Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan prokurorluğu: tarixi ənənələr və yeni islahatlar mərhələsi

27.09.2020

“Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Qanunçuluğu və hüquq qaydalarını qətiyyətlə qoruyan prokurorluq orqanları dövlətin etibarlı dayaqlarından biridir. Yüksək səriştəlilik, vəzifə borcuna sədaqət və şəxsi ləyaqət bu orqanlarda qulluq keçmək üçün ən mühüm xüsusiyyətdir. Azərbaycan prokurorluğunun gənc əməkdaşları bu orqanlarda çalışanların ən yaxşı peşə ənənələrini qoruyur və zənginləşdirirlər. Ölkə vətəndaşlarının qanuni hüquq və mənafelərinin müdafiəsində, dövlətçiliyin qorunmasında, cinayətkarlığa və korrupsiyaya qarşı səmərəli mübarizədə prokurorluq orqanları əməkdaşlarının qətiyyətliliyi və əzmkarlığı mühüm əhəmiyyət kəsb edir. Prokurorluq vətəndaşların konstitusiya hüquq və azadlıqlarının real təminatı kimi dövlət və cəmiyyət həyatının bütün sahələrində qanunçuluğun bərqərar olmasında fəal rol oynayır. Prokurorluq haqqın, ədalətin keşikçisi kimi dövlətın adından çıxış etməklə və cəmiyyətin mənafeyini qorumaqla əhalinin yüksək etimadını qazanıb.

Azərbaycanın zəngin dövlətçilik ənənələri, tarixən formalaşmış milli-mənəvi dəyərləri, haqq və ədalət idealları vardır. Məhz bu amillər xalqımıza ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikasını qurmaq imkanı vermişdir. Dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda belə mütərəqqi dövlət modelinin yaradılması xalqımızın dövlətçilik şüurunun və mədəni yüksəlişinin məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti öz şərəfli missiyasını çox çətin vəziyyətdə, imkanlarının ən son həddində yerinə yetirərək, milli dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirməyə, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurmağa nail olmuşdur. Bu baxımdan qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq orqanlarının təsis edilməsi ilə bağlı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi sonrakı tarixi mərhələlərdə milli prokurorluq orqanlarının fəaliyyəti, inkişafı və indiki beynəlxalq standartlara uyğun bir səviyyəyə çatdırılmasında mühüm zəmin olmuşdur. Ulu Öndər Heydər Əliyev məhz həmin tarixi hadisəni əsas tutmaqla milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq hər il 1 oktyabrın Azərbaycan Respublikasında Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Bu, prokurorluq işçilərinin məsul və şərəfli fəaliyyətinə dövlətin və cəmiyyətin etmad və rəğbətinin bariz ifadəsidir.

Xalqımızın dövlətçilik irsinin cümhuriyyət mərhələsi qısa ömürlü olsa da, onun mövcudluğu Azərbaycanın sovet hakimiyyəti dövründə formal müstəqilliyini, əslində, imperiya xarakterli ittifaqın tərkibində belə öz dövlətçilik strukturlarının qoruyub saxlamasını şərtləndirən tarixi nailiyyət idi. Belə strukturlardan biri də prokurorluq olmuşdur. Azərbaycan SSR-də prokurorluğun fəaliyyəti respublikanın o vaxtkı ali qanunvericilik və icra hakimiyyəti orqanının Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli dekreti ilə rəsmiləşdirilmiş, 1936-cı ilin iyul ayında isə prokurorluq Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi formalaşdırılmışdır.

Azərbaycan prokurorluğunun sovet dövrü, təbii ki, ittifaq dövlətinin bu orqan üçün müəyyənləşdirdiyi fəalyyət prinsipləri ilə səciyyələnir. Siyasi baxışlarının radikallığı ilə seçilən bolşeviklər üçün prokurorluq dövlətin “cəza maşını” hesab olunur, onun bütün funksiyaları mövcud hüquq nəzəriyyəsi və praktikasından daha çox hakimiyyətin ideoloji tələblərinə uyğunlaşdırılırdı. Sovet hakimiyyətinin ilk illərində prokurorluq sinfi düşmənlə mübarizə və proletariat diktaturasının möhkəmləndirilməsi üçün bir alət rolunu oynayırdı. Keçmiş SSRİ-nin 1936-cı ildə qəbul edilən Konstitusiyasında isə prokurorluğun mərkəzləşdirilmiş sistemi təsbit olundu. Bu orqan qanunların hər yerdə eyni cür və dürüst icrasına nəzarəti həyata keçirir və özünün müstəsna səlahiyyətləri ilə dövlət idarəçiliyi iyerarxiyasında çox üstün bir mövqe tuturdu. Bu baxımdan, sovet hakimiyyəti illərində səlahiyyətləri hədsiz dərəcədə geniş olan prokurorluq orqanlarının fəaliyyəti hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır.

