Şriftin ölçüsü :

Saytın rəngi :

44 GÜNLÜK DÖYÜŞ SALNAMƏSİ ŞANLI TARİXİMİZDİR

06.03.2021

        Hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan öz siyasi, hərbi gücünü, hətta dayanıqlı maliyyə durumunu belə dost və düşmən ölkələrə nümayiş etdirdi. İkinci Qarabağ savaşının üzərindən qısa zaman keçməsinə baxmayaraq, ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək istəyənlər və müttəfiq olmaq üçün səy göstərənlər durmadan artır. Çünki, həm siyasi müstəvidə, həm də döyüş meydanında Azərbaycan sözün əsl mənasında qarşı tərəfə meydan oxudu. Rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini illərdir danışıqlar yolu ilə həll etməyə çalışsa da düşmən bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və bununla da Azərbaycan öz torpaqlarını hərbi güclə geri almaq yolunu geçdi.


       Danışıqlar dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları, diversiyaları bizi münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığına əmin etdi.

     Ermənistanın baş naziri Nikol Paşinyanın 05 avqust 2019-cu il tarixdə Azərbaycanın əzəli və tarixi torpağı olan Xankəndidə təşkil olunmuş tədbirdəki çıxışında “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deməsi danışıqlar prosesinin bir daha əhəmiyyətsiz olduğunu dünya qarşısında sübut etdi. Lakin reallıq göz önündə idi, münaqişənin sülh yolu ilə həlli absurd görünürdü. Çünki 30 il ərzində düşmən hər vəchlə və müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə danışıqlar çərçivəsində həll olunmasına maneə yaradırdı. Halbuki bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yüksək vəzifəli rəsmi nümayəndələri daim münaqişənin hərbi həllinin olmadığını bildirirdilər.

        Nəhayət, sentyabrın 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı. Azad olunmuş rayon mərkəzlərinin, kəndlərin və digər yaşayış məntəqələrimizin erməni vəhşiliyinə məruz qalması aydın şəkildə dünyaya nümayiş olunur. Xain düşmənlər qanunsuz olaraq işğal altında saxladıqları torpaqlarımızda nəinki daşı daş üstünə qoyub, əksinə Azərbaycanın həmin yaşayış məntəqələrində işğaldan əvvəl mövcud olmuş bütün obyektləri, infrastrukturu, dini və mədəni abidələrimizi talan və məhv etmişlər. Ermənilər müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini dağıtmaqla, mal və donuz tövləsinə çevirməklə nəinki xalqımızı, o cümlədən bütün müsəlman ölkələrini təhqir ediblər. Onlar pravoslav kilsəsində də barbarlığa yol vermiş, xristianlıqdan sui-istifadə etdiklərini dəlil kimi ortaya qoymuşlar.

      Qalib ölkəmiz uzun illər bir sıra qeyri-hökumət təşkilatlarının, bəzi hökumətlərin qərəzli və ikili standartlı siyasətinə qarşı mübarizə aparmağa məcbur olub. Mövqelərini demokratik inkişaf dəstək təsisatları kimi təqdim edən həmin təşkilatlar 30 il davam edən ədalətsizliyə göz yumublar. Onlar hətta bu gün Ermənistanda müxalifətin hər gün əzilməsinə, hətta həbs edilməsinə, öldürülməsinə də reaksiya vermirlər. 30 il ərzində baş verən tarixi hadisələr bir daha göstərir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Düşmən ölkənin havadarları Azərbaycana qarşı mütəşəkkil və güclü şəkildə birləşərək, əzəli torpaqlarımızı əbədi işğal altında saxlamaq niyyətində idilər. Ermənistan isə havadarlarının əlində sadəcə olaraq bir alət, maşa və vasitə idi.
Bu məlum qüvvələr beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Ermənistanı məqsədyönlü olaraq pulsuz silahlandırıblar. Uzağa getməyək, elə ötən ilin iyulunda Tovuz toqquşmasından dərhal sonra, müharibənin son gününə qədər işğalçı Ermənistana gündə neçə təyyarə ilə pulsuz silahlar gətirilirdi. Ermənistan kimi qatı cinayətkar, əli günahsız azərbaycanlıların qanına bulaşmış dövlətə beynəlxalq normalara əsasən qadağan olunmuş kütləvi qırğın silahlarının və raket komplekslərinin verilməsi yolverilməzdir. Belə ki, II Qarabağ müharibəsində Ermənistan tərəfi həmin raket komplekslərindən Gəncə şəhərinə, Bərdə, Tərtər və digər rayonlarımıza atəş açmaqla böyük dağıntılara və günahsız mülki şəxslərin həlak olmalarına səbəb oldu.

  Azərbaycanda ordu quruculuğu məsələləri daim nəzarətdədir. Rəşadəti ilə düşməni və onun havadarlarını vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək, hələ uzun illər dövlət rəhbərliyinin diqqət mərkəzində qalacaqdır. Artıq digər ölkələrlə yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır və yaxın müddət ərzində onların gətirilməsi də təmin ediləcəkdir. Vətən müharibəsi, eyni zamanda, ordunun gələcəkdə daha da təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və ən müasir, daha modern ordunun yaranmasına gətirib çıxaracaqdır. 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə olunmasında digər ordu birləşmələrimizlə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin də rolu yüksək və danılmazdır.

Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.

       Azərbaycan Prezidenti həmişə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr tərəfimizdən daim susdurulub. Artıq Azərbaycan öz dəmir yumruğunu düşmənin başına qətiyyətlə endirdi və dövlət başçısı xalqımızın tarixi zəfəri ilə öz sözünün sahibi olduğunu təsdiq etdi.

                                                                               

                                                                                                                                    Elnur RÜSTƏMOV,
                                                                                                                                   Füzuli rayon prokuroru,
                                                                                                                                   kiçik ədliyyə müşaviri.

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.