Şriftin ölçüsü :

Saytın rəngi :

AŞKARLIQ VƏ ŞƏFFAFLIĞIN TƏMİNİ BAŞ PROKURORLUĞUN HƏYATA KEÇİRDİYİ İSLAHATLARIN TƏRKİB HİSSƏSİDİR

25.09.2020

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələr üzrə özünü açıq şəkildə büruzə verir. Dövlət başçısının bu il mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən onun “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil” — müdrik kəlamlarının rellaşmasının artıq şahidiyik.

 

Son illər bütün sahələri əhatə edən islahatlar əhalinin həyat tərzini daha da yaxşılaşdırmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu yüksəldib, mövqeyini bir qədər də möhkəmləndirib. Dövlət idarəçiliyində yeni idarəetmə mərhələsinə keçid, yüksək intellektli, geniş dünyagörüşə malik gənclərə böyük etimad göstərilməsi bütün sahələrdə operativliyi və çevikliyi təmin edib. Uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Hətta inkişaf etmiş ölkələrdə də mütəmadi olaraq islahatlar aparılır.

Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlar yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli, şəffaf, vətəndaş-dövlət qulluqçusu münasibətlərində, iqtidar-xalq vəhdətində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəblərin aradan qaldırılmasına hüquqi baza yaradıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə, məhkəmə-hüquq sistemində aparılan islahatlar müasir idarəetmə sistemində yeni mərhələnin başlanmasını və islahatların daha da dərinləşdirilməsini zəruri edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.

Dövlətimizin başçısı Baş prokuroru videoformatda qəbul edərkən bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu diqqətə çatdırdı. Möhtərəm Prezidentimiz Azərbaycan Respublikasının Prokurorluğunun bu islahatların aparılmasında uğurlar qazanacağına ümidvar olduğunu bildirdi. Bu tövsiyə və tapşırıqlardan sonra Baş Prokurorluqda əsaslı islahatlar başlandı. Həmin islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib və qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb.  Daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Eyni zamanda, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir. Bunda da əsas məqsəd yanlış informasiyaların, şayiələrin qarşısını almaqdır. Çünki ölkə daxilində baş verən kriminal və digər hadisələr barəsində əhali müxtəlif mənbələrdən xəbər tutur.

Ölkəmizdə bütün sahələr üzrə azadlıqların təmin olunması kütləvi informasiya vasitələrində də özünü büruzə verir. Bu gün ölkəmiz bütün azadlıqlarının təmin olunmasına, müstəqil mətbuatın təsis olunmasına, sərbəst fəaliyyətinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə yaradılan şəraitə görə dünyaya nümunədir. Əhalinin 80 faizi internet istifadəçisidir. Baş Prokurorluqda aparılan islahatlar nəticəsində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə Mətbuat Xidməti yenidən qurulub. Bu sahədə əsaslı islahatlar aparılaraq əsasən, gənc, perspektivli, peşəkar və bilikli kadrlar Mətbuat Xidmətinə cəlb olunub. Qarşıya qoyulan əsas vəzifə baş verən hadisələr barəsində əhalini operativ məlumatlandırmaq, bəzi qeyri-peşəkarlar, bu sahədə naşı olanlar, bəziləri də bilərəkdən ölkədə yaradılmış demokratik şəraitdən sui- istifadə edərək yalan məlumatlar yayır, əhali arasında çaşqınlıq yaradır, baş verən hadisələri özlərinə sərf edən şəkildə yazırlar. Ona görə də qərara almışıq ki, baş verənlər barəsində operativ şəkildə doğru-dürüst məlumat yayaq. Çünki aşkarlığın və şəffaflığın təmin olunması inam və etimadı yüksəldir, şayiələrə birdəfəlik son qoyur. İdarəetmədə müasir islahatların əsas istiqamətləri şəffaflıq, aşkarlıq və vətəndaş məmnunluğudur.

Aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, həm də əsas insan və vətəndaş hüquqlarının qorunmasıdır. Artıq bununla əlaqədar Baş Prokurorluğun Mətbuat Xidmətində Tədbirlər Planı hazırlanıb və həftənin hər günü müxtəlif sahələr üzrə vətəndaşlarla ünsiyyət qurulur. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür. Bunu Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində yazılanlar da təsdiqləyir. Həmin hesablarda birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını bildirirlər.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən qeyd olunanlarla bağlı “#sözvətəndaşda” həştəqi altında videoların hazırlanaraq ictimaiyyətə təqdim olunması qərara alınmışdır. Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir. Bununla yanaşı, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə “#gununreqemi” həştəqi ilə məlumatlar yerləşdirilir.

Prokurorluq orqanları tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq “#heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunacaq. Bununla yanaşı, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə “#prokurorluqdanizah” həştəqi altında cavablandırılması həyata keçirilir.

Daha bir yenilik əvvəlcədən vətəndaşlar kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılaraq, Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilməsidir. İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınmışdır. Sessiya zamanı çoxsaylı müraciətlər daxil olmuş, həmin müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilmişdir. Hər həftənin şənbə günü isə ötən həftə paylaşılmış məlumatlarla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən videoçarx hazırlanaraq “#buhəftə” həştəqi altında ictimaiyyətə təqdim olunur. Bu qaydaların mütəmadi olaraq davam etdirilməsi qərara alınıb.

Əvvəlki illərdən fərqli olaraq bundan sonra Prokurorluq sosial şəbəkələrdə fəal olacaq. Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün daha çox ünsiyyət yaradan və fəal sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir. Bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilmişdir. Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaqdır. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir.

Bütün bunlar aşkarlığın və şəffaflığın təmin olunmasında mühüm rol oynacaq. Bu, Baş Prokurorluğun həyata keçirdiyi islahatların tərkib hissələrindən biridir. Mətbuat xidməti yalan məlumatların və şayiələrin qarşısını almaq, həmçinin aşkarlığın və şəffaflığın təmin oluması istiqamətində fəaliyyətini bundan sonra daha da gücləndirəcək.

Kənan ZEYNALOV,

Baş Prokurorluğun Mətbuat

Xidmətinin böyük prokuroru,

I dərəcəli hüquqşünas

Respublika qəzeti, 25 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.