Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon prokurorluğunun MƏLUMATI

26.12.2020

Cari il mayın 9-da İsmayıllı rayonu, Bizlan kəndi ərazisində Tapdıqov Zakir Şakir oğlu və sonuncunun arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə zorakılıq əlamətləri ilə meyitlərinin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. 
Aparılmış istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
 Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
       Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.