Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon prokurorluğunun MƏLUMATI

11.01.2021

Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Araşdırmalarla müəyyən olunmuşdur ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunmuşdur.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.