Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun 102 illik şərəfli yolu

27.09.2020

Ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizamlanan Azərbaycan Prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin şanlı bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxaraq doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilib. Prokurorluq əməkdaşları dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində mühüm xidmət  göstərmişlər.

Əsrlərlə Azərbaycan xalqı şəriət qaydaları ilə idarə olunduğundan ölkəmizdə prokurorluq institutunun formalaşması çar Rusiyasının işğalından sonra mümkün olmuşdur. Rusiyada prokurorluq I Pyotrun “Baş prokuror vəzifəsi haqqında” 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri, eyni zamanda, ölkənin Baş prokuroru hesab edilmişdir. 1862-ci ildə qəbul edilən “Prokurorluq haqqında əsas müddəalar” Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarəsi yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.

1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Bundan sonra  dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi. Həmin dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında” Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Sovetlər İttifaqı zamanında hakim partiyanın siyasətinə və sinfi mənafelərinə xidmət edən qurum kimi fəaliyyət göstərən prokurorluq qanlı imperiyanın cəza maşını olmaqla yüzlərlə günahsız ziyalılımızın məhvində alət rolunu oynamışdı. Xüsusilə qeyd etmək yerinə düşər ki, həmin vaxtlar Azərbaycan SSR-də prokurorlar əsasən kənar millətlərdən idilər. Bununla belə, azaylı da olsa, Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyasında hərbi prokuror olan Əziz Əsədov,  Orta Asiya hərbi Dairəsi hərbi tribunalının sədri, briqada hərbi hüquqşünası, otuzuncu illərin əvvəllərində Orta Asiya hərbi Dairəsi üzrə hərbi Tribunalın sədri təyin edilmiş və ilk ədliyyə general-mayoru rütbəsi alanlardan biri olmuş Əjdər Xaspoladov kimi milli prokurorluq və məhkəmə kadrları formalaşırdı.

Sovetlər dönəmində belə bir deyim var idi ki, SSRİ prokurorluğu dövlət içində dövlətdir. Həmin vaxtlar BDU-nun Hüquq fakültəsinə gənclərimizin qəbul olmasında böyük əngəllər olmuş, daha çox vəzifəli şəxslərin övladları həmin fakultəyə qəbul ola bilirdi. Məhz ulu öndər Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun müdaxiləsi, prinsipiallığı nəticəsində gənclərimizin BDU-nun hüquq fakultəsinə daxil olmasında yaranan süni əngəllər aradan qaldırılmış, milli prokurorluq kadrlarının hazırlanması üçün zəmin yaranmışdır.

Müstəqilliyimizin ilk illərində , AXC-- Müsavat  hakimiyyəti dövründə ölkəni bürümüş daxili didişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurmuşdur. Bir neçə rayon prokuroru ayrı-ayrı silahlı qruplaşmalar tərəfindən şəhid edilmişdir. Xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyuldu.  Ölkənin  güc strukturları, o cümlədən prokurorluğun fəaliyyətində dönüş yarandı, bir çox təhlükəli cinayətkarlar zərərsizləşdirildi. Baş Prokurorluğun rəhbərliyi altında digər hüquq-mühafizə orqanları ilə birlikdə bir sıra xüsusilə ağır dövləti cinayətlərin istintaqı aparılmış, bəzi cinayətkarların xarici ölkələrdən respublikamıza ekstradisiya olunması təmin edilmişdir.

Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir.

Prokurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Lakin ümummilli lider Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək, 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsini reallaşdırmış və bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.

Respublikamızda hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının ardıcıl həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı.

Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında" qanunların, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ-hüquqi aktların qəbulu hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il aprelin 26- da respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən görüşdə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühitin aradan qaldırılması üçün qısa müddət ərzində mühüm tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu.

Tarixi müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi. Dövlət başçısının həmin görüşdəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da  ümummilli lider Heydər Əliyevin təklifi ilə 2002-ci ildə "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən verildi.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.

Prokurorluğun tarixində ilk dəfə 2002-ci ildə qulluğa qəbul aşkarlıq və şəffaf prosedur qaydada müsabiqə əsasında həyata keçirilmişdir. Həmin vaxtdan etibarən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına qəbulla bağlı keçirilən 20 müsabiqə nəticəsində prokurorluq işçilərinin 70 faizini təşkil edən 902 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizdə sabitlik və qanunçuluq bərqərar olunub, Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib. Buna adekvat olaraq, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş yaradılması, iş yükünün əsassız olaraq artırılmasına, bürokratizmə və lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran təcrübə və müddəaların aradan qaldırılması, şəffaflığın ən yüksək səviyyədə təmini diqqət mərkəzində saxlanılmaqla, dövlət başçımızın göstərişi və yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunda yeni islahatlara başlanılmışdır.

Belə ki, 2020-ci il mayın 1- də Prezidenti İlham Əliyevin Kamran Əliyevi Baş prokuror vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbulu zamanı bu mühüm dövlət qurumuna korrupsiyaya qarşı  mübarizədə daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılmasını tövsiyə etməsi  Prokurorluq orqanlarınında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

2020-ci il mayın 12-də Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilərək, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olunmuş, prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılmış, daha çevik, mobil və dinamik idarəetmə qabiliyyətli idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılmışdir. Bununla yanaşı idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.

Obyektiv reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf  yolu ilə  inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm  iqtisadi  əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yüksələn xətlə inkişaf edir. Respublikamız  dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdən birində olan,   mövqeyini saxlayan, bütün sahələrdə müasir məzmunlu demokratik yenidənqurma proseslərini günü-gündən sürətləndirən bir ölkəyə çevrilib. Dünya dövlətləri birliyinə daha sıx  inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Xalqımızın son illər ərzində qazandığı bütün bu uğurlar  2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında öhəyata keçirilən müasir  məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.

                                                                                                                                       İlkin MUSTAFAYEV,

                                                                                               Laçın rayon prokuroru, kiçik ədliyyə müşaviri                                                     Xalq qəzeti, 27 sentyabr 2020-ci il

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.