Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə yeni mərhələdə uğurla davam etdirilir

30.09.2020

Bir çox dövlət təsisatları kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 aylıq dövrə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərara əsasən Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmış milli prokurorluq orqanları öz 102 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizədə çətin və mürəkkəb, lakin şərəfli bir inkişaf yolu keçərək, müasir şəkildə formalaşmış, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində sivil və demokratik məzmunda müstəqil hüquqi dövlətçiliyimizin maraqlarına xidmət edən bir təsisata çevrilmişdir. Bu gün ölkəmiz müasir, müstəqil respublikamızın memarı, dünyanın tanınmış dövlət xadimi və siyasətçisi ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazirlanıb, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ən ali hüquqi qüvvəyə malik müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit olunan müddəalar əsasında idarə olunur. Beynəlxalq hüquq normalarının bütün tələblərinə cavab verən Əsas Qanunda Azərbaycan Respublikasında hakimiyyətin xalqa məxsus olduğu, ölkənin demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdiyi birmənalı şəkildə bəyan edilir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə demokratik cəmiyyət və qanunun aliliyi prinsipləri məhz ali Qanunumuzda və ona əsaslanaraq qəbul edilən qanunlarda öz əksini tapmışdır.

Konstitusiyada cinayət mühakimə icraatının həyata keçirilməsində mühüm rolu nəzərə alınaraq prokurorluğun statusu, təşkili və fəaliyyət prinsipləri, funksiyaları və səlahiyyət dairəsi təsbit edilmişdir. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur. Təsadüfi deyildir ki, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelin 26-da keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur.

   Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətli inkişafa nail olmuşdur. Artıq Azərbaycan regionda siyasi cəhətdən ən sabit ölkə, demokratikləşməni və hüquqi dövlət quruculuğunu getdikcə dərinləşdirən və inkişaf etdirən, sosial siyasəti uğurla həyata keçirən bir ölkə kimi tanınır.

Bütün digər dövlət təsisatları kimi prokurorluq orqanlarının da davamlı inkişafı respublikamızın davamlı tərəqqisi ilə sıx bağlıdır. Belə ki, ölkədə həyatın bütün sahələrini əhatə edən sistemli  islahatlar, dövlət idarəçiliyinin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər hüquq sisteminin də  ən yüksək  beynəlxalq standartlara uyğun  formalaşdırılmasına və müasir dövrün  tələbləri səviyyəsində  təkmilləşdirilməsinə zəmin yaradır. Son illər prokurorluq orqanlarında daha sağlam iş mühiti yaradılmış, prokurorluq dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş və onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Prokurorluq işçilərinin dövlətimizin, cəmiyyətimizin maraqlarının qorunmasında peşəkarlıq nümayiş etdirmələri, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində prinsipiallıq göstərmələri insanlarda hüquq və azadlıqlarının qorunmasına inam yaratmışdır.

Azərbaycan Prokurorluğunun sivil və demokratik məzmunda yenidən, müstəqil dövlətçiliyin maraqlarına xidmət edən təsisat kimi formaslaşması ulu öndərin siyasi iradəsi nəticəsindədir. Bu kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2003-cü ildən başlayaraq cinayətkarlığa və kriminal mahiyyətli təzahürlərə qarşı mübarizənin yeni, daha səmərəli səviyyəyə qaldırılması, bu istiqamətdə prokurorluğun da fəaliyyətinin sivil məzmunda müasirləşdirilməsi, fəaliyyətin səmərəliyinin lazımi səviyyədə olması üçün maddi-texniki bazanın möhkəmləndirilməsi və mütəmadi təkmilləşdirilməsi, əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün müvafiq tədbirlər görür.

Prokurorluq orqanları tərəfindən cinayət mühakimə icraatının həyata keçirilməsi ilə bağlı fəaliyyətində korrupsiyaya qarşı mübarizə mühüm yer tutur. Bu ümumbəşəri bəlanın məhv edilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması bu istiqamətdəki fəaliyyətdə mühüm əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, respublikamızın qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əlеyhinə Konvеnsiya”sının hər bir iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun təbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmış, korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur. Ölkənin davamlı sosial-iqtisadi inkişafı korrupsiya ilə mübarizə sahəsində yeni və daha çevik sistemin yaradılmasını şərtləndirdiyi üçün İdarənin strukturundə dəyişikliklər edilmiş, işçilərinin ümumi say tərkibi artırılmış, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, adı dəyişdirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlandırılmış və səlahiyyətlöi daha da genişləndirilmişdir. Baş İdarənin korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əsas vəzifələrinə - korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxmaq və araşdırmaq; korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlamaq və ibtidai istintaq aparmaq; korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə qanunların icrasına nəzarəti həyata keçirmək; korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənmək, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək; korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlamaq; korrupsiya ilə bağlı cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesində iştirak edən şahidlərin, zərər çəkmiş, təqsirləndirilən və digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin etmək; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya mütəmadi olaraq məlumat vermək; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və fəaliyyətində aşkarlığı təmin etmək  və s. daxildir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarandığı vaxtdan bu günədək ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizədə  üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsi istiqamətində bir sıra ciddi işlər həyata keçirmişdir.

