Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın çoxəsrlik tarixinə yazılan parlaq səhifələr

12.03.2021

"Ordu quruculuğu  əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır."

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Gənc, müasir, müstəqil Azərbaycan dövləti son iki onillikdə beynəlxalq aləmdəki dostlarımızın da, bədxahlarımızın da inana bilməyəcəyi çoxsaylı uğurlara imza atmışdır. Dövlətimizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, AŞPA Nazirlər Komitəsinə sədrlik etməyimiz, kosmosa bir-birinin ardınca üç rabitə peyki çıxarmağımız, ölkəmizin Şərqlə Qərbi bir-birinə qovuşduran möhtəşəm nəqliyyat-logistika qovşağına çevrilməsi, Şanxaydan Londona qədər uzanan “Dəmir ipək yolu”nun əsas seqmentlərindən biri olmağımız, bütün dünyada dillər əzbəri olan “Bakı prosesinə” evsahibliyi etməyimiz, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Təşkilatına sədr seçilməyimiz və həmin funksiyanı uğurla icra etməyimiz, sözün həqiqi mənasında, böyük nailiyyətlərdir.

Ancaq dövlətimiz, xalqımız, Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev 2020-ci ilin payızında elə bir möhtəşəm uğura imza atdı ki, həmin faktı son iki yüz ildəki heç bir göstəricimizlə müqayisə etmək mümkün deyil. Biz iki əsr idi ki belə uğuru arzulayır, onun həsrətini çəkirdik. İstənilən tarixi və ya bədii əsərdə –haqqın, ədalətin bərpa edildiyini görəndə bəzilərimiz açıq şəkildə köks ötürərək, bəzilərimiz isə daxildə öz –özümüzə sual verərək deyirdik ki, bəs bizim haqqımız nə zaman tanınacaq, tarixi ərazimizdə dövlət quraraq özümüzə qənim kəsilən düşmənə nə zaman lazımi cavabı verə biləcəyik? Suallar çox olsa da, cavabı yox idi. Həmin cavab tapılmayınca minlərlə soydaşımız yurd həsrəti, Vətəni görmək arzusu ilə haqq dünyasına qovuşdu.

Ancaq bir el məsəlində deyildiyi kimi, “Dünya səbrli olmağı bacaranlarındır”. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev elə bir ali səbr nümayiş etdirdilər ki, nəticədə həmin səbrin səmərəsini 50 milyonluq soydaşlarımızın hamısı gördü. Amma biz bu 17-18 ildə başqa faktları da görürdük. Prezident İlham Əliyev dövlət başçısı seçiləndən sonra neçə hərbi hissənin maddi-texniki bazasının yenidən qurulmasının açılışında iştirak edib? Neçə dəfə ad gününü hərbçi  yeməkxanasında əsgər və zabitlərlə birlikdə keçirib? Neçə xarici ölkə ilə hərbi-texniki əməkdaşlıq etmək üçün sənədlərin imzalanmasına nail olub? Dünyanın neçə ölkəsini gənc müstəqil dövlətimizin strateji tərəfdaşına çevirib? Dünyanın ən müasir hərbi texnologiyasına sahiblik edən ölkələrə neçə dəfə səfərlər edib? Suallar çoxdur, cavabını isə… aqil insanlar bilirlər. Biz həm də onun şahidiyik və bilirik ki, Ali Baş Komandanımız ölkə əhalisinə XXI əsrin ən mükəmməl hərbi əməliyyatları nəticəsində qazanılmış Qələbənin sevincini yaşadıb. O, böyük bir xalqı yeni dövrə adlada bilib.

Fikrimizcə, sadalanan siyasi-diplomatik addımlar Ermənistanı məğlub etmək üçün kifayət deyildi. Ona görə də dövlət başçımız bu fəaliyyəti ilə yanaşı, başqa addımlar da atırdı. Cənab Prezident deyirdi: “Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”.

Dövlət başçımız “çağdaş dövr” məqamını Yeni Azərbaycan Partiyasının VII qurultayındakı geniş nitqində xüsusilə qabartmış və indiyədək işlənilib hazırlanmış planların məhz yeni dövrün tələblərinə uyğun şəkildə yenidən yazılacağını dilə gətirmişdir: “İndi biz yeni dövrə qədəm qoyuruq… Konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir”.

