Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir

30.09.2020

Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
                                                                                                                     İlham ƏLİYEV,
                                                                             Azərbaycan Respublikasının Prezidenti.


Bu il mayın 1-də möhtərəm Prezidentimiz İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən ölkədə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söhbət açdı və prokurorluq orqanlarında da islahatların vacibliyini bildirdi. K.Əliyevin bu sahədə uzun müddət çalışdığını xatırladan dövlətimizin başçısı əldə olunmuş təcrübənin prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilməsinə imkan verəcəyini bildirdi. Cənab Prezidentin tövsiyə və tapşırıqları gələcək işimizdə hər birimizə bir örnək idi.
Dövlət başçımız prokurorluq orqanları qarşısına çox ciddi və məsul vəzifə qoyub. Bu vəzifənin öhdəsindən gəlmək üçün hər birimiz var qüvvəmizlə çalışmalı, qanunun aliliyinin təmin olunması istiqamətində bilik və bacarığımızı əsirgəməməliyik. Ölkə rəhbərinin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12- də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olundu və nəzərdə tutulan işlərin icrası istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulub. Həmin vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatlara başlanılmış, qısa zaman ərzində genişmiqyaslı struktur və kadr islahatları həyata keçirilmişdir.

 

     Azərbaycan cəmiyyətinin, bütövlükdə dövlətimizin və xalqımızın həyatında mühüm rol oynayan strukturlardan, hüquq-mühafizə orqanlarından birinin - Respublika Prokurorluğunun yaranmasının 102-ci ili tam olur. Hazırda müstəqil Azərbaycan dövlətinin inamla irəliləməsində, dünyaya inteqrasiyasında və sivil, demokratik, hüquqi dövlət quruculuğu yolunda prokurorluq orqanlarının fəaliyyəti yüksək dəyərə layiqdir.
Hər il oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutan ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1- i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu sərəncam tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü idi.

      Çətin və keşməkeşli yol 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açdı. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində respublikamızın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

        Bir çox dövlətlərdə qədim dövrlərdən mövcud olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada Kral IV Filip tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi qanunla təsbit edilib. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub. Həmin vaxtdan başlayaraq, ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda prokurorluq orqanı yaranmışdır. Bəzi ölkələrdə Ədliyyə Nazirliyi yarandıqdan sonra Ədliyyə naziri həm də ölkənin Baş prokuroru hesab edilib. Ölkəmizdə isə qeyd etdiyim kimi, müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi AXC-nin yaranması günündən sonra başlayıb. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş və bununla da prokurorluq orqanları yaradılmışdır.

      1920-ci il aprelin 28-də XI Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Həmin dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov, həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
1955-ci il mayın 24-də “SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə”nin qəbulu prokurorluğun inkişafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli “Prokurorluq haqqında” SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.Göründüyü kimi, həm AXC, həm də sovet hakimiyyəti illərində prokurorluq orqanları çətin və keşməkeşli bir yol keçmişdir.
Müstəqillik illəri — sivil və demokratik inkişaf yolu
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan da digər müttəfiq respublikalar kimi, öz dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra respublikamız yeni dövrə qədəm qoydu. Lakin müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin, xüsusilə, AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət idarəçiliyindəki naşılığı nəticəsində özbaşınalıq, anarxiya və xaos baş alıb getmiş, bununla da dövlət quruculuğuna böyük zərbə vurulmuşdur. Respublikamızın məhv olma həddinə çatdığını görən xalq, elə “ölkəyə rəhbərlik edən” AXC-Müsavat iqtidarı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyini israrla xahiş etdi. Ulu öndərin hakimiyyətə xilasedici qayıdışından sonra Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyuldu.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyindən sonra bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının fəaliyyətində də yeni eranın əsası qoyuldu. Həmin illərdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənmişdir.
Müstəqilliyimizin getdikcə möhkəmləndirilməsində prokurorluq orqanlarının da töhfəsi olmuşdur. Azərbaycan Respublikasının Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə bu istiqamətdə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən qanunlar, çoxsaylı məcəllələr — “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə, demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.
Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Prezidentin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.
      1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Ümummilli liderimizin şəxsi rəhbərliyi ilə hazırlanmış ilk müstəqil Konstitusiyamızın ümumxalq səsverməsi ilə qəbul olunduqdan sonra ölkəmizdə hüquqi islahatların yeni mərhələsi başlamış, dövrün tələblərinə cavab verən və keyfiyyətcə diqqət çəkən qanunvericilik aktları hazırlanaraq qəbul olunmuşdur. Konstitusiyamız hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq, respublikamızda hüquq sisteminin bünövrəsini yaratmış, qanunvericilik sisteminin əsasını təşkil etmişdir. Milli tariximizdə Heydər Əliyev Konstitusiyası kimi qalan Əsas Qanunumuzda prokurorluğun fəaliyyətinə xüsusi bir maddə həsr edilmişdir. Onun yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilmiş, statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri dəqiqləşdirilmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı, yeni sosial-iqtisadi, ictimai-siyasi münasibətlərlə və beynəlxalq standartlarla uzlaşmadığından ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.
Prokurorluq orqanlarında yeni inkişaf mərhələsi
Müdrik şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə sisteminin də müasir tələblər səviyyəsində inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasət bu istiqamətdə əsaslı dönüş yaratdı. Dövlətimizin başçısı prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək deyib: “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.

        Cənab Prezidentin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyət kəsb edib. Yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

        Dövlət başçımızın “Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir” — müdrik fikirləri hər bir prokurorluq əməkdaşında qürur hissi yaradıb. Bu, bir daha təsdiqlədi ki, cənab Prezident tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.

       Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi ilk vaxtdan korrupsiyaya qarşı mübarizəni prioritet vəzifə kimi qarşıya qoydu. Dövlət başçımızın “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli sərəncamını qeyd etmək istərdim. Korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının — Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürü olmaqla, bu mühüm dövlət təsisatının hüquqi sistemin formalaşdırılmasında rolunu daha da möhkəmləndirmişdir. Ölkə başçısının bu sərəncamı korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına zəmin yaratmışdır. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə dövlət səviyyəsində mütəmadi tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürü kimi qiymətləndirilməlidir.
Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən edib. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub. Bununla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. 2008-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair” Dövlət Proqramı çərçivəsində milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binası da bu sırada mühüm yer tutur.
Bu il mayın 1-də cənab Prezident Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən korrupsiyaya qarşı amansız mübarizə aparılmasını da tapşırdı. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Möhtərəm Prezidentimiz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin vacib vəzifələrdən biri olduğunu dedi və prokurorluq orqanlarının bu istiqamətdə daha fəal iş aparmasını tapşırdı. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparıldığnı vurğulayan cənab Prezident bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərini diqqətə çatdırdı. Dövlət başçımızın səsləndirdiyi fikirləri bir daha xatırladırıq: “Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

      Yaxın günlərdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi yeniləndi. Məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da peşəkarlaşdırmaq, səmərəliliyi artırmaqdır. Sentyabrın 15-də komissiyanın yeni tərkibdə videoformatda keçirilən ilk iclasında müzakirə olunan məsələlər, irəli sürülən təkliflər mühüm əhəmiyyət kəsb edir. Xüsusi önəm daşıyan məsələlərdən biri də budur ki, iclasda növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə həyata keçirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olundu və Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verildi.
Milli Fəaliyyət Planı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aradan qaldırılması istiqamətində qoyulan hədəflərə çatmaq üçün xüsusi rola malikdir. Bundan başqa, komissiya yanında işçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, innovativ həllərin tətbiqinin genişləndirilməsi, ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması, maarifləndirmə tədbirlərinin davam etdirilməsi böyük əhəmiyyətə malikdir.

     Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi mənfi halların aradan qaldırılması əsas hədəflərdən biridir. Respublikamızın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.
İslahatlar yeniləşmə,

tərəqqidir
Son illər geniş miqyas alan islahatlar artıq bütün sahələri əhatə edib və bu da ölkəmizin inkişafında, əhalinin güzəranının daha da yaxşılaşdırılmasında və idarəetmədə operativliyin, çevikliyin təmin olunmasında mühüm rol oynayıb. Artıq Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə və digər qurumlarda aparılan islahatlar öz bəhrəsini verir. Ölkədə yaradılmış yeni idarəetmə modeli əhali tərəfindən razılıqla qarşılanır. Dövlətimizin başçısı məni videoformat şəklində qəbul edərkən, bu məsələni də xüsusi vurğuladı və bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da genişmiqyaslı islahatlara ehtiyac yarandığının zəruriliyini qeyd etdi. Dedi ki, bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. Dövlət başçısı tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkəmizin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Kadr islahatları, xüsusilə gənclərə böyük etimad göstərilməsi əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Möhtərəm Prezidentimiz də bu məsələni xüsusi qeyd etdi və yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunmasının bizim şüurlu seçimimiz olduğunu vurğuladı. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda, hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Dövlətimizin başçısı dedi: “İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq-mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.
Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiqlənib. Bəzi idarə və şöbələr ləğv olunaraq müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib. İslahatlar bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Möhtərəm Prezidentimiz də bu məsələyə xüsusi önəm verərək, yeni peşəkar, bilikli, gənc müasir kadrların önə çəkilməsini tövsiyə edib və bunun zamanın tələbi olduğunu bildirib. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Bu tövsiyələr əsas tutularaq prokurorluq orqanlarında gənclər və gender siyasətinə xüsusi önəm verilir. Prokurorluqda kadr korpusunun yenidən komplektləşdirilməsi istiqamətində işlərə də start verilərkən bu məsələyə xüsusi önəm verilmişdir. Ümumiyyətlə, Azərbaycan dövləti gənclər siyasəti çərçivəsində gender bərabərliyi məsələsini də daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə gənclərlə bağlı bu günə qədər qəbul olunan Dövlət proqramlarında gender bərabərliyi ilə bağlı müvafiq bəndlər əksini tapıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər və gender bərabərliyi siyasətini daim diqqət mərkəzində saxlayırlar. Təhsil və səhiyyə sahələrində, kadrların seçilib yerləşdirilməsində, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində gender bərabərliyinin təmin olunması iqtisadiyyatın davamlılığına kömək edir, idarəçilikdə operativlik və çeviklik yaradır, ümumilikdə, cəmiyyətə və bəşəriyyətə əvəzolunmaz fayda verir.
Dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə — Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin edilmişlər.
2020-ci il may ayının 1-dən indiyədək struktur dəyişikliyi və təyinatlar, həmçinin sair məsələlərlə bağlı 703 əmr imzalanmış, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunmuşdur. Onların arasında gənclər də yer tutur.
Son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunmuş, onlardan 27-si orta yaş hədləri 40 olmaqla ilk dəfə, 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunmuşdur. Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilmiş, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq orta yaş həddi 36 olmaqla 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.
Sabah peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcək.

 

                                                                                                          Günay SƏLİMZADƏ,
                                                                                               Azərbaycan Respublikası
Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri,

kiçik ədliyyə müşaviri

Respublika qəzeti, 30 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.