Bununla belə, sovet prokurorluğu sistemində də xalqımıza məxsus mənəvi-əxlaqi keyfiyyətlərə, milli dəyərlərə sadiq, savadlı və təcrübəli hüquqşünas kadrlar çalışmış, öz vəzifə borclarını namusla yerinə yetirmişlər. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmiş, 1937-1938-ci illərdə Azərbaycanda “düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş və cəzalandırılmışlar. Onların arasında respublikanın baş prokurorları, baş prokurorun müavini, rayon prokurorları olmuşdur.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, respublikamızdan 70 prokuror və 163 müstəntiq səfərbər olunaraq cəhbəyə göndərilmişlər. Onlardan bir çoxu faşizmə qarşı döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.

Sovet hakimiyyətinin 1970-80-ci illəri əhatə edən dövrü Azərbaycan prokurorluğu tarixinin şərəfli səhifəsini təşkil edir. Həmin dövrdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda apardığı əzmkar mübarizəyə prokurorluq orqanlarını fəal şəkildə cəlb etməklə yanaşı, bu orqanların kadr potensialının sadə ailələrdən çıxan bilikli və istedadlı gənc hüquqşünaslarla möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərmiş, belə gənclərin ali hüquqşünas təhsili alması üçün əlverişli şərait yaratmışdı. Ulu öndər həmin hüquqşünaslar nəslinin nümayəndələrinin müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan Prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Azərbaycan prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olmuşdur.

Prokurorluq orqanları indiki səviyyədə formalaşanadək bəzən ciddi çətinliklərlə müşayiət olunan inkişaf yolu keçmişdir. Bütün hallarda bu orqanlardakı sağlam əqidəli, milli dövlətçiliyə sadiq vətənpərvər qüvvələr xalqımızın maraq və mənafelərini qorumuş, ictimai asayişin qorunmasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfələrini verə bilmişlər. Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, siyasi bitərəflik prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun və milli maraqlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.

Müstəqil dövlətimizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazılanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Əsas Qanununda - Konstitusiyasında prokurorluğun fəaliyyətinə dair 133-cü maddə həsr edilərək, onun məhkəmə hakimiyyəti sistemində yeri müəyyən olunmuş, statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının 1999-cu il tarixli qanunu qəbul olunmaqla prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən edilmiş, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.

Ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki tarixi nitqində qeyd olunmuş, prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan Prokurorluğu həmin vaxtadək fəaliyyətində mövcud olmuş neqativ cəhətlərdən təmizlənməklə struktur və mahiyyət baxımından tam yenidən qurularaq müasir məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən, xalqımızın və milli dövlətçiliyimizin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən dövlət təsisatına çevrilmişdir.

Həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən, beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanan çoxsaylı normativ sənədlərin dövlətimizin başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin etmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli, 509 nömrəli fərmanı ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilməklə prokurorluq orqanlarına işə qəbulun şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə aparılması qaydaları müəyyən edilmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır. Bununla əlaqədar olaraq 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbul Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin işitirakı ilə aparılmaqla, mütəmadi olaraq keçirilmiş 21, o cümlədənAzərbaycan Respiblikasının Baş Prokurorluğu üzrə 12 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 9 müsabiqə nəticəsində uğur qazanmış 911 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, bu da hazırda prokurorluq işçilərinin ümumi sayının 70 faizini təşkil etmişdir.

Bu, dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onların potensialından daha geniş istifadə edilməsinin mühüm təzahürü, eyni zamanda, Prezident cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin həyata keçirilməsi üzrə görülən tədbirlərdir.

Prezident İlham Əliyev bu il mayın 1-də yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadrların peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək demişdir: “Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır”.

