Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir dövlət quruculuğunda prokurorluğun yeri və rolu

01.10.2020

“ Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq !

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ! ”

 

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

MÜASİRLƏŞƏN AZƏRBAYCAN PROKURORLUĞU

 

Müasir dövlət quruculuğunda prokurorluğun yeri və rolu

 

Dünya şöhrətli ictimai-siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi konseptual daxili və xarici siyasət, zamanın tələbi ilə səsləşən praqmatik islahatlar ölkə həyatında yeni intibahın başlanmasının əsasını qoymuşdur.

Müasir dövrün reallıqları və inkişaf perspektivləri nəzərə alınmaqla iqtisadiyyatın davamlı tərəqqi modelinə transformasiya olunması, yeni çağırışlar fonunda həyata keçirilmiş strateji yol xəritələri makroiqtisadi dayanıqlılığın qorunub saxlanmaqla qlobal böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatların həyata keçirilməsi üçün real imkanlar yaratmışdır.

Mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının davamlı olaraq yüksəldilməsi dayanan Ölkə Başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dövlətimizin koronavirus pandemiyasının mənfi təsirlərini layiqli qarşılamaqla zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirdi.

Qeyd edilməlidir ki, dövlətimizin qüdrətlənməsinə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq sosial yönümlü siyasətin reallaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyində çağdaş yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.

Təsadüfi deyil ki, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş Referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.

Dahi rəhbərin prokurorluğa olan diqqət və qayğısının davamı hesab edilən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i Respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli yığıncaqda Ulu Öndərin “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” şüarı bu gün də hər bir prokurorluq işçisi tərəfindən iftixar hissi ilə yad edilir.

Xüsusi qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi müstəsna əhəmiyyətə malik görüşü Azərbaycan Prokurorluğunun demokratik məzmunda yenilənməsinə və qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkilinə təminat yaratmışdır.

Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır.

Ölkə Başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının müasirləşməsi baxımından xüsusi önəmə malik bir addım olmuşdur.

Bu gün Dövlət Başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə müasir məzmunlu islahat tədbirləri davam etdirilməklə şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. 

Ölkə Başçısı tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən səsləndirilən “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” sözləri prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə adekvat dəyişikliyin aparılmasını zəruri etmişdir.

Möhtərəm cənab Prezidentin korrupsiyaya qarşı daha fəal iş görülməsi, struktur və kadr islahatları aparmaqla prokurorluğun yüksək standartlara və müasir tələblərə cavab verən qurum kimi formalaşdırılmasını tövsiyə etməsi, eləcə də ölkənin hazırkı inkişaf mərhələsində aktual olan məsələlərlə bağlı vurğuladığı digər vacib məqamlar prokurorluq orqanlarında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

 Həmin görüşdən keçən qısa müddət ərzində prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və keyfiyyətinin artırılması məqsədilə əsaslı struktur və kadr islahatları həyata keçirilmiş, funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə işin təşkilinə dair vahid mexanizmlər müəyyən edilmişdir.

Qeyd etməliyəm ki, Dövlət Başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də, prokurorluğa ictimai etimadın gücləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi və müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Azərbaycan Prokurorluğunun tarixi: Cümhuriyyət dövrü və Sovetlər dönəmi

Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23 aylıq dövrə təsadüf edir. 1 oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 102 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmişdir.

Yarandığı vaxtdan Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olduqca ağır şəraitdə fəaliyyət göstərən prokurorluq orqanları əsasən məhkəmədə dövlət ittihamını müdafiə etmək, ibtidai istintaqın aparılmasına və məhkəmə orqanlarında qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirirdi.

Həmin dövrdə fəaliyyət göstərmiş Fövqəladə İstintaq Komissiyası tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri ilə 1918-ci ildə Bakı şəhəri, Quba, Şamaxı qəzalarında və digər bölgələrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayəti, dövlət, şəxsi və ictimai əmlakın talanı və sair əməllər üzrə əvəzolunmaz sübut bazası toplanmışdır.

Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında” Dekreti ilə ölkəmizdə sovet prokurorluğunun əsası qoyulmuş, 1936-cı ilin iyul ayında isə Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Təəssüflə qeyd etməliyik ki, sovet hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının işçilərindən də yan keçməmiş, 1937-38-ci illərdə 21 prokurorluq işçisi, o cümlədən Respublikanın Baş prokurorları, Baş prokurorun müavini, rayon prokurorları “düşmən və cinayətkar ünsür kimi” əsassız mühakimə edilmişlər.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmaqla onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişlər.

Sovetlər dönəminin sonrakı illərində səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır.

Belə bir məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə “Qoy ədalət zəfər çalsın!” şüarını o zamanın ictimai postulatına çevirməyi bacarmaqla fədakar fəaliyyətini cəmiyyətdə ədalətin təntənəsinə yönəltmişdir. O dövrdə Ulu Öndərin təşəbbüsü ilə Respublikada ali məktəblərin hüquq fakültəsinə qəbulla bağlı aparılan islahat nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisasına yiyələnməklə hüquq mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər. Ümummilli Lider həmin hüquqşünasların müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra dövrün səriştəsiz hakimiyyətinin ölkəni anarxiya və xaosa sürüklədiyi çətin məqamlarda prokurorluq işçiləri milli mənafeyin qorunması, böyük vüsət alan cinayətkarlığın, insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması hallarının qarşısının alınması naminə şərəflə üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər.

Prokurorluğun əsas fəaliyyət istiqamətləri

Sovetlər dönəmində yüksək səlahiyyətlərə malik olmuş prokurorluq orqanları son dərəcə fövqəladə sayılacaq “ümumi nəzarət” adlandırılan səlahiyyətə malik idi ki, bununla prokurorluq bütün vətəndaşların, müəssisə, idarə və təşkilatların, habelə ictimai və dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətində qanunların eyni cür və dürüst tətbiq və icra olunmasına nəzarəti həyata keçirirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra sosialist ictimai-iqtisadi formasiyasından yeni formasiyaya keçid belə müstəsna səlahiyyətlərə malik ali nəzarətedici orqanın fəaliyyət dairəsinin sərhədlərinin yenidən cızılmasını, prokurorluğun funksiya və statusuna baxılmasını zəruri etmişdir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmaqla qanunun aliliyinin real təminatçısına çevrilməsini təmin etdi.

Həmin qanunla cinayət işinin başlanmaqla ibtidai istintaqın aparılması, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, məhkəmədə dövlət ittihamının müdafiə edilməsi və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak, habelə məhkəmədə iddia qaldırmaq prokurorluğun əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Bundan başqa, prokurorluq orqanlarının cəmiyyətdəki roluna verilən əhəmiyyətin, inamın təzahürü olmaqla prokurorluğun tərkibində korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanının-Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana ibtidai istintaq aparmaqla yanaşı, korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi nəticəsində prokurorluq qismən əməliyyat-axtarış fəaliyyətinin subyekti olmuşdur.

Eyni zamanda, 15 dekabr 2017-ci il tarixli Qanunla məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək də prokurorluq orqanlarının fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Prokurorluq orqanlarının işinin təşkili

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı və ardıcıl, müasir çağırışlara cavab verən islahatlar aparılmasın. Bu baxımdan, 2020-ci il prokurorluq orqanları üçün əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsini zərurəti vurğulanmaqla prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Həmin vəzifələrin və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə geniş Fəaliyyət Planı təsdiq olunaraq görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmiş, çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Ölkə Başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq Baş prokurorun yeni müavini ştatı təsis edilmiş, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Eyni zamanda, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin yeni strukturu təsdiq edilmişdir.

Bundan əlavə, qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili  Qaydaları” təsdiq edilməklə 1 avqust tarixindən qüvvəyə minmişdir.

Qaydalar səlahiyyətləri dəqiq təsbit edilmiş struktur qurumlar və rayon (şəhər) prokurorluqları arasında münasibətləri müasir tələblər səviyyəsində tənzimləmiş, həmçinin Qaydalarda Baş Prokurorluğun strukturuna daxil olmayan konkret vəzifənin icrası üçün təsis olunmuş Ad hoc qurumların funksiyaları təsbit olunmuşdur.