Belə ki, Baş İdarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri müəyyən edilmiş, təqsirli şəxslər ifşa edilmiş, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, əlaqəli dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində vətəndaşların çoxsaylı müraciətlərinin müsbət həll olunması təmin edilmiş, eyni zamanda maarifləndirmə sahəsində kitab, bülleten, buklet və digər metodiki vəsaitlər nəşr olunmuş, kütləvi informasiya vasitələrində, televiziya kanallarında Baş İdarənin fəaliyyətini əks etdirən məlumatlar ictimaiyyətin diqqətinə çatdırılmışdır.

 

Baş İdarə müasir dövrdə korrupsiyaya qarşı mübarizə mexanizmlərinin effektivliyinin artırılması üçün müxtəlif hüquqi tənzimləmə alətlərindən, maarifləndirmə tədbirlərindən, təcrübə mübadiləsindən, qiymətləndirmə metodologiyalarından və digər bu kimi mübarizə komponentlərindən istifadə edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, sadalanan üsul və vasitələrin köməkliyi ilə vahid antikorrupsiya strategiyası hazırlamaq hədəfə tam çatmaq anlamına gəlmir. Həqiqi uğur formalaşdırılmış strategiyanın implementasiyası, daha dəqiq desək, təcrübədə tətbiq olunma imkanıdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planları dövlətlərin bu sahədə siyasətini reallaşdırmaqda mühüm əhəmiyyət kəsb edir. Lakin  fəaliyyət planı o zaman effektli olur ki, bir qurumun deyil, fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların da korrupsiyaya qarşı mübarizə səyləri birləşdirilsin. Belə xüsusiyyət bu istiqamətdəki mübarizədə fəaliyyəti bütün dövlət strukturları ilə sistemli və əlaqəli şəkildə gerçəkləşdirməsinə şərait yaradır. Müvafiq fəaliyyət planının hazırlanmasında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti üzvlərinin və hətta beynəlxalq təşkilatların da rəy və təkliflərinin nəzərə alınması əsas şərtdir. Bunun üçün açıq sorğuların, birgə müzakirələrin keçirilməsi, təhlillərin aparılması, eyni sahə barədə fərqli mənbələrdən daxil olan məlumatların tutuşdurulması və digər bu kimi yollarla korrupsiyaya daha çox məruz qalan sahələrin və ya buna şərait yaradan normativ aktların müəyyən edilməsi, habelə bu cür neqativ halların ortadan qaldırılması üçün çıxış yolları ətraflı şəkildə nəzərdən keçirilməli, çatışmazlıqlar və onların həlli yollarının müəyyənləşdirilməsi, fəaliyyət planının qəbul olunması zamanı qarşıya qoyulan hədəflərin konkret olaraq aydın şəkildə göstərilməsi həlledici əhəmiyyətə malikdir.

Qeyd edilməlidir ki, Baş İdarə prokurorluq orqanlarının digər qurumları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında qeyd olunan tədbirlərinin icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə  düşən vəzifələrin də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmiş, bütün səylərini ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına, mü­tə­şək­kil cinayətkarlığın ən təhlükəli tə­za­hü­r­lərindən biri olan korrupsiyaya qarşı müb­a­rizənin gücləndirilməsinə yönəltmiş­dir.

Açıqlıq, şəffaflıq, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqularının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökümətin təşviqi  ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə ölkə başçısı  cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə“Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət planında ölkədə korrupsiyanın qarşısının alınması üçün konkret hədəflər göstərilmiş, dövlət qurumları tərəfindən korrupsiya risklərinin məyyən edilməsi,qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri tədbirlər planı hazırlanmışdır. Fəaliyyət Planının icrası ilə əlaqədar isə 28 aprel 2020-ci il tarixdə Baş Prokurorluq üzrə Tədbirlər Planı təsdiq edilmişdir. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi məqsədilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda və Azərbaycan Respublikası Prokurorluğunda işin təşkili, kadr və struktur islahatları üzrə 2020-ci il üçün Fəaliyyət Planında, habelə Azərbaycan Respublikasının qanunları, Baş prokurorun əmr, sərəncam və göstərişləri ilə Baş İdarə qarşısında müəyyən edilmiş vəzifələrin icrası istiqamətində zəruri tədbirlər davam etdirilir.

                                                                                                  

                                                                                                                                                         İsmayıl Ağayev,

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin

Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru

 

Respublika qəzeti, 30 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.