Cənab Prezident qəbul zamanı prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə dair bir sıra mühüm tapşırıqlar da vermişdir Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il may ayının 12-də Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatların reallaşdırıldığını, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlərin həyata keçirildiyini bildirmişdir. Həmçinin, məhkəmə-hüquq sisteminin aparılan islahatların,keyfiyyətcə yenilənmə prosesinin prokurorluq orqanlarını da əhatə edərək onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə təşkilnin zəruriliyi, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Prezident cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə Baş prokuror Kamran Əliyevin birbaşa rəhbərliyi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Belə ki, ilk olaraq, prokurorluq orqanlarında həyata keçirilən islahatların çevikliyinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun rəhbərliyində kadr islahatları aparılaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Baş prokurorun birinci müavini və müavinləri yeni çağırışlara cavab verən kadrlar hesabına yenilənmiş, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilərək müvafiq təyinat aparılmışdır. İslahatlardan əvvəl Baş prokurorun müavinlərinin orta yaş həddi 63 olmuşdursa, hazırda yeni təyinatlardan sonra orta yaş həddi 51-dir.

Azərbaycan Respublikasının Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin olunması, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilmişdir. Bu əsasda Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları məsələləri, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, bundan başqa mərkəzi aparatın 2 yeni - Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Eyni zamanda, Baş Prokurorluğun yeni strukturunda Xidməti araşdırmalar idarəsinin yaradılması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin 1 iyul 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturunda dəyişiklik edilərək, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsi və Daxili təhlükəsizlik şöbəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi yaradılmışdır.

Bakı şəhər prokurorluğunun strukturunun müasir çağırışlara cavab verməsinin təmin edilməsi və Baş Prokurorluğun strukturuna uyğunlaşdırılması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin 1 iyul 2020-ci il tarixli əmrinə əsasən Bakı şəhər prokurorluğunun yeni strukturu təsdiq olunmuş, bəzi şöbələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılmışdır.

Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror Kamran Əliyevin 6 iyul 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq edilmiş və buna uyğun təyinatlar həyata keçirilmişdir. Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılmış, idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, bəzi idarə və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri; Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması,Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılmışdır.

Bununla yanaşı, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi, dövlət ittihamının müdafiəsi sahəsində vahid təcrübənin formalaşdırılması, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun təkmilləşdirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi, eləcə də bu fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə Baş prokuror Kamran Əliyevin 10 iyul 2020-ci il tarixli əmrinə əsasən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni strukturu təsdiq edilərək, idarənin İttihamın təşkili və təhlili, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şöbələri ləğv edilərək Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələri yaradılmışdır.

Bu ilin son beş ayı ərzində həyata keçirilən kadr islahatları çərçivəsində 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunmuşdur. Həmin vəzifələrdə işləyən əməkdaşların orta yaş həddi əvvəllər 48 yaş idisə, hazırda 41 yaş təşkil edir. Rəhbər vəzifələrə təyin olunanlardan 8-i qadındır. Ümumilikdə 14 rayon və şəhər prokurorunun müaviləri dəyişilərək, müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən prokurorluq işçiləri hesabına komplektləşdirilmişdir. Son beş ay ərzində 107 prokurorluq işçisi yuxarı təsnifatlı vəzifələrə təyin olunmuşdur. Əvvəllər yuxarı təsnifatlı vəzifələrdə prokurorluq işçilərinin orta yaş həddi 46 yaşidisə, hazırda 38 yaş təşkil edir.

Azərbaycanın prokurorluq sistemində həyata keçirilən hərtərəfli islahatlarbu təsisatın fəaliyyətini müstəqil dövlətçiliyimizin hüquqi-demokratik əsaslarının daha da möhkəmlənməsinə xidmət edir.

Prezident cənab İlham Əliyev prokurorluq orqanlarının işçilərinə bundan sonra da Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etməklə yanaşı, bütün hüquq mühafizə orqanlarına tapşırıb ki, elə çalışsınlar, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.

Əminliklə deyə bilərəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da dövlətimizin başçısının müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, öz fəaliyyətini müstəqil dövlətçilik prinsipləri və milli maraqlar əsasında, müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurmaq istiqamətində səylərini daha da artıracaq, prokurorluq işçiləri üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın vüsətli inkişafına xidmət edəcəklər.

 

Natiq HÜSEYNOV,

Azərbaycan Respublikası Baş Prokurorluğunun

Kadrlar İdarəsinin rəisi,

III dərəcəli dövlət ədliyyə müşaviri.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.