Şriftin ölçüsü :

Saytın rəngi :

QARABAĞIN AZAD OLUNMASI XALQIMIZIN İRADƏSİNİN VƏ ƏZMİNİN BÜTÜN DÜNYAYA SÜBUTUDUR

13.03.2021

1990-cı illər bütün dünya üçün təlatümlü keçdi. Belə ki, dünya siyasi və iqtisadi sisteminin bir qütbü olan SSRİ parçalandı və çökdü, nəticədə dünyaya öz siyasətini və iqtisadi modelini diqtə edən tək qütblü qərb modeli qaldı. Bu proseslər bütün dünyaya təsir etsə də ağrı-acını daha çox keçmiş sovet respublikaları çəkdi. Həmin dövrdə ayağa qalxmış xalqımız böyük qurbanlar verərək, 20 yanvar dəhşətlərini yaşayaraq müstəqilliyini əldə etdi. Lakin müstəqilliyimiz uğrunda verəcəyimiz qurbanlar bununla yekunlaşmadı və xalqımız üçün 30 il davam edəcək Qarabağ münaqişəsi ölkəmiz və xalqımız üçün ağır bir yükə, həll edilməyən problemə çevrildi. Qarabağ münaqişəsinin xalqımız üçün bu qədər ağır və dağıdıcı problemə çevrilməsi bir tərəfdən imperialist qüvvələrin və onların əlaltısı olan Ermənistanın düşmən mövqeyinə görə idisə, digər tərəfdən yenicə müstəqilliyini əldə etmiş respublikamıza səriştəsiz, dövlət idarəetməsindən başı çıxmayan, şəxsi maraq və intiriqalarını dövlət və xalq maraqlarından üstün tutan qüvvələrin rəhbərlik etməsi idi. Hamımız 1988-1993-cü illərdə bu şəxslərin idarəsi altında nələrin baş verdiyini yaxşı xatırlayır, iqtisadiyyatın necə dağılmasını, xalqımızın necə ümidsizliyə düşməsini, xalqı idarə edən şəxslərin hansı keyfiyyətlərə sahib olmasını bilirik. Bir-birinin ardınca yaşanan Xocalı, Daşaltı, Qaradağlı və sair faciələr, rayonlarımızın ard-arda işğal olunması, ölkədə vətəndaş müharibəsi, separatizm, xaos, ölkəmizin varlığının şübhə altına düşməsi həmin dövrdə hakimiyyətdə olan şəxslərin səriştəsiz siyasətinin nəticəsi idi. Nəhayət 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin siyasi idarəçiliyinə gəlməsi bütün problemlərə son qoydu və ölkəmiz əmin-amanlığa qovuşaraq inkişaf yoluna qədəm qoydu, əzmlə və iradəylə bu günkü səviyyəyə çatdı. 1993-2020-ci illər həm ümummilli liderimizin, həm də cənab Prezidentimizin rəhbərliyi altında ölkəmiz üçün hər sahədə inkişaf, dünyada və regionda Azərbaycanı güclü mövqeyə çıxarmaq, haqq işimizi dünyada tanıtmaq dövrü oldu və buna yüksək səviyyədə nail olundu. Təbii ki, bu dövrdə bir nömrəli problemimiz olan Qarabağ məsələsi bütün dövlət siyasətinin prioritetini təşkil etdi. Qarabağ məsələsi ilə bağlı cənab Prezidentimiz çoxşaxəli, hərtərəfli, düşünülmüş siyasi, iqtisadi və hərbi hədəflər müəyyən etdi və bu hədəflərə çatmaq üçün birbaşa özü bu istiqamətdə yorulmaz, ağıllı, yüksək dəqiqliyə malik siyasət yürütdü.