Qeyd edilməlidir ki, qaydaların hazırlanmasında prokurorluğun fəaliyyətində rəhbər tutulan normativ-hüquqi aktların əhəmiyyətli hissəsindən istifadə olunmuş, müasir tələblərə cavab verməyən, əhəmiyyətini itirmiş əmrlər isə ləğv olunmuşdur.

Baş Prokurorluğun və struktur qurumların “İşin Təşkili Qaydaları”, eləcə də prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən yenicə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaqdır.

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri Azərbaycanda həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almışdır. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur.

Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 20 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən müddətdə xidmətə 38 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Eyni zamanda, ölkəmizdə həyata keçirilən hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmışdır.

Təsadüfi deyil ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar mötəbər beynəlxalq qurumların hesabatlarında da öz əksini tapmışdır.

“Beynəlxalq Şəffaflıq” təşkilatının (Transparency International) 2019-cu il üçün hesabatında Azərbaycanın Korrupsiya Qavrama İndeksi üzrə 26 pillə irəliləməsi bunun əyani təsdiqidir.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumlar tərəfindən də ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Belə ki, GRECO-nun 2019-cu il üzrə fəaliyyətini əks etdirən hesabatında Azərbaycana verilən yüksək qiymət bunu bir daha təsdiqləmiş, sənədə əsasən ölkəmiz verilmiş tövsiyələrin əksəriyyətini icra etməklə əldə olunan göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri arasında isə 1-ci yerdə qərarlaşmışdır.

Göstərilən uğurların əldə olunmasında digər dövlət qurumları ilə yanaşı prokurorluq orqanları tərəfindən də zəruri tədbirlərin görülməsi təmin olunmuş, Ulu Öndərin “Korrupsiya ilə, rüşvətxorluqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarından daha çox səmərəli iş tələb olunur” sözləri daim əsas götürülməklə bu sahədə kəsərli addımların atılması təmin edilmişdir.

Ötən ilin peşə bayramından keçən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 290 şəxs barəsində 194 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, ümumilikdə istintaqı yekunlaşmış işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 65 milyon 510 min manatın ödənilməsi və 11 milyon 877 min manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.

Eyni zamanda, koronavirus pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Qeyd edilənlərdən əlavə, son dövrlər geniş ictimai rezonansa səbəb olmuş yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində aşkar olunan qanunsuz hallarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində başlanmış cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Başçısı cənab İlham Əliyevin “Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir” göstərişinə uyğun olaraq prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Keyfiyyətli və obyektiv istintaq prokurorluğun fəaliyyətinin prioritetidir

Ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafı, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunması, kriminogen durumun nəzarətdə saxlanmaqla Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətimizin hüquq siyasətinin prioritetlərindəndir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında əldə olunan misilsiz nailiyyətlərin qorunmaqla davamlı uğurların əldə edilməsi prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni neqativ tendensiyalarla, mütəşəkkil, transmilli cinayətkarlıqla səmərəli mübarizə aparılmasını tələb edir.

Prokurorluğun istintaq qurumları tərəfindən cinayətlərin müəyyən edilməsi, qarşısının alınması, onu törədənlərə qarşı qanunla müəyyən edilmiş təsir tədbirlərinin tətbiq edilməsi üzrə effektiv fəaliyyətin təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilmişdir.

Bu məqsədlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunaraq, onların bazasında Baş Prokurorluğun İstintaq İdarəsi təşkil edilmiş, həmçinin prokurorluqda və müvafiq icra hakimiyyəti orqanlarında ibtidai araşdırmaya prosessual rəhbərlik və nəzarət funksiyaları Baş prokurorun 2 müavini arasında bölüşdürülmüş, rayon, şəhər və ərazi hərbi prokurorlarının prosessual müstəqilliklərini məhdudlaşdıran normalar ləğv olunmuşdur. 