Məsələn, üç-beş il əvvəl biz ancaq torpaqlarımızı vandal, vəhşi qonşularımızın tapdağından azad etmək barədə düşünür və buna çalışırdıq. İndi isə düşmənin sonuncu daşa qədər söküb taladığı, viranəyə çevirdiyi Füzulidə tikilən yeni hava limanının inşasının daha tez başa çatdırılmasına çalışırıq. Dövlət başçımız xarici jurnalistlərdən birinin sualını cavablandırarkən həmin məsələni daha yaxşı izah etmişdir: “ Bu işlər artıq başlanıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Bu proses başa çatmağa yaxındır və aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla, bütün növ təyyarələri qəbul edə biləcək”.

Faktdır ki, bir zamanlar biz Füzulinin, Şuşanın işğaldan azad ediləcəyi günü görməyə  tələsən sadə azərbaycanlılar  indi də Füzuli aeroportuna enəcək ilk təyyarənin səsini eşitməyə tələsirik. Amma o möhtəşəm hərbi, siyasi. iqtisadi və sosial əhəmiyyətli qurğunun -- aeroportun tikintisinin nə vaxt başa çatacağını qabacadan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-gəlişin mümkünlüyü ilə bağlı məsələlər çətinlik doğurur. Dövlət başçımızın çıxışlarında eşitdiyimiz bəzi məqamlara görə ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək.

Doğrudur, dövlət başçısının adından və ya onun əvəzinə heç kəs danışa bilməz. Amma mən tam əminəm ki, cənab Prezident işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılmasına, məcburu köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına bizim hər birimizdən, hətta köçkünlərimizdən də çox tələsir. Ona görə də Füzuli Aeroportu ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu da çəkilir. Dövlət başçımız həmin yollardan birinə “Qələbə yolu” adı verib. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Prezident əminliklə dilə gətirir: “Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq”.

Xatırladaq ki, keçən il  noyabrın 10-da imzalanmış bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də dövlətimizin  böyük planları var və  onlar reallaşdırılacaq. Rəsmi məlumatlarda deyilir ki, bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Hətta bağlanmış müqavilələr əsasında ilk ödənişlərin həyata keçirilməsinə də başlanılıb.

Bəli, cənab Prezident keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının tezləşdirilməsinə çalışır. Lakin ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Dövlət başçımız xatırladır ki, mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda salamat qalmış bircə bina da yoxdur.

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və xaricı jurnalistlər işğaldan azad edilmiş ərazilərimizə dəfələrlə gediblər və gördükləri onları dəhşətə gətirib. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Prezidentin dediyi kimi, hətta bayraq sancmağa yer yox idi. Əsgərlərimiz bayrağı hansısa binanın üstündən deyil, sadə bir bayraq dirəyindən asıblar. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır.

Təbii ki, təkcə biz və beynəlxalq aləmdəki dostlarımız deyil, dünyanın hər yerində, hamı yaxşı bilir ki, ermənilər heç zaman öz xəstə təxəyyüllərinin əsarətindən çıxa bilməyəcək, yenə də separatçılıq, terror, təxribat və işğalçılıq siyasətini davam etdirməyə çalışacaqlar. Ona görə də Azərbaycan dövləti istənilən təxribata lazımi cavabı vermək üçün daha güclü ordu formalaşdırmaq niyyətini gizlətmir.

Yeri gəlmişkən, bu il yanvarın 13-də  İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri  Mevlüt Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri  Ceyhun Bayramovun iştirakı ilə xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilmişdir. Tərəflər üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayaraq, siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi arzusunu dilə gətirmişlər.

Bu məqsədlə Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən  xaricdən dəstəklənən terror aktları, kiber hücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən İslamofobiya meyillərini dərk edərək, birgə fəaliyyət barədə razılığa gəliblər. Yəni, Azərbaycan məkrli düşmənin və onun himayədarlarının qarşısında tək deyil.

