməyə çalışırdı. Buna görə Ermənistan rəhbərləri ilə dialoqa girir, qan tökülməsini istəmirdi. Ulu Öndərimiz bu məqsədlə dünyanın nüfuzlu dövlətlərini, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırırdı. Təəssüf ki, havadarlarının qızışdırdığı işğalçı dövlətin quldur xislətli başçıları heç bir çağırışı eşitməyərək, iddialarından əl çəkmədilər. Azərbaycanın tarixi torpaqlarında bir dövlət qurmaqla kifayətlənməyən ermənilər ikinci erməni dövləti qurmaq planlarını həyasızlıqla həyata keçirməyə çalışdılar. Onlar Azərbaycanın sülh çağırışlarını eşitmək istəmədilər və işğalı uzatmaqla torpaqlarımızı tədricən unutdurmaq kimi ağılsız fikrə düşdülər. Beynəlxalq təşkilatlardan və söz sahibi olan dövlətlərdən təpki görməyən ermənilər bundan daha da azğınlaşaraq ardıcıl surətdə sülh danışıqlarını pozdular.

 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı.Dövlətimizin başçısı cənab  İlham Əliyev 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı isə ən məğrur, yenilməz xalq kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar,  tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Dünya bir daha bu reallığı qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bir qarış torpağımız belə düşmənə verilməyəcək.Yaşadığımız zaman Azərbaycanın beş əsrlik tarixində, ən şanlı, möhtəşəm zəfər, şan-şöhrət gətirən və əbədi yaddaşlarda, tarixlərdə qızıl hərflərlə yazılan, həkk olunan bir tarixdir.

Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazın suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir. Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil. Dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrini görürük, şahidi oluruq. Bütün cəbhələrin qalibi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Totpaqlarımızın işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazanığı uğurların bəhrəsidir. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi isə regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaq.

Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar təsdiq edir ki, ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məğrur siyasəti, atdığı hər bir addım, verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır.

 Qırx dörd günlük Vətən müharibəsi qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları alman faşizmini də kölgədə qoymuşdur.

    Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi tərəfindən özünün silahlı qüvvələrindən Azərbaycan dövlətinin suverenliyinə, ərazi toxunulmazlığına, siyasi müstəqilliyinə qarşı istifadə etmiş, habelə BMT Nizamnaməsi ilə bir araya sığmayan vəhşi üsullarla təsir göstərməyə çalışmışdır. Ermənistan dövlətinin bu cinayət əməlləri 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının, 27 yanvar 1977-ci il terrorçuluqla mübarizə üzrə Avropa Konvensiyasının tələblərinin  və 1946-cı il BMT Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, öz suverenliyini, ərazi bütövlüyünü və özünü müdafiə etməklə tam haqlı olmuş və bütün addım, hərəkət və qərarlarında bu normalar çərçivəsində, həm də humanistlik, insanpərvərlik, sülhsevərlik prinsiplərini rəhbər tutmaqla hərəkət etmişdir. Azərbaycan dövlətinin Beynəlxalq hüquq və normaların hər hansı formada pozulması hallarına dair indiyə qədər əsaslı, tutarlı faktlar və sübutlar olmamış, irəli sürülməmişdir. Ətrafımızda yalnız düşmən, qərəzli xarakteri daşıyan və məsuliyyətdən kənarda qalmaq məqsədilə, şər, böhtan, nüfuza xələl gətirə biləcək informasiya mühiti yaradılmasına cəhdlər olmuş və yekunda ağıl sahibli insanlar bunların bir daha yalan, düşmən istəyinə uyğun şər və böhtan olduqlarını görmüşlər.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bəli 2020-ci ilin 8 noyabr tarixi  - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdı.Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi ilə bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.  Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda  Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi öz əksini tapmışdır.

    Qeyd edim ki,Xocalı rayon prokurorluğunun fəaliyyət göstərdiyi ərazidə qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlıq və digər hüquq pozuntularına qarşı mübarizə ilə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən işlər görülmüş, rayonun məcburi köçkünlərdən ibarət əhalisinin, Vətən müharibəsində iştirak edərək şəhid olmuş şəxslərin ailə üzvlərinin, həmçinin əlillərin, müharibə iştirakçılarının və aztəminatlı ailələrin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılmışdır.

          Tapşırıq və tövsiyələrinizə uyğun olaraq, hesabat dövründə əsas diqqət respublikanın 55 rayon və şəhərində məskunlaşmış daha həssas əhali qrupuna aid Xocalı rayonundan olan 16433 nəfər məcburi köçkünün müraciətlərinin təmin olunmasına yönəlmişdir.

            Məlumat üşün bildirmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə Xocalı rayon İH aparatı, habelə rayonun digər idarə, müəssisə və təşkilatları eləcə də, Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış Xocalı rayonundan məcburi köçkün olmuş 160 ailə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə köçürülərək burada onlar üçün bütün lazımi şəraitin yaradılması təmin edilmişdir.

          “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması” Dövlət proqramına əsasən 2008-2009-cu illər ərzində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və ətraf 3 qəsəbədə 500 evdən ibarət 4 qəsəbənin salınması təmin edilərək Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkün olmuş daha 500 ailə həmin evlərə köçürülmüşdür. Hazırda həmin qəsəbələrdə 729 ailə yaşayır.Eləcə də,Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında 2011-2012-ci illər ərzində Goranboy şəhərində inşa olunmuş 1200 ailəlik yaşayış kompleksinə Xocalı rayonundan məcburi köçkün olmuş 160 ailə,  2014-2015-ci illər ərzində Gəncə şəhərində inşa olunmuş 600 ailəlik yaşayış kompleksinə daha 300 ailə yeni evlərlə təmin olunmuşlar.

        Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqlaramızın geri qaytarılması üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Xocalı rayonunun 11 kəndi işğaldan azad edilmiş və hazırda həmin ərazilərdə quruculuq bərpa işlərinə hazırlıq aparılir. Qeyd etməliyən ki,  Prezident, cənab İlham Əliyevin tarixi Şuşa səfəri zamanı Zəfər yolu adlandırdığı və hazırda sürətlə inşası davam etdirilən Füzuli-Şuşa avtomobil yolunun bir hissəsi Xocalı rayonunun işğaldan azad olunmuş ərazilərindən keçir.

        Prezident, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində Vətən müharibəsində qazanılan parlaq qələbə ilə ərazi bütövlüyümüz bərpa edildi. Bu, dövlət başçımızın tarixi siyasi-hərbi uğuru olmaqla, Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi.                      

                                              

                                                                                                                Şahin İmanov,

                                                                    Xocalı rayon prokuroru,ədliyyə müşaviri

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.