Həyata keçirilmiş islahatların və əməliyyat-axtarış fəaliyyətini yerinə yetirən orqanlarla işin düzgün təşkili nəticəsində cari ilin iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi və sair faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin operativ surətdə müəyyənləşdirilməsi, ölkə xaricində yaşamaqla dövlətin konstitusiya quruluşunun əsaslarına, ictimai təhlükəsizliyə qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, ötən illərdən bağlı qalmış bir çox qəsdən adam öldürmə və digər cinayətlərin açılması təmin olunmuşdur.

Cinayətlərin strukturunda, dinamikasında və inkişaf meyllərində dəyişikliklərin baş verməsi cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının müasir metodlardan, üsul və vasitələrdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən daha geniş istifadəsini şərtləndirir.

Eyni zamanda, müstəntiqlərin taktiki məharətlərinin artırılması, rəqəmsal və nano texnologiyaların imkanlarından geniş istifadə etməklə kriminalistik tədqiqatların aparılması və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi ibtidai istintaqın yüksək standartlar səviyyəsində təşkilinə zəmin yaradacaqdır.

Bu sahədə həmçinin, müasir texnologiyanın inkişafı fonunda ortaya çıxan və əsasən qlobal internet məkanında inkişaf edən yeni növ iqtisadi cinayətlərə, kibercinayətkarlığa və kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla zəruri tədbirlərin görülməsi planlaşdırılmışdır.

Qarşıdakı müddət ərzində nəzərdə tutulmuş tədbirlərin realizəsi cinayət işləri üzrə tez bir zamanda obyektiv həqiqətin müəyyən edilməsi, təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, dövlətə və vətəndaşlara dəymiş ziyanın ödənilməsi kimi ibtidai istintaqın qarşısında duran ən vacib vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan verəcəkdir.

Cinayətlərin böyük qisminin latent şəraitdə törədilməsi nəzərə alınaraq istintaq orqanlarının əməliyyat-axtarış qurumları ilə qarşılıqlı əməkdaşlığı təkmilləşdirilməklə cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların kompleks analizi ölkədə kriminogen durumun istənilən səviyyədə qorunub saxlanmasına təminat yaradacaqdır.

Əminliklə qeyd etməliyəm ki, istintaq qurumlarının qarşısında duran vəzifələrin icrası cinayət təqibinin səmərəliliyinin artırılmasına, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla çirkin niyyətlərinə çatmağı hədəfləyən şəxslərin cinayətkar qəsdlərinin qarşısının alınmasına, bütövlükdə cəmiyyətimizin və dövlətimizin tərəqqisinə xidmət edəcəkdir.

Prosessual rəhbərlik və prokuror nəzarəti qanunların icrasının əsas təminatı kimi

Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan  hüquq və azadlıqlarının müdafiəsi prokurorluğun digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin əsasını təşkil etməkdədir.

 Hüquq mühafizə orqanlarının fəaliyyətində məhkəməyədək aparılan təhqiqat və istintaqa prosessual rəhbərliyi, həmçinin qanunların icra və tətbiq olunmasına nəzarəti Konstitusiya ilə nəzərdə tutulmuş qaydada həyata keçirən prokurorluq orqanları dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Bu baxımdan hüquq normalarının pozulmasının müəyyən edilməsi və qarşısının alınması, ibtidai araşdırma zamanı süründürməçilik hallarına yol verilməməsi, cinayətlərin tezliklə və tam açılması, cinayət prosesi iştirakçılarının hüquqlarının qanunsuz məhdudlaşdırılmasına imkan verilməməsi prokurorun qanunla nəzərdə tutulmuş vəzifələrinin əsasını təşkil edir.

İbtidai araşdırmaya prosessual rəhbərliyinin məqsədi istintaqın yüksək peşəkarlıq səviyyəsində aparılmasının, qanun pozuntularına yol verilməsinin qarşısının alınmasının, cinayət əməli törətmiş hər bir şəxsin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin, təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməməsinin, cinayət işlərinin tam və obyektiv araşdırılmasının təmin edilməsindən ibarətdir.

Qeyd edilməlidir ki, ibtidai araşdırmaya prosessual rəhbərlik istintaq orqanlarının fəaliyyətinin qanuniliyini təmin etməyin mühüm üsulu olmaqla prokurorluğun qarşısında duran əsas vəzifələrdən biri ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsindən ibarətdir.

