Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi zəfərimiz qürur mənbəyimizdir

11.03.2021

Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.

Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
       Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq respublikamızın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə və bu qələbə sayəsində regionda yaranan yeni reallıqlara xüsusi diqqət çəkib, ölkəmizin işğaldan azad olunan ərazilərdə reallaşdıracağı bərpa planından ətraflı bəhs edib.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azad edilməklə gün işığına çıxan torpaqlarımıza Azərbaycan Prezidenti İlham Əliyevin tarixi səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri cəmiyyətdə də böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Maraqlıdır ki, bu düşmən auditoriyasında da diqqətlə izlənilir.

  Dövlət başçımız Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən yeni layihələrin həyata keçirildiyini hər kəs gördü. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığı yubanmadan icra olunur. Dövlət başçısı bütün çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayıb ki, azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Bu səfər zamanı da bir daha mənfur düşmənə mesaj göndərərək bildirdi ki, düşmənlərin dağıtdıqlarına, viran qoyduqlarına, oğurladıqlarına son qoyduq, “dəmir yumruq”la başlarını əzdik: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”.

İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb.Təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni faşizminin ifşası üçün yerinə yetirilməli vəzifələrə diqqəti yönəldən Prezident İlham Əliyev deyib: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır... Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş ərazilərinə səfərlər edirlər.Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış olmaqdır.Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət edirlər.Diplomatlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görürlər. Ancaq Azərbaycan öz quruculuq siyasəti ilə bütün ərazilərmizi yenidən dirçəldəcək, cənnətə çevirəcək. Azərbaycan buradakı bütün abidələri yenidən bərpa edəcək, onlara qayğı göstərəcəkdir.

Bu gün dövlətimiz Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiram, diqqət və qayğı göstərir. Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının daha da gücləndirilməsini sosial siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının daha da artırılması dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. 

Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...”, - deyən Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.

 Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

 Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərkən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə “Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.” – deyərək, onları mənzillə təmin olunmaları münasibətilə təbrik edib. Şağan qəsəbəsində də reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı olduğunu bildirən dövlət başçısı orada minlərlə qazinin hər il müalicə alacağını, reabilitasiyadan keçəcəyini, öz sağlamlığını bərpa edəcəyini qeyd edib.

     2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün, ilk növbədə, mülki idarəetmə formasını yaratmaq zəruri idi. Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb.Hazırda Azərbaycanın böyük tarixi qayıdış kimi bir planı var və bu, artıq icra edilməkdədir.

                                             

                                                            Vasif Süleymanov,

                                                       Ağdam rayon prokuroru

Respublika qəzeti, 11 mart 2021-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.