   Ölkə başçısı humanist davranaraq 17 il ərzində bu problemi sülh yoluyla həll etməyə çalışdı. Çünki, özünün də dəfələrlə dilə gətirdiyi kimi övladlarımızın, balalarımızın şəhid olmasını istəmir, xalqımızın təhlükəsiz, itkisizrifah içində xoşbəxt yaşamasını istəyirdi və bunun üçün çalışırdı. Lakin təəssüf ki, mənfur ermənilər və onları dəstəkləyən, ikili siyasətlə məsələyə yanaşan qüvvələr 17 il ərzində cənab Prezidentimizin bu humanistliyini anlamadı, əksinə quduzlaşaraq daha həyasız iddialara düşdülər.Cənab Prezidentin rəhbərliyi altında ikili standarta qarşı aparılan mübarizə də nəticə vermədi, bu mövqe ilə bizi aldatmağa çalışdılarBir tərəfdən bizim haqlı olduğumuzu bildirənlər digər tərəfdən Ermənistana qarşı heç bir tədbir görmədilər, hansı ki, dünyadakı digər münaqişələrdə olduğu kimi qətiyyətli mövqe tutsaydılar, zəif olan Ermənistan bu münaqişədən çoxdan əl çəkərdi. Əksinə I Qarabağ müharibəsində olduğu kimi yalançı və müvəqqəti olan atəşkəs dövründə də Ermənistan mütəmadi, pulsuz verilən silahlar hesabına silahlandırıldı. Lakin onlar unudurdular ki, Azərbaycan xalqının iradəsi ilə rəhbər seçilmiş, xalqından hər cür dəstək alan İlham Əliyev eyni zamanda ordu quruculuğunu möhkəmləndirir və bu istiqamətdə dünyada misli görünməmiş işlər həyata keçirir. Bu dövrdə bir tərəfdən sülhə çalışan Prezidentimiz, digər tərəfdən dünyamiqyaslı siyasət həyata keçirərək, əsası dahi lider və  ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunu, sürətlə davam etdirərək ən müasir ordu qurmuş, bunun üçün dost və  tərəfdaş ölkələrlə hərbi sahədə mümkün olan bütün tədbirləri görmüş, nəhayət 21-ci əsrin müharibəsini apara bilən ordu formalaşdırmışdır. Dünyanın və regionun güc mərkəzi halına çevrilmiş qardaş Türkiyə Respublikası ilə həyata keçirilən əməkdaşlıq xüsusilə qeyd edilməlidir. Digər tərəfdən cənab Prezident hərbi arsenalı müasir səviyyədə qurmaqla yanaşı, vətənpərvər nəsil yetişdirdi, hansı ki, həmin nəsil Prezidentin səmimiyətinə, vətənpərvərliyinə, xalqa və dövlətə olan sədaqətinə, müasir düşüncəsinə, yüksək savad və qabiliyyətinə, qətiyyətli mövqeyinə baxaraq formalaşmışdı. Belə əhatəli işlər görən və hər zaman xalqına güvənən  Prezidentimizin və öz liderinin hər addımını dəstəkləyən xalqımızın bu qələbəni yaşaması labüd və qaçılmaz idi. Çünki, bizim müharibəmiz azadlıq müharibəsi olmaqla yanaşı həm də ədalətli haqq müharibəsi idi. Xalqın və rəhbərinin çəkdiyi bu əziyyətlər yerdə qala bilməzdi və qalmadı. Vətən müharibəsində yumruq kimi birləşmiş xalqımız dünyaya nümunə olacaq bir əzm nümayiş etdirdi. Hər bir insan Cənab Prezidentin ətrafında elə bir şəkildə birləşdi ki, dünya tarixində belə bir birlik görülməmişdi. Dövlətimizin vətəndaşı olan hər bir xalqın nümayəndəsi vahid vətənimiz uğurunda canından belə keçməyə hazır oldu və canından keçdi. Ən maraqlısı və insanı qürurlandıranı o idi ki, gənc nəsil - heç vaxt Qarabağ torpağında olmamış, oraları görməmiş insanlar elə bir şücaət, vətənpərvərlik nümayiş etdirdilər ki, çoxları bunu heyrətlə qarşıladılar. Hansı ki, mənfur ermənilər və onları dəstəkləyənlər özlərini inandırmışdılar ki, yetişən gənc nəsil Qarabağı görməyib deyə o, torpaqlar uğrunda