Bununla yanaşı, cinayət prosesində prokurorun əsas funksiyalarından biri də cinayət barədə məlumat daxil olduğu andan işin məhkəməyə göndərildiyi vaxta qədər təhqiqat və ibtidai istintaq orqanlarının qanunlara əməl etməsi vəziyyətini izləməyə imkan verən prokuror nəzarəti fəaliyyətidir. Bu proses zamanı qanun pozuntularının qarşısını almaq, onları müəyyən etmək və aradan qaldırmaq, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri ilə fiziki şəxslərin pozulmuş hüquqları və qanuni mənafelərini bərpa etmək üçün prokurora qanunvericiliklə geniş səlahiyyətlər verilmişdir.

Prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, gömrük, vergi, dövlət sərhəd və fövqəladə hallar orqanlarının prosessual fəaliyyətlərinin qanunauyğunluğunun təmin olunmasına yönəlmiş prokuror nəzarəti institutu cinayətkarlıqla mübarizədə və cinayət işləri üzrə aparılan ibtidai araşdırmada qanunçuluq prinsipinin möhkəmləndirilməsinə geniş imkan yaradır.   

Ədalət mühakiməsində dövlət ittihamının rolu

Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur. Həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi istiqamətində cəza-hüquq siyasəti aparır.

Bu baxımdan ölkəmizdə hüquq institutlarının möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.

Azərbaycan Respublikasında birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində ədalət mühakiməsi zamanı yalnız prokurorluq orqanları tərəfindən həyata keçirilən dövlət ittihamı funksiyası qurumun əsas fəaliyyət istiqamətlərindən olmaqla insan hüquq və azadlıqlarının təminatının mühüm vasitəsidir.

Dövlət ittihamçıları toplanmış sübutlar əsasında cinayət törətməkdə təqsirli bilinən şəxsləri ifşa etməklə dövlət tərəfindən həyata keçirilən qanunçuluq, ədalət və əmələ görə məsuliyyət prinsiplərinə əsaslanan cinayətkarlığa qarşı mübarizəyə dair siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər.

Dövlət ittihamının həyata keçirilməsi ilə yanaşı qanunçuluğun təmin edilməsi vəzifəsini daşıyan prokurorluğun cinayət mühakimə icraatında obyektiv balansı təmin etməklə qanunvericiliyə uyğun olmayan və hüquqi təcrübəyə söykənməyən yekun məhkəmə qərarlarını yuxarı instansiya məhkəməsində mübahisələndirməsi, həmçinin maddi və prosessual normaların pozulması ilə müşayiət olunan məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm vasitə olan qərarlardan protest verilməsi vahid məhkəmə təcrübəsinin təmin edilməsində prokurorluğun iştirakını xarakterizə edən əsas amildir.

Eyni zamanda, gündəlik fəaliyyəti qanunların icrasına nəzarət və tətbiqi ilə bağlı olan prokurorluq orqanları iş prosesində müəyyən etdiyi normativ-hüquqi aktların məzmununda olan qeyri-müəyyənliklər səbəbindən eyni hüquqi məsələ ilə bağlı fərqli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasında, qanunun tətbiqi ilə əlaqədar ziddiyyətlərin aradan qaldırılmasında yaxından iştirak edərək vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə sorğuların verilməsini təmin etmişlər.

Dövlət ittihamının müdafiəsi sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməklə “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyanın başa çatdırılması və ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, həmçinin dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin təhlil edilməsi və işin keyfiyyətinin artırılması üçün zəruri tədbirlərin görülməsi prokurorluğun bu istiqamətdə səmərəli fəaliyyətinə imkan verəcəkdir.

Cinayət təqibindən kənar fəaliyyətin genişlənməsi əsas vəzifələrdəndir  

Ölkə Başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq və bilavasitə onun təşəbbüsü ilə son illərdə şəxslərin azadlıq hüququnun təmin edilməsi sahəsində bir çox layihələr həyata keçirilmişdir. Buna nümunə kimi istər cənab Prezident tərəfindən imzalanmış əfv sərəncamlarını, istərsə də Dövlət Başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktlarını göstərmək olar.

