Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşmüşdür

18.12.2020

17 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Ariane Bauer qəbul edilmişdir. 

Qonaqları salamlayan Xanlar Vəliyev Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamış, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi prosesində Komitə tərəfindən zəruri köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirmişdir.

Eyni zamanda, Xanlar Vəliyev Azərbaycanın hərbi qulluqçularının döyüş zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri, habelə qəbirləri üzərində təhqiredici hərəkətlər edilməsi faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işlərinin başlanılaraq hazırda istintaqın aparılması barədə məlumat vermişdir. 

Həmçinin Hərbi Prokuror döyüş əməliyyatlarında həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftar faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən hüquqi təsir tədbirlərinin görülməsinin vacibliyini, açıq və ədalətli araşdırmanın aparılmaqla ictimaiyyətin məlumatlandırmasının xüsusi əhəmiyyətini bildirməklə materialların Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim olunması üçün istənilən beynəlxalq təşkilata təqdim olunmasına hazır olduqlarını vurğulamışdır.  

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Ariane Bauer hərbi münaqişə zamanı zərər yetirilmiş mülki əhaliyə Komitə tərəfindən müvafiq yardımların edilməsini və bu istiqamətdə işlərin davam etdiriləcəyini, eləcə də həlak olmuş şəxslərin, onların meyitlərinin və qalıqlarının identifikasiya edilməsində köməklik göstərə biləcəklərini bildirmişdir.  

Görüşdə bir sıra digər məsələlər müzakirə edilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.