döyüşməyəcəklər, ona görə də status-kvonu, yəni mövcud vəziyyəti nə qədər uzatsalar, bir o qədər yaxşıdır. Lakin Prezidentimiz və xalqımız bütün dünyaya xatırlatdı ki, biz heç nəyi unutmuruq və unutmayacağıq. Nə torpağımızı, nə vətənimizi, nə dövlətimizi, nə ümummilli liderimizi, nə onun siyasətini, nə I Qarabağ müharibəsi dövründə törədilən cinayətləri, nə erməni vəhşiliklərini, nə də vətən uğrunda düşünmədən canından, qanından keçən şəhidlərimizi. Biz bu müqəddəs dəyərlərimizi unutmayaraq 30 ildən sonra torpaqlarımızı azad etdik və bu şanlı tariximizi bizə yaşadanları da heç vaxt unutmayacağıq. Əksinə o, dəyərlərimizə, o rəhbərlərimizə, şəhid və qazilərimizə daha da müqəddəs yanaşacağıq. Şəhidlər bədənlərini torpağa basdırmış azadlıq, vətənpərvərlik və şərəf toxumlarıdır. Biz bilirik ki, həmin toxumlardan öz vətənini, torpağını, qeyrətini, namusunu, dövlətini, xalqını və onun milli maraqlarını qoruyan, həmin dəyərləri hər şeydən – öz canından belə üstün tutan, sayı milyonları aşan gələcək nəsil cücərəcəkdir. Ona görə də şəhidlərimiz və qazilərimiz, onların valideynləri, ailələri, övladları, yaxınları bizim hər birimiz üçün əzizdir, bizlərə, dövlətimizə əmanətdir. Odur ki, bu gün dövlətimiz şəhid və qazilərimizə yüksək qayğı göstərir, onların ailələrinin, qazilərimizin özlərinin bütün problemlərinin həlli üçün lazım olan hər şeyi edir. Azərbaycanda şəhid və qazilərə göstərilən qayğının dünyada nümunəsi yoxdur. Tarix boyunca belə bir qayğı, həssaslıq, ehtiram, əhatəlilik, problemlərin operativ həll edilməsi olmamışdır. Birinci Qarabağ müharibəsindən sonra dövlətimiz dövlətin gücləndirilməsi, ordu quruculuğu, hərbi arsenalın dayanıqlı vəziyyətə gətirilməsi, ən müasir silahların əldə edilməsi, vətənpərvər və peşəkar ordunun yaradılması üçün bütün resurslardan istifadə etməklə yanaşı həmişə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin və onların ailə üzvlərinin də problemlərini daim diqqət mərkəzində saxlamış, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzil problemlərinin, avtomobil ehtiyaclarının həll edilməsi üçün hər şey etmişdir. Artıq bu gün dövlətimiz bu məsələlərin həllinə daha geniş diqqət ayırır. Böyük nəticədir ki, bu günədək 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilləri yeni mənzillərlə təmin edilib, 7200-ə yaxın müharibə əlillərinə avtomobillər verilmişdir. Azərbaycan dövləti bütün istiqamətlərdə olduğu kimi bu istiqamətdə də öz sosial siyasətinə sadiqdir və qətiyyətlə bu istiqamətdə öz tədbirlərini həyata keçirir. Bu qətiyyətin ən bariz nümunəsi qazilərə xidmət məqsədi ilə təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzidir. Çox qısa zamanda müasir şəkildə təmir edilmiş, müasir avadanlıqlarla təchiz edilmiş həmin mərkəzdə bütün qazilərimizə dünyanın ən qabaqcıl üsulları ilə xidmət göstəriləcəkdir. Artıq bir qismi təmin olunmaqla 300-dən çox qazimiz ən müasir, funksional pretezlərlə təmin ediləcəkdir, hansı ki, həmin protezlər dünyanın ən qabaqcıl texnologiyası ilə hazırlanır, çox baha qiymətə başa gəlir və müharibə əlillərinin cəmiyyətə inteqrasiya olunmasını, sərbəst həyat şəraitində yaşamalarını təmin edəcəkdir. Digər tərəfdən Ramana qəsəbəsində salınmış 30 binadan