Cinayət-hüquq siyasətinin liberallaşdırılması nəticəsində həyata keçirilmiş layihələrlə cəzanın labüdlüyü prinsipi əsas götürülərək dekriminallaşdırılan əməllərin əksəriyyətinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə uyğun olaraq qarşısında duran əsas vəzifələrdən biri də cinayət-prosessual fəaliyyətlə yanaşı cinayət təqibindən kənar icraatlarda, xüsusilə inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətinin həyata keçirilməsindən ibarətdir.

İnzibati Xətalar Məcəlləsində prokurorluğun fəaliyyətinə nə dərəcədə əhəmiyyət verildiyini göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, Məcəllənin idarəçilik qaydaları, iqtisadi fəaliyyət qaydaları əleyhinə, əhalinin siyasi, sosial, əmək və digər hüquqlarının pozulması ilə bağlı çoxsaylı inzibati xətalar üzrə inzibati icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilmiş, prokuror nəzarəti qanunçuluq prinsipinin təminatı kimi nəzərdə tutulmuşdur.

Eyni zamanda, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması məqsədilə onlar barəsində və ya öz təşəbbüsləri ilə başlanmış inzibati xətalar haqqında işlərə baxılmasında prokurorun iştirakı təsbit edilmişdir.

Prokurorluq orqanlarının göstərilən fəaliyyət istiqaməti üzrə işinin təkmilləşməsi diqqət mərkəzində saxlanılmaqla inzibati xətalar haqqında işlər üzrə və digər cinayət təqibindən kənar icraatlarda iştirakının genişləndirilməsi məqsədilə praktiki fəaliyyətin genişləndirilməsi, effektiv prokuror nəzarətinin təmin olunması və cinayət məsuliyyətinə səbəb olmayan hüquqpozmaları doğuran səbəb və şəraitin təhlil edilməklə aradan qaldırılması bu sahədə qarşıda duran əsas vəzifələrdən hesab edilir.

Bununla yanaşı, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasında, amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında prokurorluğun iştirakı artırılmaqla cəzanın islahedici təsirinin gücləndirilməsi, islahetmə vasitələrinin tətbiqinin qanuniliyinin və humanistliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Kadr korpusunun formalaşdırılması və gücləndirilməsi

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr tərkibinin şəffaf prosedurlar əsasında hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edən gənc hüquqşünasların işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsi olmuşdur.

Ölkə Başçısının mayın 1-də Baş prokuror vəzifəsinə yeni təyinatla əlaqədar qəbul edərkən səsləndirdiyi “Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar” tövsiyəsi əsas götürülməklə qısa müddət ərzində aparılmış kadr islahatları nəticəsində müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən 100-dən artıq prokurorluq işçisi, o cümlədən dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi 8 qadın əməkdaş rəhbər vəzifələrə təyin edilmişlər.

Bununla yanaşı, təəssüflə qeyd etməliyəm ki, ötən peşə bayramından keçən dövr ərzində öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən, nəzəri və peşə hazırlığını artırmaq üçün səy göstərməyən 52 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 8-i tutduğu vəzifədən azad edilmiş, 4-ü isə prokurorluq orqanlarından xaric olunmuşdur.

Prokurorluğun kadr korpusunun keyfiyyətinin artırılması və vəzifədə irəli çəkilmə üçün kadr ehtiyatının formalaşdırılması, müxtəlif nəsil prokurorluq işçiləri arasında sağlam varisliyin təmini, perspektivli gənc mütəxəssislər hesabına yenilənmə, kadr siyasətinin günün tələbləri, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ədalət və şəffaflıq meyarları əsasında həyata keçirilməsi prioritet hədəflərdir.

Diqqətə çatdırmalıyam ki, hüquqi biliklərlə yanaşı geniş dünyagörüşünə, xüsusilə xarici dil biliklərinə yiyələnmiş mənəvi keyfiyyətləri ilə seçilən gənc hüquqşünasların prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq məqsədilə 80 ştat vahidi üzrə cari ildə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.

