Şriftin ölçüsü :

Saytın rəngi :

"Bakı Taksi xidməti" MMC-nin sürücüsünün işlədiyi yerdə intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanmışdır

17.12.2020

Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən "Bakı Taksi xidməti" MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi  barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.

İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri  davam etdirilir.

Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.