Konkret olaraq, ölkəmizin və hərbçilərimizin Türkiyə Cümhuriyyətinin müvafiq qurumları ilə əməkdaşlığına gəlincə isə vurğulamalıyıq ki, biz dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə lazım olan bütün addımları atmışıq və atacağıq. Türkiyə bu məsələlərdə daim ilk müraciət etdiyimiz ünvan olacaq. Həmin məsələyə dövlət başçımızın münasibəti də aydın və konkretdir: “Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu”.

Xatırladaq ki, Ankara təkcə döyüşlərin getdiyi günlərdə deyil, müharibədən sonra da Bakıya müraciət edərək işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edən ilk ölkə olmuşdur. Eləcə də, ərazilərin minalardan təmizlənməsi üçün ölkəmizə Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib.

Azərbaycan Prezidentinin fikrincə, müharibədən sonra Cənubi Qafqazda beynəlxalq nəqliyyat-kommunikasiya şəbəkəsinin yenilənməsi və ölkəmizin diktə etdiyi regional layihələrin icra edilməsi üçün yeni imkanlar yaranmışdır. Belə ki, postmüharibə dövrü, doğrudan da, yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.

Təkcə Zəngəzur dəhlizinə fikir versək, görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir. Bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Prezident İlham Əliyevin bu barədə fikirləri belədir: “Azərbaycan Türkiyə, Rusiya, İran -- mənim bu  ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik... Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. İndi də əgər belə fikirdədirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər”.

Bəli, Azərbaycan bölgədə uzunmüddətli sülhə nail olmaq üçün hətta işğalçı, talançı, qarətçi və terrorçu qonşularla  də əməkdaşlıq etməyə hazırdır. Dövlət başçımızın bu səmimiyyətini və sülhə sadiqliyini yüksək qiymətləndirən bir çox ölkələr həmin çağırışlara səs verdilər. Yəni Azərbaycan dövləti şanlı qələbədən sonra daha çox ölkə tərəfindən dəstəklənir.

Elə dövlət başçımızın indiki reytinqi, nüfuzu da  elədir. O, son 17 ildə daim xalqın böyük dəstəyini görmüşdür. Ancaq  44 günlük müharibədən sonra ölkənin bütün siyasi qütbləri və əhalinin mütləq əksəriyyəti məhz Prezident İlham Əliyevin ətrafında birləşmək arzusunda olduğunu dilə gətirir. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın iqtidar partiyası ilə birləşməsi də, fikrimizcə, Prezident İlham Əliyevin nüfuzunun durmadan artmasının göstəricisidir.

Yeri gəlmişkən, biz – hüquq-mühafizə orqanları əməkdaşları da  cənab Prezidentin siyasi fəaliyyətini daim dəstəkləmişik. Ancaq onu da başa düşürük ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bizim də məsuliyyətimiz qat-qat artıb. Çünki indi daha ayıq olmalıyıq. Düşmən olduqca məkrli, fitnəkar və təxribatçıdır. Təkcə sərhədin o tayında deyil, hər yerdə fitnəkarlıəq törədə bilərlər.

Başqa məqamlar da var. Xalqımız nə qədər humanist, sülhsevər və ədalətli olsa da, tarixi təcrübə göstərir ki, bütün müharibələrdən sonra istənilən ölkədə mənfi hallar yaşanır. Bir çox ölkələrdə bunun qarşısı dərhal alınır, bəzi ölkələrdə isə hansısa fəsadlar törənə bilir. İnanırıq və əminik ki, Azərbaycanda  heç bir mənfi tendensiyanın yaranmasına imkan verilməyəcək. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatlar nəticəsində Azərbaycan Prokurorluğu  və digər hüquq-mühafizə orqanlarımız bütün vəzifələrin öhdəsindən bacarıqla  gələ biləcək səviyyəyə qaldırılmışdır.

Xalqımıza və dövlətimizə yeni dövrdə yeni uğurlar arzulayırıq! Qarabağ Azərbaycandır!

 

Mehdi HÜSEYNZADƏ,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki

Xalq qəzeti, 12 mart 2021-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.