Eyni zamanda, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması vacib istiqamətlərdən biridir. 

Ölkə Başçısı prokurorluğun dövlətimiz üçün önəmini vurğulayaraq prokurorluq işçilərinin fəaliyyətinin xüsusiyyətinə, bu orqanın yerinə yetirdiyi vəzifələrin ictimai əhəmiyyətinə diqqət çəkərək “Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır” deməklə hər birimiz üçün yüksək tələbkarlıq səviyyəsi müəyyən etmişdir.

Bu tələblərə cavab vermək üçün isə bütün prokurorluq işçiləri öz fəaliyyətlərində səmərəliliyin artırılması üçün yüksək peşə hazırlığı səviyyəsini təmin etməyi, hüquq normaları ilə yanaşı, elmi tövsiyələrin, metodiki bilgilərin mənimsənilməsi və təcrübədə tətbiqini, informasiya-kommunikasiya texnologiyalarına yiyələnməyi vəzifə borcu hesab edirlər.

Prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə yaradılmış Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, dövlət qurumlarının əməkdaşları və digər mühafizə hüquq orqanlarının təcrübəli işçilərindən ibarət Şura ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasını, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarının müəyyən edilməsini təmin edəcəkdir.

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə ölkəmizin aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin tədris müəssisələri, hüquq mühafizə orqanlarının akademiyaları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Bundan əlavə, prokurorluq əməkdaşlarının peşə səviyyələrinin artırılması məqsədilə müasir iş metodları, informasiya texnologiyaları, distant təhsilin üstünlükləri, yerli təlimçilərlə yanaşı qabaqcıl təcrübəsi olan ölkələrin təlimçilərinin dəstəyindən faydalanma, tədris fəaliyyətinin bilavasitə prokurorluğun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən praktiki işlərlə uzlaşdırılması nəzərdə tutulmuşdur.

Beynəlxalq əməkdaşlığın inkişafı davamlı xarakter kəsb edir

Ölkəmizin dünya birliyinə inteqrasiyası, artan qloballaşma meylləri və informasiya texnologiyalarının sürətli inkişafı fonunda cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınmasının mümkünlüyü hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini, beynəlxalq təşkilatlarda iştirakını zəruri edir.

Beynəlxalq qurumlarla və tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edən prokurorluq orqanları tərəfindən əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilmişdir.

Koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq ötən illərdə olduğu kimi müxtəlif beynəlxalq təşkilatlarla - Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digərləri, eləcə də bir çox ölkələrin prokurorluq orqanları ilə əməkdaşlıq uğurla davam etdirilmiş, prokurorluq işçiləri videoformat rejimində çoxsaylı tədbirlərdə iştirak etməklə ölkəmizi təmsil etmişlər.

Qeyd edilməlidir ki, pandemiyanın digər sahələrdə olduğu kimi, xüsusilə ekstradisiya məsələlərində çətinliklər yaratdığı bir zamanda prokurorluq orqanları tərəfindən digər aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülərək cinayət törətməklə istintaqdan gizlənmiş şəxslərin Azərbaycana ekstradisiya olunmaları təmin edilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə ölkə prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Hərbi prokurorluq orqanlarının fəaliyyəti

Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır.

Xüsusilə, korrupsiyaya qarşı mübarizə sahəsində hərbi prokurorluq orqanları tərəfindən də ciddi işlər görülməklə hərbi hissə və birləşmələrdə bu qəbildən olan cinayətlərin vaxtında aşkarlanması üzrə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. Ötən ilin peşə bayramından keçən müddət ərzində hərbi prokurorluq orqanlarında korrupsiya əməllərinə yol verilməsi ilə bağlı 97 vəzifəli şəxs barəsində 69 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Göstərilənlərdən əlavə, işğalçı erməni hərbi birləşmələrinin təmas xətti boyunca törətdiyi cinayətkar əməllərlə bağlı prokurorluq orqanları, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

Belə ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla cari ilin iyul ayının ortalarında Tovuz rayonu istiqamətində, həmçinin sentyabrın 27-dən başlayaraq dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişdir. 

