Şriftin ölçüsü :

Saytın rəngi :

Tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən şəxsin yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanmışdır

17.11.2020

Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olmuşdur.

İlkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq  aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.