ibarət şəhərcik də dövlətimizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqətin yüksək nümunəsidir. Belə qısa zamanda bu cür müasir infrasturukturla - məktəb, bağça, klub-icma mərkəzi ilə təmin edilmiş şəhərciyin hazır vəziyyətə gətirilməsi, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi onu göstərir ki, dövlət başçısı bu kateqoriyadan olan insanların sosial-məişət şəraitini qısa müddətdə yaxşılaşdırmaqda qəti qərarlıdır. Hər birimiz qəti əminik ki, həqiqətən də bu problemlər ən qısa zamanda həll ediləcəkdir. Dövlətimiz həmçinin bütün qazilərimizi də diqqətdən kənarda qoymur, onlar üçün də zəruri olan bütün tədbirləri görür. Onların da problemlərinə diqqətlə yanaşılır.       Biz hər birimiz bilirik ki, qeyd olunan bu diqqət və qayğının göstərilməsi üçün güclü iqtisadiyyatı, müdrik və qətiyyətli rəhbəri olan dövlət olmalıdır. Biz hamımız fəxr edirik ki, bizim belə qüdrətli dövlətimiz, güclü iqtisadiyyatımız və İlham Əliyev kimi dünya səviyyəli, humanist, xalqının qayğısına qalan, bütün problemlərin öhdəsindən gələ bilən, heç bir məsələni diqqətdən kənarda qoymayan liderimiz vardır. Ona görə də gələcəyə daha nikbin baxırıq və hər bir məsələni həll edəcəyimizə qətiyyətlə inanırıq. Bilməliyik hər dövlət Azərbaycan kimi qüdrətli ola bilmir. Bunun üçün uzağa getmək lazım deyil. Elə düşmən Ermənistan buna əyani misaldır. Düşmən ölkə bu gün biabırçı vəziyyətdə müharibəni uduzub, nəinki müharibədə ölmüş hərbçilərinin ailələrinin qayğısına qalmaq, heç ən bəsit problemlərini belə həll edə bilmir, əksinə bu gün Ermənistanda baş verən hadisələr bu dövlətin varlığını belə şübhə altına alır. Bu gün Ermənistandakı vəziyyət bizə 90-cı illərin bərbad idarə olunan, səriştəsiz və başqa maraqları xalqın və dövlətin maraqlarından üstün tutan insanların əlində uçurumun kənarına gəlmiş Azərbaycanı xatırladır. Lakin ən çətin anda Ulu Öndərimiz Heydər Əliyev sükanı əlinə aldı və xalqımızı, dövlətimizi bu uçurumdan, dağılma, məhv olma təhlükəsindən xilas etdi. Bu gün Azərbaycanla Ermənistan arasındakı bu müqayisəolunmaz fərqin səbəbi 1993-2020-ci illər ərzindəki idarəetmə fərqidir. Biz bu günki qüdrətli vəziyyətə həmin illərdə düzgün, ədalətli, qanuni, ağıllı idarə olunmağımız sayəsində gəlmişik və qəti əminik ki, dövlətimizin belə idarə edilməsi ilə ildən-ilə daha da  qüdrətlənəcəyik. Ali baş komandanımızın qeyd etdiyi kimi zərurət yaranarsa  50 ildən sonra XXII əsrin müharibəsini aparacağıq. Cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz güclüdür və daha da güclü olacaqdır. Bunu II Qarabağ müharibəsi ilə bütün dünyaya - həm dostlarımıza, həm də düşmənlərimizə sübut etdik.    

                                                          

                                                                                                                               Qoşqar ƏHMƏDOV

                                                                             Balakən rayon prokuroru,     

                                                                                                                           ədliyyə müşaviri

                                     

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.