Azərbaycan Ordusunun bir neçə hərbçisinin şəhid olması və bəzi hərbi qulluqçuların xəsarət alması, habelə mülki əhalidən bir neçə nəfərin  həlak olması və xəsarət almaları faktları üzrə həm hərbi prokurorluq orqanlarında, həm də rayon prokurorluqlarında Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, habelə şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələrlə cinayət işləri başlanmış və döyüş şəraitində mümkün olan bütün tədbirlər yerinə yetirilir.

Əminəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğaldan azad etdiyi çoxsaylı yaşayış məntəqələri və strateji yüksəkliklərin sırasına digər işğal olunmuş əraziləri də qatmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam təmin edəcək və şanlı bayrağımız uzun müddətdir işğal altında olan ərazilərdə dalğalanacaqdır.

Əlavə olaraq qeyd etməliyəm ki, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dinc əhaliyə qarşı törətdikləri təxribatçı əməllərlə bağlı başlanmış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və institusional tədbirlər həyata keçirilir. 

Digər fəaliyyət sahələri

Prokurorluq orqanlarının fəaliyyətində mühüm yer tutan sahələrdən biri də müraciətlərə baxılması və vətəndaşların qəbulu işi olmaqla qurum tərəfindən vətəndaş yönümlü tədbirlərin həyata keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır.

Dövlət Başçısı cənab İlham Əliyevin “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir” tövsiyəsindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsinə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq vətəndaşların videoformat rejimində qəbul edilərək müraciətlərinə operativ baxılmasına olduqca önəm verilmişdir.

Ötən il Baş Prokurorluqda fəaliyyətə başlamış “961” nömrəli Çağrı Mərkəzi prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasını ödənişsiz həyata keçirməkdədir.

Görülmüş tədbirlərin davamı kimi aşkarlığın təmin edilməsi, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır, zərurət yarandığı hallarda dərhal müvafiq araşdırmalar aparılır, həmçinin müxtəlif maarifləndirici videoçarxların hazırlanaraq ictimaiyyətə təqdim olunması təmin edilir.

Eyni zamanda, müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun veb-saytı ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenidən qurulmaqla ictimaiyyətin istifadəsinə verilmişdir. Saytda prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər barədə məlumatlar daim yenilənməklə əks olunmuşdur.

Əlavə olaraq qeyd etməliyəm ki, prokurorluğun cəmiyyətin və dövlətin mənafeyinin qorunması məqsədilə mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirənin obyekti olan üzərinə həbs qoyulan bütün növ aktivlərin, o cümlədən, kriptovalyuta vəsaitlərinin izlənilməsi, aşkar edilməsi və bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaqla bu sahədə səmərəli nəticələrin əldə olunması əsas vəzifələrdəndir.

Qarşıda duran hədəflər

Günümüzün prokurorluq orqanları qarşımızda duran mühüm vəzifələrin əhəmiyyətini anlayaraq “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə səmərəliliyə və operativliyə nail olunmasını, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təminini diqqət mərkəzində saxlamaqla işin keyfiyyətcə yeni mərhələyə qalxmasını və daha çevik yerinə yetirilməsini əsas tələblər kimi müəyyənləşdirmişdir.

Prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cəzanın labüdlüyü prinsipinin təmin olunması, vətəndaşların pozulmuş hüquqların təxirəsalınmadan bərpası üçün effektiv fəaliyyət mexanizminin qurulması üçün zəruri tədbirlər həyata keçirilməkdədir.

Prokurorluq işçiləri bundan sonra da ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək dövlətimizin daha da inkişafına xidmət göstərəcəklər.

Sonda ölkə başçısını və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, prokurorluq orqanları millətimizin vətən müharibəsi üçün səfərbər olduğu belə bir həssas və çətin dönəmdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlardan istifadə olunmaqla lazımı tədbirlərin görülməsini təmin edəcəklər.

Kamran Əliyev

Azərbaycan Respublikasının Baş prokuroru,

II dərəcəli dövlət ədliyyə müşaviri,

Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti,

hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.